Bakı Şəhər İcra Hakimiyyəti yağışın fəsadlarına görə "Azərsu"yu ittiham edib

Bakı Şəhər İcra Hakimiyyəti yağışın fəsadlarına görə

24-09-2018 15:44 / Bu xəbər 2259 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti sentyabrın 23-də şəhərin mərkəzi küçələrini su basmasına görə məsuliyyəti "Azərsu" ASC-nin üzərinə qoyub

İH-nin mətbuat xidmətinin məlumatında deyilir ki, ən çox şəhərin mərkəzi küçələrini və prospektləri, zirzəmiləri su basıb.

40 dəqiqə ərzində Bakıya 21 mm. (aylıq normanın 22%-i) yağıntı düşüb. Nərimanov rayonunda bu göstərici 191 faiz olub.

Bildirilir ki, şəhər meriyası, "Azərsu" və FHN leysanın nəticələrinin aradan qaldırılması üçün tədbirlər görüblər. Leysan kəsilən kimi mərkəzi ərazilərdən su yığılıb, küçələr torpaq və zibildən təmizlənib.

"Eyni zamanda bəzi təbii səbəblərlə yanaşı, texniki səbəblər də olub, əsasən son illər ucaldılan çoxsaylı hündürmərtəbəli binalar. Digər tərəfdən, "Azərsu"yun (supaylaşdırıcı və kanalizasiya sistemi üzrə operator) kollektorlarının boyük həcmdə suyu qəbul etməyə gücü çatmayıb.

Nerftçilər prospekti boyunca kollektora yağış sularının nəqli üçün evakuasiya xətlərinin gec açılması da əlavə problem yaradıb. "Azərsu" gələcəkdə bu cür hallara yol verməmək üçün əlavə tədbirlər görməlidir", məlumatda qeyd olunur.

Sentyabrın 23-də səhər saatlarından başlayan yağış Bakının mərkəzi küçələrindən tutmuş kənar qəsəbələrəcən gölməçələr yaradıb. Fövqəladə Hallar Nazirliyi bildirib ki, Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin, küçə və prospektlərin, fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, başqa obyektlərin yağış suları ilə dolması barədə "112” qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.

"Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələrinin yağıntı suları ilə dolmuş ərazilərə cəlb olunması həyata keçirilib. Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın müxtəlif rayonlarında suçəkmə işlərinin görülməsini davam etdirir”, -məlumatda vurğulanır.

Həmçinin yağışlı hava şəraiti bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Güclü yağış nəticəsində metronun "Nizami” stansiyası yaxınlığında köhnə yaşayış binasının eyvanı da uçub. Hadisə yerinə polislər gəlib, lakin sakinlər bildirir ki, onlar FHN-ə məlumat versələr də, bir səs çıxmayıb.

"Burada qəzalı vəziyyətdə olan, 112 ilin binasının eyvanı uçub. Evlər də pis vəziyyətdədir, suyun içindədir. Heç kim qulaq asmır. Bakı Şəhər İcra Hakimiyyətinə də, Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik. Ancaq səsimizi eşidən yoxdur. Qızın az qala başına düşəcəkdi eyvan. Nə vaxt bunlar ölçü götürəcəklər?” – deyə bina sakini Arifə Kərimova gileylənir.

Nazirlər Kabinetinin sərəncamına əsasən, Bakı şəhərində kanalizasiya və yağış suları infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 2017-ci ilin dövlət büdcəsindən "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 14,7 milyon manat vəsait ayrılıb.///Meydan.Tv