"Bahalaşma göz qabağındadır"

06-03-2017 20:34 / Bu xəbər 3117 dəfə oxundu

"Mart ayının 15-də FED-in növbəti toplantısı olacaq. Qurumun başçısının son çıxışında faiz artımının çox yüksək olacağı qeyd olundu. Ola bilər ki, sistem növbəti dəfə faizi artırsın. Bu proses Azərbaycandan da yan keçməyəcək. Ən azından qonşu ölkələrin məzənnələrində dəyişiklik olacaqsa, bu istər-istəməz Azərbaycana da təsirsiz ötüşməyəcək”. 

Bunu Toplum.Tv-yə iqtisadçı ekspert Natiq Cəfərli manatın məzənnəsində gözlənilən dəyişiklikləri və ölkədəki bahalaşmanı şərh edərkən deyib. 

"Hökumətin yanlış siyasətinin nəticəsidir"

Natiq Cəfərli bildirib ki, neftin qiymətinin aşağı düşməsi manatın məzənnəsinə mənfi təsirləri olacaq: "Artıq bir həftədə neftin qiyməti 3 % aşağı düşüb. Bu gün də enməkdə davam edir. Martın 15-i FED faiz dərəcəsini qaldırsa, manatın dəyər itirməsinin şahidi olacağıq. Bu da ölkənin valyuta ehtiyatlarına təsir göstərəcək. Ölkəyə valyuta daxil olmalarına olan təsirlər də birbaşa manata təsir göstərəcək. Bu, xarici fondur. Xaricdə baş verən məsələlərin Azərbaycana təsiridir. Daxili təsirlərə gəlincə, ölkə ciddi şəkildə idxaldan asılılığıdır. Mərkəzi Bank hələ ki yeganə çıxış yolu kimi manat dövriyyəsinin azaldılmasını görür. Bu isə Azərbaycanda çox zəif olan iqtisadi aktivliyi daha da mənfiyə doğru dəyişir. Uzun müddət bunun davam edə bilməyəcəyi açıq görünür. Əgər bir müddət də davam etsə, iqtisadi aktivlik azalacaq, bu da iş yerlərinin qapanmasına, insanların gəlirlərinin azalmasına gətirib çıxaracaq. Nəticədə Mərkəzi Bank manatın dövriyyəsinin azaldılması sevdasından əl çəkməyə məcbur olacaq. Onu da deyim ki, FED bu il elan etdiyi kimi, faizi artırsa, bu, ümumiyyətlə bütün dünyada, həmçinin Azərbaycanda dolların məzənnənin kəskin dəyişməsinə səbəb olacaq". 
Картинки по запросу Natiq Cəfərli
Manata təsir edən digər amillərə də toxunan ekspert əlavə edib ki, nə daxili istehsalımız, nə gəlirlərimiz, nə qeyri-neft sektorunun ixracı artıb, əksinə azalıb: "Bütün bunlar manata olan basqıların gələcəkdə daha da sürətlənməsinə gətirib çıxaracaq. Yaxın həftələrdə manat yenidən 1.90 1.95 səviyyəsinə geri qayıdacaq". 

Ölkədə son günlər məhsulların qiymətinin bahalaşmasına gəlincə, ekspert deyib ki, bunun obyektiv və subyektiv səbəbləri var: "Obyektiv səbəblər dediyim kimi, idaxldan asıllılıqdır. Subyektiv səbəblərdən biri isə bayramla əlaqədardır. Təlabat artır, yerli məhsullar bazara çıxarılmadığından, idxaldan asılılıq artır. Bəzi məhsul növlərində isə qiymətin artması, hökumətin yanlış siyasətinin nəticəsidir. Məsələn ət məhsullarından olan toyuq ətinə qiymətin artması. Hökumət gömrük rüsumunu artırdı. Bu da xaricdən gələn məhsullara qiymətin artması ilə yanaşı, daxili istehsalçıların da sui-istifadə qiyməti artırmasına gətirib çıxardı. Qoyun əti və mal ətinə gəldikdə isə pambıq sahələrinin genişləndirilməsi ilə bağlı qərar, yem tədarükü üçün nəzərdə tutulan sahələrin başqa məqsədlə istifadə olunmasına və yem tədarükünün azalmasına gətirdi. Bu da yem qiymətlərinin artması ilə nəticələndi. Dolayı yolla bu da mal və qoyun ətinin qiymətinin artmasına gətirib çıxardı”. 

Ekspert manatın durumu və ölkədəki bahalaşmanı hökumətin yanlış siyasəti ilə əlaqələnirməklə yanaşı, hesab edir ki,  bu həm də daxildən və xaricdən iqtisadiyyatımıza olan basqılarla bağlıdır: "Bütün bunlar manatın daha da dəyərdən düşməsinə gətirib çıxaracaq. Ən azından may ayında yerli məhsul çıxana qədər qiymətlərin daha sürətlə artmasına təkan verəcək amillərdən birinə çevirəcək”.

"Bahalaşma göz qabağındadır" 
Image result for Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov isə bahalaşmanın hər gün müşahidə olunduğunu deyib: "Bahalaşma göz qabağındadır, bu da bayramla əlaqədardır. Sahibkarlar bundan istifdə edib qiymətləri qaldırırlar. Hazırada İqtisadiyyat Nazirliyi belə hallara yol verməmək üçün çalışır. Manatın taleyinə gəldikdə isə son vaxtlar manat qorunub saxlanmağa çalışılır. Bu, Mərkəzi Bankın öhdəliyidir. Manat yığışdırılır ki, dövriyyədə manat çox olmasın.  Bu isə uzun müddət davam edə bilməz. Bu da iqtisadi aktivliyi aşağı salır. Ona görə gec-tez pul qıtlığını aradan qaldırmaq lazımdır”. 
 
Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) martın 7-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Belə ki, USD/AZN rəsmi məzənnəsi 1,7548 səviyyəsində müəyyən olunub.

Gülzar N. Məmmədli