Bakıda vətəndaş taksiyə minərkən polis tərəfindən saxlanılıb

Bakıda vətəndaş taksiyə minərkən polis tərəfindən saxlanılıb

08-11-2018 19:07 / Bu xəbər 3137 dəfə oxundu

Noyabrın 8-də Bakı sakini Zaur Rövşənli polisə müqavimət ittihamı ilə saxlanılıb. 

Bu barədə Arqument.Az-a Z.Rövşənli özü məlumat verib.

O bildirib ki, saat 18:00 radələrində "Koroğlu" metrosstansiyası yaxınlığında taksiyə minərkən polis onu saxlayıb. 

Zaur Rövşənli deyib ki, o, polisin bu hərəkətinin qanunsuz olduğunu, vətəndaşlarla bu cür rəftarın yolverilməz olduğunu sakit şəkildə ifadə etdikdə, onu zorla maşına mindirib 25-ci Polis Bölməsinə aparıblar. 

Onun sözlərinə görə, ondan Dövlət Yol Polisinin (DYP) tağım komandiri Zaur Məmmədov şikayət edib. 

Z. Rövşənli gecə 25-ci Polis Bölməsində saxlanılıb. 

Arqument.Az-ın məhkəmədə iştirak əməkdaşı xəbər verir ki, noyabrın 8-də Nizami Rayon Məhkəməsində işə baxılıb. Tağım komandiri digər DYP əməkdaşlarını şahid qismində cəlb edərək Z.Rövşənlinin əleyhinə çıxış etdirib.


Z. Rövşənli isə məhkəmədə özünü təqsirli bilməyib, hər hansı qanunsuz hərəkət etmədiyini və heç bir polis əməkdaşına qarşı müqavimət göstərmədiyini deyib. 

O, hakimdən barəsində ədalətli qərar çıxarmağı xahiş edib, lakin onun öz vəkili ilə təmin olunmasına da şərait yaradılmayıb. 

Məhkəmə prosesi isə qapalı keçirilib, ailə üzvlərinin və yaxınlarının iştirakına icazə verilməyib. 

Nəticədə Nizami Rayon Məhkəməsinin qərarı ilə Z. Rövşənli (İnzibati Xətallar Məcəlləsinin 535.1 maddəsi ilə) 10 sutka həbs edilib.

Z. Rövşənli D18 Hərəkatının üzvüdür.