Bakı Baş Gömrük İdarəsində yoxlamalar aparılır?

Bakı Baş Gömrük İdarəsində yoxlamalar aparılır?

12-01-2017 02:06 / Bu xəbər 5632 dəfə oxundu

Gömrük Komitəsinin sədri general Aydın Əliyevin əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Sərhəd Keçid Məntəqələrinin rəislərinin işdən çıxarılması xbərindən sonra mediada daha bir ilginc məlumat yayılıb. 
 
Qlobal.az-ın yaydığı məlumata görə, ölkə başçısı İlham Əliyevin gömrük sisteminin şəffaflaşdırılması istiqamətində verdiyi ciddi tapşırıqlardan sonra qurumda yoxlamalar başlayıb. 

Sayt yazır ki, hazırda Bakı Şəhər Baş Gömrük İdarəsində aparılan daxili audit yekunlaşmaq üzrədir. 

Yoxlamalar zamanı isə Bakı Şəhər Baş Gömrük İdarəsində kifayət qədər qanun pozuntularının olduğu iddia olunur. 
 
Yaxın zamanlarda yoxlamaların yekun nəticəsi barədə rəsmi məlumatların veriləcəyi də gözlənilir.Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi isə general-mayor Vüsal Novruzovdur.

Qeyd edək ki, ötən gün Azərbaycan Dövlət Gömrük Komitəsində ciddi kadr dəyişiklikləri aparılıb.
 
Arqument.az xəbər verir ki, komitə sədri, general Aydın Əliyevin əmri ilə işlərində verdiyi ciddi nöqsanlara görə bir sıra vəzifəli şəxslərin gömrük orqanlarındakı fəaliyyətlərinə xitam verilib.
 
Belə ki, Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi, Əməliyyat idarəsinin rəis müavini Ceyhun Fərzəliyev, Əməliyyat-Axtarış şöbəsinin rəisi Malik Əliyev, eləcə də Biləsuvar və Astara Gömrük İdarələrinin rəisləri işdən çıxarılıb.
 
Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayevi Elçin Quliyev əvəzləyib.   
 
Astara Gömrük İdarəsinin rəisi Sücəddin Hüseynovun yerinə isə Mirmahmud Miratayev təyin edilib.
  
Qeyd edək ki, Gömrük orqanlarından uzaqlaşdırılan Biləsuvar Gömrük İdarəsinin rəisi İlqar Abdullayev Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının rəisi, general İlham Abdullayevin qardaşıdır.

Arqument.Az