AzTV sədrinə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə ümumilikdə 57 il cəza istənilib

AzTV sədrinə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə ümumilikdə 57 il cəza istənilib

10-07-2018 17:03 / Bu xəbər 202 dəfə oxundu

Dövlət ittihamçısı çıxış etdi

"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanovun Şamaxıda aldığı onlarla torpaq sahələri, kənd təsərrüfatıyla məşğul olmaq üçün texnikası da daxil olmaqla, 4.5 milyonluq əmlakı və pulunun ələ keçirilməsi, onun özü və yaxınlarını öldürmək cəhdi ilə bağlı məhkəmə prosesi başa çatır. Artıq məhkəmə istintaqı yekunlaşıb və iyulun 10-da dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən dörd nəfərə 57 il cəza istəyib.

Təqsirləndirilən şəxslərdən Şücaət Əkbərova 18 il, Qoçəli Cəbiyevə 16 il, Zöhrab Şirinova 17 il, Aqşin Hüseynova isə 6 il azadlıqdan məhrumetmə cəzası verilməsi təklif olunub.

Dövlət ittihamçısı cəzaların ciddi rejimli müəssisədə çəkilməsini, təqsirləndirilən şəxslərin istintaq zamanı üzərinə həbs qoyulmuş əmlaklarının (ev, maşın) müsadirə edilərək, AzTV sədrinə dəymiş ziyanın ödənilməsinə yönəldilməsini istəyib.

Təqsirləndirilən şəxslərdən yalnız Aqşin Hüseynov özünü qismən günahkar sayıb. Həmçinin digər təqsirləndirilən şəxslərin əleyhinə ifadə verib. O, məhkəmə zalında digər üç nəfərdən ayrı saxlanılır. Məhkəmənin gedişində də onların arasında dəfələrlə mübahisə yaranıb.

Arif Alışanovun özü ilə yanaşı, qızı Nigar Alışanova, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayev də zərərçəkmiş qismində tanınıb. Özü və qızı məhkəməyə gəlməsə də, sürücüsü və bacısı oğlu hər iclasda iştirak edib. Prokurordan sonra onlar çıxış edərək onunla razılaşdıqlarını bildiriblər. Əlavə olaraq, məhkəmədən təqsirləndirilən Aqşin Hüseynova yüngül cəza verilməsini xahiş ediblər.

A.Alışanovun nümayəndəsi Zaur Abbasov da AzTV sədrinin Aqşin Hüseynovdan şikayətçi olmadığını bildirib və ona yüngül cəza istəyib.

Digər təqsirləndirilən şəxslərə gəlincə, Z.Abbasov prokurorun istədiyi cəza ilə razılaşıb: "Onlar törətdikləri əməldən peşman deyillər. Məhkəmədə Arif Alışanovun ünvanına nalayiq ifadələr səsləndiriblər. Arif Alışanov onlardan şikayətçidir".

Z.Abbasov 5 milyonluq mülki iddialarının da təmin olunmasını xahiş edib.

İyulun 13-də keçiriləcək növbəti məhkəmə iclasında vəkillərin müdafiə çıxışı olacaq.

İttihama görə, Şücayət Əkbərov Alışanovun əmlakını ələ keçirmək məqsədilə Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdan ibarət dəstə yaradıb. Ş.Əkbərov bunun müqabilində qətlin müqabilində Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib. Prosesin gedişində M.Namazov bu barədə polisə xəbər verib. Bundan sonra əməliyyat keçirilib və digər dörd nəfər həbs olunub. M.Namazov özü isə məsuliyyətdən azad edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 178 (dələduzluq), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.

Ş.Əkbərov ittihamı qəbul etmir. Bildirir ki, Alışanovun Şamaxının kəndlərindən birində dağda gənc qızı öldürüb doğrmasının şahidi olub. Onun sözlərinə görə, AzTV sədri bunu ört-basdır eləmək üçün şahid kimi onu təcrid eləmək, ləkələyib inamsızlıq yaratmaq istəyir. Bu məqsədlə də ona böhtan atır.

A.Alışanovun vəkili isə qətl iddiasını rədd edib, bunu təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmaq üçün AzTV sədrinə böhtan atması kimi dəyərləndirib.///Meydan.tv