Atla eşşəyin fərqi – Alimin cavabı

Atla eşşəyin fərqi – Alimin cavabı

09-04-2017 00:18 / Bu xəbər 4259 dəfə oxundu

Şahlar Göytürk
 
Araz Gündüzün "Ulaq poçtalyon deməkmiş” adlı yazısından sonra mənə çoxlu suallar ünvanlanıb. Dəqiqləşdirmək istəyirlər ki, doğrudanmı poçtalyona "ulaq” demək olar? Ulaq sözünü Mahmud Kaşğari hansı anlamda işlədib?

Araz bəy ixtisasca riyaziyyatçı olsa da dili gözəl duyur. Oxunaqlı tərcümələri var. Elə gün olmaz ki, sözlərin mənşəyi ilə bağlı nəsə yazmasın.

Amma hörmətli Araz bəy fikrini elə təqdim edib, sanki Azərbaycanda bu sözün mənasını bilən yoxmuş, halbuki həmin sözün mənaları dil tarixi ilə məşğul olan alimlərimizə çoxdan məlumdur. "Ulaq” sözünün Türkiyə türkcəsində və şivələrində çoxlu mənaları vardır: "məqsəd", "paltar yamağı", "yaramaz”, "poçtalyon”, "şagird”, "at” və s.

Araz bəy yazısında "ulaq” sözünün yalnız "qasid”, "çapar” mənasından söz açır.

Doğrudur, Himmət Uçun (Stevan Sveyqdən) tərcüməsində hadisə belə bir cümlə ilə başlayır: "5 şubat 1451 günü Edirne’den yola çıkan bir ulak Sultan Murat’ın en büyük oğlu 21 yaşındaki Manisa Sancak Beyi Mehmet’e babasının ölüm haberini getiriyor..."

Məsələyə Araz bəyin məntiqi ilə yanaşsaq, o zaman "incil” sözünün mənasını da "ulaq” şəklində izah edə bilərik.

Deyə bilərik ki, bu söz "xəbər çatdıran" anlamında işlənir. Şübhəsiz ki, bu,Türkiyə türkcəsinin xüsusiyyətidir. Bizim dili digər türk dillərindən fərqləndirən cəhətlərdən biri də məhz eyni bir sözün tarixən fərqli mənalarda işlənməsi ilə bağlıdır. Burada morfoloji, sintaktik, hətta fonetik göstəricilərin çəkisi ciddi önəm daşımır. Orta əsrlərdən üzü bəri türk dillərini tədricən bir-birindən fərqləndirən ən mühün cəhətlərdən biri leksik-semantik xüsusiyyətlər olmuşdur. Örnək gətirdiyimiz "ulaq2 sözünün də mənaları bunu deməyə əsas verir.

Bizim dilimizdə nə üçün "poçtalyon"a"ulaq” deyilməyib?

Bu gün də deyilmir və deyilə də bilməzdi, çünki adama, yəni, qasidə "ulaq” demək ən böyük həqarət sayılır. Məncə, xalqın düşüncə sistemi tarixən dilin özündə əxlaq funksiyasını yerinə yetirir. Bu, heç də başqa xalqları kiçiltmək, aşağılamaq anlamına gəlmir. Bizim üçün mənfi anlam daşıyan söz başqa bir dildə müsbət mənalarda işlənə bilir və ya əksinə...

Çağdaş dilimizin izahlı sözlüyündə ulaq sözünün iki mənası verilib. 1. Yük və ya minik heyvanı. 2. Eşşək. Uzunqulaq sözü də iki mənada işlənir: 1. Qulaqları uzun olan, uzun qulaqlı. Məs. uzunqulaq tula. 2. Eşşək.

Dilimizdə belə bir deyim var: "Dovşana qaç deyir, tazıya tut”. Etimoloq B.Əhmədov bu ifadənin mənasını belə izah edib:"Tula” sözünün hərfi mənası "uzun” deməkdir, qulağı uzun it növlərindəndir. Fars dilində buna "ta­zı” (taz taxtən, yəni sıçramaq, qaçmaq məsdərinin əsasıdır) deyirlər. Monqol di­­lində "tolay” sözü "dovşan” deməkdir. Bəlkə, tula "dovşan tutandır?”

