“Bəli, Siyavuş Novruzov, etibarnaməmiz var!..” - Elman Fəttahdan cavab

“Bəli, Siyavuş Novruzov, etibarnaməmiz var!..” - Elman Fəttahdan cavab

17-11-2017 16:33 / Bu xəbər 2833 dəfə oxundu

YAP icra katibinin müavini Siyavuş Novruzov bu gün Milli Məclisdə Müsavat Partiyası haqqında ritorik sual səsləndirib. 

Siyavuş Novruzov Müsavat Partiyasının Azərbaycan xalqının tarixi olduğunu etiraf edib. 

"Bu, Azərbaycan xalqının tarixidir. Bu, Azərbaycana məxsusdur. Kimsə adı götürüb həminki dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Bugünkü Müsavatla ovaxtkı Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxt bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm”, – Siyavuş Novruzov deyib. 

Müsavat başqanının müavini Elman Fəttah hakimiyyət təmsilçisinin ritorik sualına cavab verib. 

"Bəli, Siyavuş Novruzov, belə bir etibarnamə verilib. Məmmədəmin Rəsulzadənin silahdaşları olmuş insanlar, Müsavatı və müstəqil Azərbaycan ideyasını mühacirətdə yaşadan insanlar partiyanı sizin liderinizə yox, bu adı götürmək təşəbbüsündə olan başqa qurumlara yox, məhz İsa Qəmbər başda olmaqla Azərbaycanın müstəqilliyinin bərpa olunmasında həlledici rol oynamış insanlara etibar ediblər”, – Elman Fəttah "Basta” əməkdaşı ilə söhbətində deyib.

"Azərbaycan hakimiyyəti "Müsavat Partiyasının Müsavat Partiyasına dəxli yoxdur” kimi gülməli fikirləri tutuquşu kimi təkrarlamaqla məşğuldur. Bu fikirlərin heç bir əsası yoxdur. Müsavat 1911-ci ildə yaranıb. 1920-ci ilə kimi Azərbaycanda fəaliyyət göstərib. Bundan sonra mühacirətdə fəaliyyətini davam etdirib. Partiya xətm olunmayıb və fəaliyyətinə heç vaxt fasilə verməyib. 1936-cı ildə Polşada Müsavatın 2-ci qurultayı keçirilib, partiyanın nizamnaməsi və proqramı yenilənib”, – Elman Fəttah bildirib.

Elman Fəttah qeyd edib ki, partiyanın fasiləsiz fəaliyyət göstərməsinin daha bir sübutu mühacirət dövründə Müsavata növbə ilə 4 başqanın seçilməsidir: "Başqanlar seçilib, Divan daim fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra isə Müsavat Partiyasının rəhbərləri, Rəsulzadənin silahdaşları 3-cü (bərpa) qurultayının Təşkilat Komitəsinin üzvləri olaraq fəaliyyət göstəriblər və bu qurultayda İsa Qəmbər başqan seçildikdən sonra partiyanın sənədlərini, möhürünü ona təhvil veriblər”.

Elman Fəttah əlavə edib ki, bu məsələ bir dəfə Azərbaycanda məhkəmə çəkişməsinin də predmeti olub və Müsavatın xeyrinə qərar çıxarılıb: "Əgər Siyavuş Novruzova maraqlıdırsa, Heydər Əliyevin dövründə bu məsələ ilə bağlı çıxan məhkəmə qərarına baxsın. Həmin qərarda da, "o Müsavat Partiyası ilə bu Müsavat Partiyası” yanaşmasının yanlış olduğu, indiki Müsavat Partiyasının Azərbaycan Xalq Cümhuriyyətini quran partiyanın davamı olduğu aydın görünür”.