Azərbaycan prezidenti pop ulduzlarını demokratiyadan üstün tutur

Azərbaycan prezidenti pop ulduzlarını demokratiyadan üstün tutur

11-04-2018 17:12 / Bu xəbər 3119 dəfə oxundu

Diktatorun əl kitabındakı birinci qayda: Seçkidə başqalarının sizə meydan oxumasına icazə verməyin.

İkinci qayda: Birinci qaydadan canınızı qurtarmaq üçün məşhur qərbli əyləncə adamlarını cəlb etmək məqsədilə xalqın sərvətini xərcləyin. Atasından demokratiyaya olan nifrətini miras alan qüdrətli insanın oğlu prezident İlham Əliyev Lady Gaga, daha sonra isə Mariah Careyi ölkəyə dəvət etdi. İndi isə Əliyev aprelin 28-də Formula 1 Azərbaycan Qran Prisi üçün estrada ulduzu Kristina Aguileranı sifariş verib.

Bu, aprelin 11-də keçiriləcək prezident seçkisindən təxminən 2 həftə sonra baş tutacaq. Cənab Əliyev Azərbaycanda demokratiyanı hərtərəfli boğdu, belə ki, o, böyük bir fərqlə dördüncü müddətə seçiləcək. Kampaniya qeyri-rəqabət şəraitində yürüdülür. İki müxalifət partiyası boykot çağırışı edir. Cənab Əliyevin vaxtından 6 ay öncə seçki təyin etməsinin səbəbi ola bilsin ki, avtomobil yarışından öncə seçkilərin keçirilməsini istəməsidir.

Cənab Əliyev kölgədə qalan nüfuzunu bəzəmək üçün səxavətlə pul xərcləməyə heç vaxt tərəddüd etmədi. O, ötən il azərbaycanlı jurnalistlərə yüzlərlə pulsuz mənzil verdi. Etibarlı redaktorlardan biri bunun rüşvət olduğunu dedi.

"Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı" təşkilatının "Azərbaycanın pulyuyan maşını” adlı araşdırmasında göstərilir ki, cənab Əliyev və digər azərbaycanlı elita avropalı siyasətçilərə verilən rüşvətləri, hədiyyə edilən lüks əşyaları, yuyulan pulları və digər özlərinin faydalandıqları sərvətlərini gizlətmək məqsədilə xarici ölkələrdəki balıqqulağı şirkətlərdən istifadə ediblər. Bakıda bütün xərclərin qarşılandığı konfransa gələn ABŞ Konqresinin 10 üzvü və 32 nəfər heyət üzvü üçün Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə içki məclisi keçirilib və onlara ipək şallar, kristal çay dəstləri və Azərbaycan xalçaları hədiyyə edilib.

Əgər xanım Aguileranın vaxtı varsa, Azərbaycanın həbsxanalarına baş çəkə bilər. Jurnalistləri Müdafiə Komitəsinin məlumatına görə, Azərbaycan jurnalistlərin həbs olunmasına görə siyahıda ən pis yeri tutub və dekabr ayında sonuncu araşdırma başa çatdıqdan sonra ən azı 10 nəfər həbs olunub. Bəlkə də o, Əliyev ailəsinin mülklərini araşdırdığı üçün həbs edilən cəsarətli jurnalist Xədicə İsmayılovadan Azərbaycanla bağlı reallıqları öyrənmək üçün bir az vaxt ayıra bilər. Ya da bəlkə xanım Aguliera 2013-cü ildə keçirilən prezident seçkilərində iştirak edəcəyini elan etdikdən dərhal sonra həbs olunan, Əliyevə məşhur alternativ İlqar Məmmədovu ziyarət edə bilər. Cənab Məmmədov iğtişaşa çağırış etməkdə günahlandırılıb və yalançı məhkəmə prosesindən sonra yeddi il həbs cəzasına məhkum edilib. Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsini qeyri-qanuni hesab edir. Lakin, o, hələ də həbsədədir.

Mənbə: Vaşinqton post
Çevirdi: Meydan.Tv