"Uzunqulaq2 sözünün ikinci mənası isə "eşşək” deməkdir. Dilimizdə eşşək, ulaq və uzunqulaq sözləri sinonim söz kimi işlənir.

Abidələrimizdə bir-biri ilə uyuşmayan belə bir ata sözümüz var: 1.Küyəgü oğul olmaz. 2. Küyəgü qayınata torpağındandır.

Nə üçün belə deyilib?

"Küyəgü” sözü "kürəkən” sözünün qədim formalarından biridir. Küyəgü oğul olmaz, yəni kürəkəndən oğul olmaz. Belədirsə, niyə "küyəgü qayınata torpağındandır” deyimi işlədilib?

Əvvəllər başqa tayfadan qız almaq, yaxud başqa tayfaya qız vermək adəti geniş yayılmamışdı. Çünki hər bir tayfanın öz adəti, xüsusiyyəti, məişət tərzi vardı. Düşüncəyə görə, öz tayfasından qız alan və ya yad tayfaya qız verməyən, eyni dəyərlərə malik olan ailələrin bir-biri ilə qohumluğu daha etibarlı sayılardı. Görünür, "küyəgü qayınata torpağındandır” deyiminin bir mənası da bu düşüncənin məhsuludur. Hazırda həmin deyimi başqa bir məşhur ifadə əvəz edir: "Ərlə arvadın torpağı bir yerdən götürülüb”. Burada təkcə eyni tayfaya mənsubluqdan söhbət getmir, bəylə gəlinin xasiyyəti, davranışı, dünyagörüşü və s. nəzərdə tutulur.

Bəzi yerlərdə "kürəkən” sözünə giyəv, göy, gev və yeznə də deyirlər.Yeznə sözü bu gün də bəzi türk dillərində işlənir. Kaşğarinin məşhur əsərində də qeydə alınıb.

Nə üçün "xəsis" adama Azərbaycanın bəzi bölgələrində göy/göyçi deyirlər?

Burada "kürəkən” (küyəgü/gev/giyəv/göy) sözü ilə bağlı üçüncü fikir yaranır. "Kürəkən” sözü xəsislik anlayışı ifadə edib. Bu da kürəkənin qohumlarına ögey, biganə münasibəti və xəsisliyi ilə bağlı ola bilər.

Kürəkən sözünün "uzunqulaq” semantikası da var.Ola bilər ki, bu ifadə özünü apara bilməyən, kobud, kəmfürsət kürəkənlər haqqında deyilib. "Kürəkən” sözü "uzunqulaq” sözündən başqa "qul”, "kölə”, "şagird” və s. sözləri ilə də müqayisə olunub. Bunu "Oğuznamə”nin dilindən də görmək olar:

Eşəgün yoq isə, küyəgün də mi yoq?
Qulun yoğ isə, küyəgün də mi yoq?!
Kölən yoq isə, küyəgün də mi yoq?
Köpəgin yoq isə, şagirdin də mi yoq?

"Ulaq” və "eşşək” sözləri necə yaranıb?

B.Əhmədovun gəldiyi qənaətə görə,"eşşək” sözünün mənası "adam daşıyan, eli çəkən” deməkdir. Tuva dilində bu sözün əvəzinə "elçiqen” işlədilir. "Eşşək” sözü qabaqlar "işlək” kimi olub (iş görən) və sonra forma dəyişməsinə məruz qalıb və indiki səs tərkibində sabitləşib. Deməli, söz iş kəlməsi zəminində yaranıb.

Fikrimcə, "eşşək” sözü səs təqlidindən yaranıb. Hoşş/hoşşa kimi təqlidlə bağlıdır. Bu sözün "iş”lə bağlılığını inandırıcı saymıram.

M.Kaşğarinin sözlüyündə yük və minik heyvanı mənasında "eşşək” sözü "eşgək” və "eşyək” şəklində verilib. "Eşək” sözü isə "tələskən”, "ütələk” mənasında işlənib.

