Azərbaycanın 10 milyard dollara yaxın borcu var

Azərbaycanın 10 milyard dollara yaxın borcu var

15-02-2018 00:33 / Bu xəbər 2551 dəfə oxundu

İqtisadçı: ''Açıqlanan rəqəm az deyil, əksinə kifayət qədərdir''

Azərbaycanın 10 milyard dollara yaxın xarici borcu var. Bu barədə Maliyyə Nazirliyi fevralın 14-də açıqlama yayıb. 

Bildirilib ki, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar təşkil edib. Borc manatla ifadədə 16 milyarda yaxındır.

Nazirlik xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin 22.8 faiz olduğunu bildirir. 2017-ci il üçün hesablanmış ÜDM-in məbləği isə 70,135.1 milyon manat olub.

2017-ci ilin ortalarında açıqlanmış rəsmi bilgilərdə Azərbaycanın həmin ilin iyul ayına olan xarici dövlət borcunun 12,208.5 milyon manat (7,172.6 milyon dollar) olduğu bildirilirdi.

Həmin vaxt xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM-ə) olan nisbəti 18.9 faiz idi.

Yeni açıqlanmış rəqəmlərlə müqayisədə dövlət borcunun yarım ildə 2 milyard dollardan çox artdığı görünür.

2017-ci ilin yanvarında isə xarici dövlət borcu 12 milyard 241 milyondan artıq (6 milyard 913,2 milyon ABŞ dolları) idi.

İllik müqayisədə xarici dövlət borcu 4 milyard manata qədər artıb.

İqtisadçı Rövşən Ağayev Meydan TV-yə deyib ki, indiki xarici borc həddi təhlükəli olmasa da, son illərin artım tempi sürətlənib:

Rövşən Ağayev

"Neft böhranı olan dövr, yəni 2015-ci ilə kimi Azərbaycanın xarici borcunun Ümumi Daxili Məhsulda payı 7-8 faiz idisə, hazırda 22 faiz həddindədir. İkinci, xarici borc artımı elə bir dövrə təsadüf edir ki, neft bazarının gələcəyi ilə bağlı qeyri-müəyyənliklər var. 2008-2014-cü illərdə olduğu kimi gələn böyük neft pullarının təkrarlanacağı şübhə altındadır. Təhlükə ondadır ki, borclarımızın sürətlə artması xarici valyutada gəlirlərin kəskin az olduğu dövrə düşür. Üçüncü məqam odur ki, bu borclar heç də dövlət statistikasını tam əhatə etmir. Ümumiyyətlə, Azərbaycanın xarici borc statistikasının təsnifatında problem var. Məsələn, Rusiyada borclar deyiləndə yalnız dövlət borcları nəzərdə tutulmur, burda dövlət sektoru bütövlükdə götürülür. Azərbaycanda isə hökumətin aldığı və zəmanət verdiyi borclar nəzərdə tutulur”.

R.Ağayevin sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun "60 faizə qədər ÜDM-də kritik hədd deyil” açıqlaması inkişaf etmiş dövlətlərə aiddir. İnkişaf etməkdə olan dövlətlərdə 40 faiz kritik hədd sayılır: "Bu mənada Azərbaycanın dövlət sektorunu da götürsək, açıqlanan rəqəm az deyil, əksinə kifayət qədərdir”.