"Azdrama"da Poladova görə aktyora kim təzyiq edib?

07-05-2018 16:16 / Bu xəbər 7494 dəfə oxundu

"Şah Qacar” tamaşasının illərlə baş qəhrəmanını canlandıran mərhum aktyor Fuad Poladovun ölüm günü təsadüfən "Azdrama"nın səhnəsində həmin tamaşa oynanılırdı.
 
Tamaşanın sonunda teatrımızın ən qocaman aktyorlarından olan Ayşad Məmmədov Fuad Poladovun ölümünü bir daha tamaşaçılara xatırladaraq bir dəqiqəlik sükutla yad etdi. Buna görə teatrın rəhbərliyi tərəfindən ona irad bildirilməsi tamamilə yalandır.

Bu sözləri Kult.az-a Azərbaycan Dövlət Dram Teatrının aktyoru, əməkdar artist, Fuad Poladovdan sonra "Şah Qacar” tamaşasında baş rolu canlandıran Abbas Qəhrəmanov bildirib. O deyib ki, teatr rəhbərliyi tərəfindən F.Poladovun xatirəsinin tamaşaçılardan bir dəqiqəlik sükutla yad edilməsini istəyən aktyora heç bir irad bildirilməyib:

"Hər teatrda olduğu kimi, Azdramın da may repertuarı əvvəlcədən məlum idi. Tam təsadüfən gözəl sənətkar Fuad Poladovun ölüm günü bizim teatrın səhnəsində "Şah Qaçar” tamaşası oynanılırdı. Səhnəyə çıxan bütün aktyorlar Fuad Poladovun ölümünə məyus olmuşdu. Biz hansı ovqat və əhvalla tamaşanı canlandırdıq, gərək görəydiniz. Tamaşa bitdikdən sonra teatrımızın ən qocaman, ağsaqqal və sevilən aktyorlarından Ayşad Məmmədov Fuad Poladovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini tamaşaçılardan xahiş etdi.

Biz və teatrın bütün aktyorları Fuad Poladovun ölümünə çox məyus olmuşduq və tamaşa zamanı da bu hiss olunurdu. Ayşad Məmmədov tamaşanın sonunda bu məyusluğunu və kədərini onu bir daha xatırlamaqla dilə gətirdi. Bir dəqiqəlik sükutdan sonra tamaşaçılar bizim tamaşa ilə yanaşı, Fuad Poladovu da alqışladı.

Kim deyirsə ki buna görə bizim aktyorlara və Ayşad Məmmədova hər hansısa irad bildirilib, doğru demir. Mən də tamaşanın baş qəhrəmanı olaraq sona qədər orada olmuşam. Buna görə heç kəsə irad bildirilməyib, nə tamaşa zamanı, nə tamaşadan sonra. Azər Paşa Nemətov də elə bir insan deyil ki, buna görə kiməsə irad tutsun”.

A.Qəhrəmanovun sözlərinə görə, teatr kollektivi Fuad Poladovun vəfat günü də evinin qarşısında olub:

"Bizim kollektiv və rəhbərlik Fuad Poladova qarşı heç vaxt soyuq münasibət göstərməyib. Səhhətilə əlaqədar Fuad Poladov onunla əlaqə saxlamaq istəyənlərlə danışa bilmirdi. Hər kəsdən çox xahiş edərdim ki, bizim teatra, rəhbərliyə və gözəl sənərkarlarımıza dəyməsinlər. Olmayan şeyləri yazmaqla teatrın adını xoş olmayan yazılarda hallandırmasınlar”.

Kulis.az saytı mayın 5-də, aktyor Fuad Poladovun dəfn günündə oynanılan "Şah Qacar” tamaşasından sonra Akademik Milli Dram Teatrında qalmaqal yaşandığı haqda məlumat yayıb. Məlumata görə, tamaşadan sonra təzimə çıxan aktyorlardan biri Fuad Poladovu xatırlayıb və onun xatirəsinə tamaşaçılardan bir dəqiqəlik sükut xahiş edib.

Bu isə teatr rəhbərliyinin xoşuna gəlməyib və aktyoru çağıraraq, ona xüsusi xəbərdarlıq edib.

Teatrdan saytın sorğusuna cavab verən olmamışdı.