Abel Məhərrəmov sükutu pozdu

Abel Məhərrəmov sükutu pozdu

21-11-2018 14:45 / Bu xəbər 1914 dəfə oxundu

"Allah prezidentimizin canını sağ eləsin''

Prezident İlham Əliyevin sərəncamı müzakirə olunmur, icra olunur.

"Report” xəbər verir ki, bunu jurnalistlərə hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 26 illiyi ilə bağlı tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov deyib.

A.Məhərrəmov 1999-cu ildən BDU-a rəhbərlik edib və 2018-ci il noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Mətbuatda bu qərarın səbəbi kimi A.Məhərrəmovun İspaniyada Azərbaycanın səfiri vəzifəsini tutan oğlu birlikdə qeyri-qanuni şərab biznesinin olması və Madriddə keçirilən tədbirdə sərxoş vəziyyətdə dava salması göstərilib. 

A.Məhərrəmov jurnalistlərə açıqlamasında deyib ki, yazılanlar həqiqəti əks etdirmir.

"Əfsuslar olsun ki, bəzi mətbuat orqanları mənim Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunmağımı şouya çevirmək istəyirlər, bu da düzgün deyil. Ziyalılığı, milli mentalitetimizi qorumaq lazımdır. Elm zirvəsinə qalxan adamlara dəyər vermək lazımdır. Allah prezidentimizin canını sağ eləsin. O, hər şeyə düzgün qərar verir, ona görə də sərəncamı doğru qəbul edirəm. 20 ilə yaxın idi ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsində çalışmışam. Bu müddətdə şərəflə, ləyaqətlə işləmişəm. Amma indi məsləhət oldu ki, bir qədər də istirahət edim”.

Sabiq rektor oğlu, Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov barəsində yazılanlara da münasibət bildirib: "Oğlum da mənim kimi Heydər Əliyev siyasi kursuna sədaqətlə xidmət edən adamdır. Sona qədər də belə olacaq”.