"Ulaq” sözünün mənşəyi isə ul/ula feili ilə bağlıdır. Bəzi sözlərin tərkibində qalaraq daşlaşıb. "Ulaşmaq” sözü ilə kökdaşdır. "İlişki” (əlaqə) sözünün etimonu da bu sözə bağlıdır. B.Əhmədovun bu sözün mənşəyi barədə gəldiyi qənaəti doğru hesab edirəm. Yazır: İlgək, ilmə sözlərindəki "il” və "ulaq” kəlməsindəki "ul” tarixi baxımdan eyni sözdür, feildir. 

Arabanın ön və arxa oxlarını birləşdirən ağaca el arasında "ulama” deyirlər. Bu da yuxarıdakılarla qohumdur. Ul (il) feili "əlaqə yaratmaq”, "bağlamaq” anlamını əks etdirir. "Ulaq” ismi "ul” feilindən əmələ gəlib və məntəqələr arasında əlaqə yaradan heyvan (nəqliyyat vasitəsi) demək olub. Qədim mənası: sifarişi çatdırmaq üçün "minilən at” demək olub.

Yeri gəlmişkən, M.Kaşğarinin sözlüyündə "ulaq” sözünün iki mənası verilib. 1. Bəyin əmri ilə çapa-çapa gedən poçtalyonun (çaparın) başqa bir ata çatıb minincəyə qədər mindiyi at. 2. Yamaq, paltar yamağı.

Göründüyü kimi, həm M.Kaşğarinin məşhur "Sözlüy”ündə, həm də B.Əhmədovun "Etimologiya lüğəti”ndə söhbət "minilən at”dan gedir.

Onda nə üçün "at”a poçtalyon, qasid, çapar deyilməlidir?

M.Kaşğari "Sözlük"də "oğuz” sözünü "türk” sözündən fərqləndirmişdir. Məlum olur ki, XI əsrə qədər bu adlar eyni anlamda işlənməyib. Bu gün "türk” dedikdə, ümumən dünyada yaşayan 300 milyonluq türk başa düşülür. Qədim türk boylarının dil xüsusiyyətlərinə ümumtürk aspektindən yanaşsaq da, fərqli cəhətləri unutmamalıyıq. Baxmayaraq ki, həm türkiyəlilərin, həm də azərbaycanlıların tarixən danışdığı dil Oğuz qrupuna daxildir.

Türkiyə türkcəsində "ulaq” sözünün "at" mənası olsa da "eşşək", "uzunqulaq" mənası olmayıb, bu səbəbdən "poçtaçı" mənası yaranıb.

Əslində atla ulağın fərqi də bundadır. Sözün etimonu ula+k şəklindədir, yəni, "çatdıran”, "qasid”,"əlaqə yaradan” deməkdir. Burada (ula) + k isimdüzəldən şəkilçidir: Fikrimcə, quruluş baxımından Sparta+k, tür+k (tür+ük) adlarında olduğu kimidir.

Bir məsələni də xatırlatmaq istərdim. Qədimdə xəbəri çatdırmaq üçün hər məntəqədə seçilmiş "yam” olardı. Bunlar sürətlə qaçan, ünvana tez yetişən "mənzil atları” idi. M.Kaşğarinin qeydə aldığı (yam, yamcik) və Türkiyə türkcəsində də işlənən "yam” sözü məhz qasidliklə bağlı sözdür. Bu söz rus dilinə də keçib.

Leksik səviyyədə ula+k və çap+ar (yamı çaparaq ünvana yetişmək) sözlərinin fərqi budur. Azərbaycanlılar tarixən çapar sözü işlədib, türkiyəlilər isə ula+k deyib. Hər iki sözdə söhbət bizim dilimizdə "eşşək" sözünün sinonimi kimi anlaşılan "ulaq” sözündən yox, atdan (yam) gedir.

Bu yazını oxuyandan sonra "Qurd nə üçün ulayır?” sualına da cavab tapmaq olar.