Böyük Britaniya rusiyalı diplomatları ölkədən çıxarır

Böyük Britaniya rusiyalı diplomatları ölkədən çıxarır

14-03-2018 18:33 / Bu xəbər 2569 dəfə oxundu

Teresa Mey: ''Rusiya ilə bütün əlaqələri dayandırırıq''

Böyük Britaniyanın Baş naziri Teresa Mey martın 14-də parlamentdə çıxışı zamanı Moskvanı hazırda Böyük Britaniyada yaşayan rus kəşfiyyatçısı Sergey Skripalın və qızı Yulia Skripalın zəhərlənməsində ittiham edib.

"Assosiated Press”-in məlumatına görə, Baş nazir Rusiyaya qarşı ilk addım kimi 23 rus diplomatın ölkədən çıxarıldığının başladığını açıqlayıb.

Xanım Mey rusiyalı diplomatları kəşfiyyatçı adlandırıb və onlara ölkəni tərk etmək üçün 1 həftə vaxt verildiyini söyləyib:

"Bu iyrənc əmələ görə cavabdeh Rusiyadır. Ruslara izahat üçün vaxt verdik, onlar bu məhlulun Böyük Britaniyaya necə düşdüyünü izah edə bilərdilər. Amma bizə sarkazmla reaksiya verdilər və ittihamları inkar etdilər. Heç bir şübhə yoxdur ki, Rusiya hökuməti cənab Skripala və onun qızına qarşı sui-qəsddə günahkardır”.

Teresa Mey ölkəsinin Rusiya ilə bütün əlaqələri dayandırdığını bəyan edib:

"Eyni zamanda, Rusiyadan Böyük Britaniyaya və Böyük Britaniyadan Rusiyaya səfərlər zamanı gömrükdə yoxlamalar artırılacaq”.

2010-cu ildə Böyük Britaniyada oturum alan Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya martın 4-də Solsberidə ticarət mərkəzinin yaxınlığındakı skamyada halsız halda tapılıb. Onlar zəhərlənmə ilə xəstəxanaya çatdırılıb.

Teresa Mey

Hadisədə xəsarət alanların sayı 20-dən çoxdur.Onların arasında yerinə ilk çatan polis zabiti Nik Beyli də var.

London Skripalın zəhərlənməsini sui-qəsd cəhdi kimi qiymətləndirib.

Mətbuat üçün yayılan məlumata görə, Böyük Britaniya belə bir nəticəyə gəlib ki, cənab Skripal və onun qızı Rusiya tərəfindən hazırlanmış silah növü olan "Noviçok" adlı əsəb-sinir sisteminə təsir edən kimyəvi maddə ilə zəhərlənib. 

"Bu nəticə Porton Dounda yerləşən Müdafiə Elmləri və Texnologiya Laborotoriyasının ekspertləri tərəfindən "Noviçok" kimyəvi maddəsinin müəyyən olunmasına, eləcə də Rusiyanın dövlət sui-qəsdləri və onun qarşı tərəfə keçənləri ciddi hədəf kimi görməsi barədə qiymətləndirməmizə əsaslanır”.

Rusiya tərəfi hadisə barədə əlavə məlumat olmadığını və istintaqla əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə Böyük Britaniya Baş nazirinin "Sergey Lavrov nazir postuna layiq deyil" açıqlamasına belə cavab verib:

"Tereza, Lavrov Rusiyanın naziridir, Britaniyanın yox. Nazir kimi qiyməti də ona Rusiya prezidenti verir. Başa düşürəm ki, başqa cür düşünmək istəyirsiniz. Lakin sizin nazir Boris Consondur"