''Aqrolizinq'' Açıq Səhmdar Cəmiyyətinə 160 milyon manat ayrıldı

''Aqrolizinq'' Açıq Səhmdar Cəmiyyətinə 160 milyon manat ayrıldı

24-02-2018 15:32 / Bu xəbər 2597 dəfə oxundu

Vahid Məhərrəmli: ''Ümumiyyətlə, ''Aqrolizinq'' Açıq Səhmdar Cəmiyyəti ləğv edilməli və texnikanın gətirilməsi, satışı və təmirini müstəqil sahibkarlar həyata keçirməlidir'' 

Prezident İlham Əliyev aqrar sahənin texniki təminatının gücləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Bildirilir ki, taxılçılıq, pambıqçılıq, çəltikçilik, çayçılıq və bağçılıq kimi ənənəvi kənd təsərrüfatı sahələrinin davamlı inkişafı məqsədi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarının texnikaya, suvarma sistemləri dəstlərinə və avadanlığa ehtiyacını ödəmək məqsədi ilə prezidentin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.6.1-ci yarımbəndində göstərilmiş məbləğin 160,0 (yüz altmış) milyon manatı "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Aqrar sector üzrə ekspert Vahid Məhərəmli Meydan TV-yə uzun müddət hökumətə bu yöndə təkliflərini verdiyini xatırladaraq bildirib ki, ümumiyyətlə, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ləğv edilməli və texnikanın gətirilməsi, satışı və təmirini müstəqil sahibkarlar həyata keçirməlidir. Elə bir mühit yaradılmalıdır ki, dövlət qurumu yox, bu işləri sahibkarlar gerçəkləşdirsin.

Vahid Məhərrəmov

Vahid Məhərrəmli deyir ki, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti təsis olunandan çoxlu maliyyə resursları ilə təmin olunub. Əvvəllər "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnika almaqla bərabər aldığı maliyyə resursları ilə öz sahəsini də genişləndirəcəyini söyləyirdilər. Yəni daha çox istehsal vasitələri gətirəcək, xidmət səviyyəsini yüksəldəcək. Amma əksinə oldu, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti dövlət resurslarından asılı vəziyyətdə qaldı. Bir tərəfdən aqrar sektorda çalışanlara, fermerlərə, kəndlilərə keyfiyyətli xidmət göstərə bilmir və xidmətin qiyməti bahadır, digər tərəfdən isə dövlət büdcəsindən quruma külli miqdarda vəsait ayrılır. Deməli, "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti işini zamanın tələbinə uyğun qura bilmir. Ona görə "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti ləğv edilməli, bu xidmətlə məşğul olacaq sahibkarlar formalaşmalıdır.