''Azərbaycana qoyulan xarici sərmayələr 31 faiz azalıb''

''Azərbaycana qoyulan xarici sərmayələr 31 faiz azalıb''

20-04-2018 17:10 / Bu xəbər 2192 dəfə oxundu

İqtisadçı: ''Bunu heç nə ilə izah etmək olmaz''
 
"Xarici sərmayədarlar Azərbaycanda duruş gətirmir. Sərmayələrini ölkədən çıxarırlar”.

İqtisadçı Nemət Əliyev belə deyir.

Xarici sərmayədarların sərmayələrini Azərbaycandan çıxarmasının nədir səbəbi?

Nemət Əliyev deyir ki, yüksək tribunalardan xalqa inkişaf nağılları söyləyənlərdən heç kim bunun açıqlamasını verə bilməz:

"2018-ci ilin I rübündə Azərbaycana qoyulan xarici sərmayələr ötən ilə nəzərən 31 faiz və ya 361 milyon dollar azalıb. 2015-ci ilin I rübü ilə müqayisədə göstərici 811 milyon dollar (50 faiz) azalıb. Bunu heç nə ilə izah etmək olmaz”.

İqtisadçı son 4 il ərzində ölkəyə yatırılan xarici sərmayələrin miqdarını da açıqlayıb.

2018-ci ilin I rübündə 816 milyon dollar; 
2017-ci ilin I rübündə 1177 milyon dollar;
2016-cı ilin I rübündə 1243 milyon dollar;
2015-ci ilin I rübündə 1627 milyon dollar.

Nemət Əliyev deyir ki, dinamikadan göründüyü kimi 2015-ci ildən sonra Azərbaycana yönələn xarici sərmayələr bir qayda olaraq azala-azala gedib.

"Son 10 ildə Azərbaycana 230 milyard dollar sərmayə yatırılıb. Biz nəinki öz ölkəmizə, region ölkələrinə də sərmayə yatırırıq”.

Bu sözləri isə Azərbaycan prezidenti İlham Əliyev martın 15-də keçirilən VI Qlobal Bakı Forumunun açılış mərasimində deyib.

Yanvarın 29-da "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda İlham Əliyev deyib:

"Ölkə iqtisadiyyatına 231 mlrd sərmayə qoyulub. Onu da deməliyəm ki, müstəqillik dövründə Azərbaycana yatırılan sərmayələrin 93 faizi son 14 ildə qoyulmuşdur”.

- İqtisadiyyat nazirinin müavini Sahil Babayev 2017-ci il oktyabrın 24-də Bakıda "Beynəlxalq investisiya siyasətləri: irəliyə doğru” mövzusunda keçirilən beynəlxalq investisiya konfransında deyib:

Sahil Babayev

"1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 233,5 mlrd dollar həcmində investisiya qoyulub. Bunun 111 mlrd dollarını xarici investisiyalar təşkil edir”.

- 11 fevral 2016-cı ildə Baş nazirin müavini İsmət Abasov ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət nazirinin müavini Jolt Çutoranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib:

"Ötən 12 ildə ölkəmizin iqtisadiyyatına 200 mlrd dollar sərmayə qoyulub. Bunun 100 mlrd dolları xarici sərmayədir”.///meydan.tv