Avropa İttifaqının yasaqladığı xərçəng yaradan RLC “Siyəzən broyler”də?

Avropa İttifaqının yasaqladığı xərçəng yaradan RLC “Siyəzən broyler”də?

22-07-2018 15:49 / Bu xəbər 3014 dəfə oxundu

Bu gün ölkədəki broyler fabriklərinin məhsulları keyfiyyət və qiymət sarıdan çox problemlidir. 

Hər iki göstəriciyə görə, onlar xaricdən gətirilən toyuq məhsullarına uduzurlar.

Bildirilir ki, broylerlərin qoxusu onların "sirrinin” açarıdır. Bizdə isə yerli fabriklərin məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil.

Digər ölkələrin broyler toyuqlarında belə qoxu yoxdur. Məsələn, Türkiyədən idxal edilən broylerlərin əti bərk olmaqla yanaşı, qoxusuzdur.

"Xəstə quşlar yoxlanmır?"

AzEuroNews.com xəbər verir ki, hazırkı broyler toyuqlarının qablaşdırıldığı nazik materiallar qida üçün yararsızdır.

Onun tərkibində olan zərərli maddələr qidaya keçir. Polivinilxlor nazik materiallarından olan bükülmələr həmin broyler toyuqlarını təhlükəli qidaya çevirir.

İkinicisi, Azərbaycanın broyler fabriklərində toyuqlara həddən artıq hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər.

Bunun nəticəsidir ki, bizdə broyler məhsulu olan toyuqların sümükləri əksər hallarda qara, əti selikli olur, tez dağılır və yemək üçün yararsızdır.

Bu xüsusda media üzərindən axtarışlarımız zamanı "Siyəzən broyler”in barəsində qaranlıq və müəmmalı informasiyalar daha çox qarşımıza çıxdı.

Elektron KİV-lər yazırlar ki, bu müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması halları var.

""Siyəzən Broyler”in açar – qoxu"

"Siyəzən broyler” ASC-də istehsal olunan toyuq əti məhsulları keyfiyyət baxımından müasir tələbata cavab vermir.

Əhali arasında bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. Çünki fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən sanki təkrar yem kimi istifadə olunur. Yəni digər toyuqlara yedizdirilir.

Halbuki baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yüksək temperaturda yandırdıqdan sonra külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq təkrar yem kimi istifadə etmək olar.

Bu isə onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir. "Siyəzən Broyler”in istehsal etdiyi məhsulların qoxusu bir çox mətləblərin açarıdır.

Yəni ASC-nin müxtəlif dükanlarda istehlakçılara təqdim olunan məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil.

Bir sıra digər broyler toyuqlarında isə nədənsə belə qoxu olmur. Görünür, bu, "Siyəzən Broyler”in toyuqları müxtəlif kimyəvi dərmanlarla tez böyütməsilə bağlıdır”.

"Avropa İttifaqından xərçəng yaradan RLC qablara qadağa"

Mətbuatda yayılmış iddialara görə, broyler toyuqlarının bükülmə materialı insanlarda xərçəng xəstəliyi əmələ gətirən RLC əsaslı qablardır.

Avropa İttifaqının rəsmi sənədlərində göstərilir ki, RLC əsaslı qabların ərzaq məhsulları ilə təmasda olmamalıdır. Yəni məhsul belə qablarda qablaşdırılmamalıdır.

Bundan başqa, quşçuluq fabrikində toyuqlara həddən artıq hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər.

Deyilənlərə görə, "Siyəzən Broyler”də istehsal olunan toyuqların qidalandığı yemlərin tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) var.

Yəni fabrikdə keyfiyyətsiz quş yemlərindən istifadə olunur. Bu səbəbdən də məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna gətirib çıxarır. Bu isə sonda ağır fəsadlara səbəb olur.

"Fabrikin işi hüquq-mühafizə orqanlarında"

Xatırladaq ki, ötən il "Siyəzən Broyler” fabrikinin səhmdarlarının martın 4-də keçirilən illik ümumi yığıncağında elan edilib ki, külli miqdarda mal-material çatışmazlıqları səbəbindən idarəetmə müqaviləsi pozulub.

İş bununla yekunlaşmayıb. "Siyəzən Broyler” ASC-nin rəhbərliyi aşkarlanmış pozuntuların araşdırılmasından ötrü hüquq-mühafizə orqanlarına müraciət edib

Adının çəkilməsini istəməyən səhmdarlardan biri "Azadlıq” radiosuna deyib ki, barəsində şikayət olunan şəxslər arasında "Atropatena” QSC-nin İdarə Heyətinin (İH) sədri Elşad Rəsulov da var. O, 2016-cı ildə "Siyəzən Broyler” ASC-nin Müşahidə Şurasının (MŞ) sədri seçilmişdi.

2016-cı ildə "Siyəzən Broyler” fabrikində 15,8 min ton quş əti istehsal olunub. Məhsulun 1 kiloqramının maya dəyəri 2 manat 23 qəpik, orta satış qiyməti isə 2 manat 78 qəpik olub.

Satışdan 44 milyon manat vəsait daxil olub. Bununla belə, yüksək idarəetmə və satış xərcləri, eləcə də manatın məzənnəsinin xarici valyutalara nisbətən düşməsi səbəbindən SC 2,9 milyon manata yaxın zərərə uğrayıb.

 Eyyub Hüseynov: "Siyəzən broyler” dindarları aldadır”

Mediada yayılan xəbərlərdən biri də belədir ki, "Siyəzən broyler” və "Avrora” şirkətləri "AzeSERT HALAL” MMC-yə məxsus "HALAL” nişanından istifadə edir. "AzeSERT HALAL” MMC bu addımı qanunsuz hesab edir.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov

"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, "Siyəzən broyler” və "Avrora” firması dindarları aldadır, dövlətin qanunlarını pozur.

E.Hüseynov "AzeSERT HALAL” MMC-dən "Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) daxil olan məlumatlar haqda informasiya verib.

Bildirib ki, müəssisələrdə istehsal olunan məhsulların "Halal” qaydalara uyğun sertifikatlaşdırılması zamanı aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələrdə istehsal olunan məhsullara "Halal” uyğunluq sertifikatı verilməyib:

"Erməni şirkətlə əməkdaşlıq etmişlər…"

Onu da deyək ki, uzun müddətdir, Azərbaycanın quşçuluq şirkətlərilə əməkdaşlıq edən Türkiyənin "Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxmışdı.

Azərbaycandan isə bu şirkətlə təması olanlar arasında "Siyəzən Broyler”, "Bakı Quşçuluq”, "İmişli Quşçuluq”, "Səba” ASC, "Abşeron” MMC, "Şəfalı Broyler”, "İsmayıllı Quşçuluq”, "Buzovna Broyler”, "Dəvəçi Quşçuluq”, "Aqrolizinq” QSC, "Şəmkir Quşçuluq”, "İspanyolla” ticarət mərkəzi, "Hacıqabul Quşçuluq”, "Qaradaşlı Broyler” və digərlərinin adı hallanır. Adı çəkilən şirkətlər "Emre Piliç”lə əlaqələri kəsdiyini açıqlayıb.

Bu iddialarla bağlı şirkətin [email protected] elektron poçtuna sorğu göndərmişik, sorğunun cavabını işıqlandırmağa hazırıq. Bildirək ki, digər quşçuluq fabrikləri ilə bağlı araşdırmalara da başlamışıq.

Məbə: Azeuronews.com