Bəzi peşə müəllimlərinin maaşı artır

Bəzi peşə müəllimlərinin maaşı artır

17-01-2018 19:43 / Bu xəbər 3615 dəfə oxundu

Sərəncamla həftəlik dərs yükü norması 1,5 dəfə çoxalır

Azərbaycanın ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin əmək haqları artırılıb.

Yanvarın 17-də dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam verib.

Sərəncamla diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Nazirlər Kabinetinə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin aylıq vəzifə maaşlarının sxemini və məbləğlərini on beş gün müddətində təsdiq etmək tapşırılıb.

Diaqnostik qiymətləndirmədən sonra Təhsil Nazirliyinin keçirdiyi mərkəzləşdirilmiş müsabiqə yolu ilə ilk peşə-ixtisas təhsili müəssisələrinə işə qəbul edilən, idarəetmə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilər bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış işçilərə bərabər tutulacaq.

Sərəncam 2018-ci il yanvarın 1-dən tətbiq edilir.

Təhsil eksperti Kamran Əsədov deyir ki, bura dərs yükü ilə yanaşı vəzifə maaşları və elmi dərəcələrə görə maaşa əlavələrin də artırılması nəzərdə tutulur:

"Məsələn, əvvəl dərs yükü 12 saat götürülürdüsə və buna görə müəllim stajından asılı olaraq, tutaq ki, 160 manat maaş alırdısa, sərəncama əsasən, həftəlik dərs yükü 18 saat, əmək haqqı isə dəsr yükü artdığına görə 260 manat olacaq. Peşə məktəblərində nəzəri biliklər ilə yanaşı praktik biliklər və bacarıqlar da öyrədilir. Burada kimsə dülgər, usta və ya hansısa texniki vəzifə daşıyır. Vəzifə maaşı dedikdə, bunlar nəzərdə tutulur. Əgər vəzifəyə görə müəllim usta kimi 100 manat alırdısa, bundan sonra 200 manat olacaq. Bura həmçinin elmi dərəcələr, drektor, müavin və s. kimi vəzifələrə görə verilən maaşlar daxildir”.

Nazirlər Kabinetinin qərarı ilə Bakı, Gəncə və Qəbələdə yerləşən 34 ilk peşə-ixtisas təhsili müəssisəsi şəbəkəsinin rasionallaşdırılması həyata keçirilib və 14 ixtisaslaşmış Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb.

2018-ci il yanvarın 1-dən ötən ilin may-aprel aylarında diaqnostik qiymətləndirilmədən keçən 42 minə yaxın müəllimin əmək haqqı artırılıb. Bu barədə "Sputnik”-ə Təhsil Nazirliyindən məlumat verilib:

"Azərbaycan Respublikası prezidentinin Sərəncamına uyğun olaraq mərkəzləşdirilmiş müsabiqə yolu ilə dövlət ümumi təhsil müəssisələrinə işə qəbul olunan müəllimlər diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərə bərabər tutulur. Bu qərara əsasən, 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanından uğurla keçib, təyin olunan 6 minə yaxın müəllimin də əmək haqqı artırılıb".

2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub.