"Bu o deməkdir ki, universitetlər tələbələri intihara sövq edirlər” - Ekspert

20-01-2018 16:16 / Bu xəbər 2312 dəfə oxundu

Bir neçə üniversitetdə təhsil haqlarını ödəyə bilməyən tələbələr imtahanlara buraxılmır. 

Artıq bir neçə tələbə sosial şəbəkələrdə imtahana qatıla bilmədiyini yazıb. 

Dövlət Gömrük Akademiyasında təhsil alan Kamil Manafov deyir ki, tələbələr ödəniş etmədiyi halda nəinki imtahana, hətta dərsə də buraxılmırlar: "Düşünürəm ki, universitetlərdə ödənişli əsaslarla təhsil alan hər tələbəyə müəyyən güzəştlər edilməlidir. Oxuduğum Dövlət Gömrük Akademiyasında qanunlar digər ali məktəblərə nisbətən daha fərqlidir, biz dərs ili başlayanda artıq təhsil haqqının yarısını ödəyirik, ödəməyənlər isə dərsə buraxılmırlar. Buna görə mən dəfələrlə öz şikayətimi universitet rəhbərliyinə bildirmişəm, ancaq nəticəsi olmayıb”. 

Tələbə deyir ki, ailələrin maddi durumunu nəzərə alsaq, valideynlər və tələbələr ödənişi  vaxtında ödəməkdə çətinlik çəkirlər: "Bu hal universitetlərin çoxunda belədir və tələbə ödənişi etmədikdə dərsə, yaxud imtahana buraxılmır. Düşünürəm ki, tələbə universitetə gedəndə fikrini təhsil haqqına deyil, dərslərinə yönəltməlidir. Universitet belə problemlər yaratdıqda tələbə heç dərsə buraxılmır, qaldı ki, dərs haqda düşünsün”.

Azərbaycan Dillər Universitetinin (ADU) tələbəsi Ülkər Məmmədova isə bildirir ki, universitet tələbələrə təhsil haqqını bir neçə dəfəyə ödəmək imkanı yaradır: "İmkanı zəif olan uşaqların ödəniş etməsinə vaxt versələr də, təhsil haqqını semestr imtahanlarından əvvəl ödəməli oluruq, rektor tez- tez dəyişdiyinə görə hər il yeni qaydaya öyrəşmək çətin olur. Elə vaxt olur ki, gəlib imtahandan çıxarırlar, elə vaxt da olur heç nə demirlər. Rektorumuzun yeni qaydalarına görə tələbələrə problem yaratmırlar, ödənişi gecikdirənləri də imtahana buraxırlar”.

ADU-nun mətbuat xidmətinin rəhbəri Ağa Cəfərlinin də universitetdə bu sahədə problem olmadığını deyir. 

Onun sözlərinə görə, yeni qaydalara əsasən təhsil haqqını 4, yaxud 6 dəfəyə ödəmək mümkündür: "Təhsil haqqını ödəyə bilməyən tələbələr imtahana buraxılırlar, bu barədə tələbələrə problem yaradılmır”. 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın sözlərinə görə, sözügedən ali məktəbdə də ödənişlərlə bağlı hər hansı problem yoxdur: "İndiyə qədər təhsil haqqını ödəməklə bağlı problem yaşamamışıq, tələbələrimiz təhsil haqqını ödəmədən də imtahana buraxılırlar”.

Təhsil üzrə ekspert Kamran Əsədov bildirir ki, əslində, tələbələr təhsil haqqını ödəməsələr belə, imtahana buraxılmalıdırlar: "Ali təhsil müəssisələri haqqında qanun layihəsi tam şəkildə qəbul edilmədiyinə görə tələbələrin təhsil haqqını ödəməsində ciddi problemlər var. Hazırki qanunvericiliyə uyğun olaraq tələbələr universitetə daxil olduqları zaman ilk ilin ödənişini tam etməlidirlər, növbəti ildən etibarən isə ödənişi hissə-hissə ödəyə bilərlər. Əgər universitet tələbəni semestr dərslərinə buraxıbsa, imtahanlara da buraxmalıdır”. 

"Qanunvericilik tələb edir ki, tələbə oxuduğu semestrin imtahanlarına girməlidir. Tələbəni semestr imtahanına buraxmamaq qanunvericiliyə və insan hüquqlarına ziddir. Tələbə universitetin kapitalıdır və universitet ona şərait yaratmadığı halda öz kapitalını itirə bilər. Dünya təcrübəsində tələbələr universitetə daxil olduqda ancaq bir semestrin pulunu ödəyir əgər dərslərdən razı qalsa ikinci semestrin də ödənişini edib dərslərinə davam edir. Bəzi Universitetlər tələbələri imtahana ona görə buraxmır ki, tələbə məcbur qalıb ödənişi etsin. Bu, tələbələrə qarşı zorakılıqdır və bu o deməkdir ki, universitetlər gəlir əldə etmək üçün insanları cinayətə və intihara sövq edirlər”, - ekspert deyir. 

Lalə İsgəndərli
Toplum.Tv