"Azadlıq"ın müxbiri həbsdə qaldı

12-06-2018 18:26 / Bu xəbər 2308 dəfə oxundu

Ali Məhkəmə "Azadlıq" qəzetinin həbsdəki bölgə müxbiri Ziya Əsədlinin kassasiya şikayətini təmin etməyib. 

Məhkəmə jurnalist barəsindəki hökmü ədalətli sayıb.

Müdafiə tərəfinin kassasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilirdi. 

Şikayətə bu gün, iyunun 12-də İmran Hacıqayıbovun sədrliyi ilə hakimlər kollegiyası baxıb.

İclasda jurnalistin vəkili Elçin Sadıqov çıxış edib. 

Deyib ki, aşağı məhkəmələr işlə bağlı bir sıra vacib məqamları araşdırmayıb.

Z.Əsədli özü də məhkəmədə iştirak edib. 

Heç bir cinayət törətmədiyini, haqqında çıxarılmış hökmün qanunsuz və sifarişli olduğunu bildirən jurnalist məhkəmədən xahiş edib ki, barəsində bəraət hökmü çıxarsın.

Yerində müşavirə edən məhkəmə kollegiyası isə kassasiya şikayətini rədd edib.

Vəkil E.Sadıqov məhkəmədən sonra müdafiə etdiyi şəxsin qərarla razılaşmadığını, hüquqi müdafiə tədbirlərinin davam etdiriləcəyini vurğulayıb.

"Azadlıq" qəzetinin bölgə müxbiri Z.Əsədli ötən il sentyabrın 5-də Biləsuvar Rayon Məhkəməsinin qərarı ilə 3 il həbs edilib.

Bu həbs olayı ilə bağlı ilk dəfə Z.Əsədlinin həmyerlisi, ictimai fəal Yusif Mehdixanlı məlumat yayıb. Onun deməsinə görə, həbs jurnalistin Biləsuvardakı çayxanalardan birində üzləşdiyi insidentlə bağlı olub: "Çayçı onun yanına gəlib deyib ki, çıx get burdan. O isə etiraz edib. Bildirib ki, bura çayxanadır, ictimai yerdir, çay içməyə gəlib. Telefonla danışırmış. Çayçı telefonu əlindən alıb yerə çırpıb. Ancaq çayçı məhkəmədə fərqli ifadə verdi. O dedi ki, Ziya Əsədli guya telefonu onun başına vurub".

Məhkəmədə jurnalistin yox, qarşı tərəfin dedikləri əsas götürülüb.

Z.Əsədli CM-sinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə ittiham olunub.

Həbsin sifarişli olmasi ilə bağlı deyilənlərə Biləsuvar Rayon Məhkəməsindən, yerli hüquq-mühafizə orqanları və jurnalistdən şikayət edən şəxsdən münasibət almaq mümkün olmayıb.