"Azərbaycan hökuməti qeyd-şərtsiz islahatlara getməlidir"

30-04-2018 18:34 / Bu xəbər 3253 dəfə oxundu

Arqument.az-ın "Bizim ekspert" rubrikasının 14-cü buraxılışında Ermənistanda baş verən hadisələri, bunun Azərbaycana və Qarabağ münaqişəsinə təsirləri və s. məsələləri müzakirə etdik. 

Qonağımız Avropa Birliyinin gənc elçisi Bəhruz Səmədovdur.

Alya Ağayeva: Bəhruz bəy, Serj Sarkisyanın istefasını Azərbaycanda fərqli qiymətləndirənlər var. Onlar hesab edirlər ki, bu olaylar Rusiyanın nəzarəti altında ilə baş verir. Siz necə düşünürsüz?

Bəhruz Səmədov: Ümumiyyətlə, ölkədə bir qism ekspertlər var ki, dünyanın istənilən yerində baş verən hadisənin, xüsusən də, inqilabın və ya xalqın ayaqlanmasının arxasında müəyyən bir qüvvənin dayandığına inanır. Adətən, bu, Qərb, SOROS-un fondları və s. olur. Bu konspiraloji nəzəriyyələrin əslində elmi nöqteyi-nəzərindən baxsaq, o qədər də gücü yoxdur. Çünki bu məsələlərə daha dərindən baxmaq lazımdır. O ki qaldı Ermınistan kontekstinə, Ermənistanda baş verən son xalq ayaqlanması, əslində, ölkənin spesifikliyindən irəli gəlir. Biz başa düşməliyik ki, Ermənistan tam demokratik olmasa da, Sarkisyanın avtokratik yönətməsinin uzun müddət altında olmasına baxmayaraq, ölkədə kifayət qədər güclü vətəndaş cəmiyyəti olub, ölkənin parlamentində həmişə müxalifət partiyaları yer ala bilib, müəyyən qədər müstəqil media fəaliyyət göstərir və ümumiyyətlə, Ermənistana qıraqdan baxanda görünür ki, gəncləri son illərdə qərbyönümlü istiqamət götürüb. Rusiyayönümlü siyasət xətti dominant olsa belə,  cəmiyyətdə kifayət qədər qərbyönümlülük tendensiyaları baş qaldırır. Hadisələri də bu kontekstdə analiz edəndə görürük ki, Sarkisyanın 3-cü dəfə hakimiyyəti defakto əlində saxlamağına xalq narazılığını bildirdi və bu baxımdan həm də müxalifətin nə qədər güclü olmasına baxmalıyıq. Bu həm də bir növ qeyri-klassik müxalifət idi. Çünki Nikol Paşinyanı biz əvvəllər tanımırdıq, ancaq onun və onun komandası çox güclü idi. Etdiklərini analiz edəndə görünür ki, çox profesional şəkildə hərəkətlər edildi və uğurun qazanılması da bu profesionallıqdan irəli gəlir. Kifayət qədər qeyri-zorakı yolla insanları küçələrə çıxara bildilər və biz bunu deyə bilmərik ki, bunu idarə edən Rusiyadır. Çünki hər nə qədər də Rusiyanın Ermənistanda gücü olsa belə, deyirlər ki, Rusiya buna müdaxilə etməyib. Rusiya bu hadisələrə müdaxilə etsə, başa düşürdük ki, kifayət qədər anti-rus mövqelər daha dominant ola bilər. Rusiya yaxşı başa düşür ki, istənilən halda, Ermənistan hakimiyyəti Qarabağ probleminə görə Rusiya ilə hesablaşmalı olacaq, istənilən halda tam qərbləşmə getməyəcək. Rusiya bunu yaxşı anladığı üçün hər hansı bir fors-major addımlar atmır. 

A.Ağayeva: Hakimiyyətin bir nəfər tərəfindən qəsb olunmasına mane olmaq Ermənistanın demokratik inkişafına necə təsir edəcək? Ölkədə korrupsiyanın, saxtakarlıqların kökü kəsiləcəkmi? Ölkədə əhalinin yaşayış səviyyəsi yüksələcəkmi?

B.Səmədov: Fikir versəniz, müxalifətin, Nikol Paşinyanın və onun komandasının istəyi budur ki, sonda tək baş nazirfin istefası ilə bu proses bitə bilməz, ümumiyyətlə, hökumət istefa etməlidir, Karapetyandan da razı deyillər, parlamentin buraxılmasını tələb edirlər, o cümlədən də, çox vacib bir məqam var ki, onlar elitanın hakimiyyətdən, ümumiyyətlə, siyasətdən  uzaqlaşmasını tələb edirlər. Yəni Ermənistanda olan oliqarxlar öz bizneslərini davam etsinlər, ancaq heç bir halda siyasətə qarışmasınlar. Siyasi və biznes həyatı bir-birindən ayrı inkişaf etməlidir. Bu düşüncənin Ermənistanda tərəfdaşı çoxdur. Ölkənin gənclər naziri də istefa verdi və keçdi müxalifətin tərəfinə. Şəxsə  mənim fikrim belədir ki, istənilən halda Ermənistanda bir nəfərin hakimliyi olmayacaq. Bu dövr Ermənistan üçün qapanıb. Gələcəkdə belə görürəm ki, koalisiyalar yaradılacaq və koalisiyaların hakimiyyəti olacaq. Cəmiyyətdə pluralizmin daha da güclənməsinə gətirib çıxaracaq. Çox güman ki, bu iqtisadi baxımdan Ermənistana, bu ölkədəki yaşayış səviyyəsinə yaxşı təsir edəcək.

A.Ağayeva: Ermənistanda baş verənlərin Azərbaycana hər hansı bir təsiri olacaqmı?

B.Səmədov: Hakimiyyətə iddia edən yeni qüvvələrin Qarabağla bağlı hər hansı bir güzəşt mövqeyində olacağını düşünmək yanlışlıq olardı. Çünki Qarabağ məsələsi ermənilər üçün kimlik məsələsidir. Qarabağ məsələsini güzəşətə gedək deyən qüvvə, o cümlədən, Qarabağ Azərbaycanın tərkibində bir muxtariyyət olaraq qalsın deyən bir qüvvə marginallaşmış qüvvə olmaq təhlükəsi ilə qarşı qarşıya ola bilər. Nikol Paşinyanın geniş kütlələr arasında dəstək tapmış hərəkatı bu cür iddialar etməyə risk etməz və etmir də. Onların mövqeyi də bundan əvvəl hakimiyyətdə olmuş qüvvələrin mövqeyi kimidir. Onlar belə deyirlər ki, Dağlıq Qarabağ müstəqil respublika kimi 3-cü tərəf olmalıdır danışıqlarda. Biz Azərbaycana təsirlə bağlı sualda əlavə olaraq onu da deyim ki, demokratikləşmiş bir Ermənistan öz mövqelərini dünya səviyyəsində daha yaxşı müdafiə edə bilər və imici daha yaxşı olduqda Azərbaycanın vəziyyəti çətinləşə bilər. Bunu Azərbaycan hökuməti nəzərə almalıdır, qeyd-şərtsiz islahatlara getməlidir. Dünyada olan imicini müsbətə doğru dəyişməyə can atmalıdır.

Alya Ağayeva
Arqument.Az