Bakıda körpələr evinə gətirilən ərzaqlar hara daşınır? - VİDEO

Bakıda körpələr evinə gətirilən ərzaqlar hara daşınır? - VİDEO

01-05-2018 10:34 / Bu xəbər 2932 dəfə oxundu

Bakıda 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayılıb.

Videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı görünür.

Görüntüləri müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında paylaşıb.

O bildirib ki, körpələr evindəki bu hadisə ilə dəfələrlə qarşılaşıb:

"Bu mənzərə ilə artıq bir neçə dəfədir ki, qarşılaşıram. Bura 1 saylı körpələr evinin həyətidir. Bu videonu çəkməkdə məqsədim odur ki, hər dəfə bura xeyli bazarlıqlar- geyimlər, yeməklər, şirniyyatlar, qoyun ətləri, bir sözlə hər şey gəlir. Kimə gəlir? Oradakı körpələrə! Amma o uşaqlar bunların 10 faizini görür. Niyə?! Çünki 1 gün sonra o bazarlıqlar maşınlara doldurulur və harasa gedir. Sadəcə mənə bir vətəndaş olaraq çox maraqlıdır... O bazarlıqları siz hara aparırsınız? Düşünürəm ki, cavabı hər kəs bilir. Amma yenə də biz soruşaq görək hara gedir? Bəlkə də, açıqlaması var”.

Körpələr evinin baş həkimi Nəhayət Əliyeva "Qafqazinfo”ya açıqlama verərək bildirib ki, avtomobillə daşınan ərzaq məhsulları yox, yataq dəstləri və dəsmallardır. Baş həkim bu dəstlərin dəyişdirilmək və ya yuyulmaq üçün aparıldığını açıqlayıb.

Onun sözlərinə görə, körpələrə aid ərzaqların daşınmasını iddia etmək böyük cinayət olmaqla yanaşı, günahdır. Bu səbəbdən yayılan video yanlış qələmə verilib:

"Bura nazirlik tərəfindən ciddi nəzarət olunur. Bu səbəbdən uşaqlara məxsus ərzaqların və digər məhsulların mənimsənilməsindən söhbət gedə bilməz. Bu, yolverilməzdir”.