Avropa Məhkəməsi hökuməti 65 min avrodan artıq cərimələdi

Avropa Məhkəməsi hökuməti 65 min avrodan artıq cərimələdi

13-07-2017 18:26 / Bu xəbər 1212 dəfə oxundu

İyulun 13-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı növbəti qərarlarını elan edib. 

"Abbas Fəxrəddin, Türkel Əlisoy və Niman Əsgərov Azərbaycana qarşı” işi üzrə 7 müxalifətçinin şikayəti əsasında qərar çıxarılıb.

Bu haqda Avropa Məhkəməsinin saytı xəbər verir.

Şikayətçilər 2011-2014-cü illər ərzində keçirilmiş etiraz askiyalarında saxlanılıblar. Sərvər Əbdüləli, Sahib Rüstəmli, Türkel Əlisoy, Köçəri Nağıyev, Fəxrəddin Abbas, Niman Əsgərov və Aygün Səfərli sərbəst toplaşmaq hüquqlarından yararlandıqları halda saxlanılmalarının qanunsuz olması ilə bağlı yerli məhkəmələrə müraciət etsələr də, onların şikayətləri rədd edilib.

Onlar Avropa Məhkəməsinə şikayətlərində Avropa Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunumazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması) və 11-ci (sərbəst toplaşmaq azadlığı) maddələri ilə təminat altına alınan hüquqlarının pozuntusunun tanınmasını və bunun kompensasiya edilməsini tələb ediblər.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayətçilərin sadalanan hüquqlarının pozulduğuna və hökumətin buna görə, şikayətçilərə təzminat ödəməsinə qərar verib.

Qərara görə, hökumət şikayətçilərdən Abbas Fəxrəddinə 10 min, digər 6 ərizəçiyə isə 8 min avro ödəməlidir.

Hökumət əlavə olaraq, hüquqi məsrəflər üçün N.Əsgərovun işi üzrə 1500, digər altı şikayətçinin işləri üzrə isə ümumilikdə 5800 avro kompensasiya ödəməlidir.

Qərarlar 3 aydan sonra qüvvəyə minəcək.

Avropa Məhkəməsi Azərbaycanla bağlı sonuncu qərarlarını ötən ay, iyunun 29-da açıqlamışdı. Həmin qərarlar da etiraz aksiyalarında iştirak etdiklərinə görə saxlanılmış müxalifətçilərin şikayətləri əsasında çıxarılmışdı.

Avropa Məhkəməsi gənc fəallar Aqil Əliyev, Ramin Hacılı və Müsavat Partiyasının mərhum fəalı Nərgiz Yaqubluya görə, Azərbaycan hökumətini 20 min avrodan artıq cərimələmişdi.

Avropa Məhkəməsinin bu ilin əvvəlində 2016-cı ilin yekunları ilə bağlı hesabat açıqlayıb, Azərbaycan sənəddə adı daha çox nəzərə çarpan 10 ölkədən biridir.

Hesabatda deyilir ki, Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir. Azərbaycan bu kateqoriyada 8-ci pillədə dayanır.

2015-ci ildə Azərbaycandan AİHM-ə 268, ötən ilsə 333 şikayət daxil olub.

Azərbaycan hökuməti AİHM-in bir sıra qərarlarını, məsələn, REAL sədri İlqar Məmmədov və keçmiş səhiyyə naziri Əli İnsanovun azadlığa buraxılması ilə bağlı qərarlarını yerinə yetirməyib.///azadliq.org