Cəbhəçilərin həbs müddəti uzadıldı

Cəbhəçilərin həbs müddəti uzadıldı

13-11-2018 18:58 / Bu xəbər 1262 dəfə oxundu

AXCP üzvlərinin həbs müddəti uzadılıb

Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rustamov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalları Babək Həsənov, Ruslan Nəsirli , Aqil Məhərrəmli və Vidadi Rüstəmlinin həbs-qətimkan tədbirinin vaxtı uzadılıb.

Bu barədə AXCP gənclər komitəsinin idarə heyətinin üzvü Turan İbrahim məlumat yayıb.

T. İbrahim bildirib ki, onların həbs-qətimkan tədbiri 7 mart 2019-cu il tarixinə qədər uzadılıb.

AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov, partiyanın Gənclər Komitəsinin üzvü Ruslan Nəsirli və Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli mayın 25-də həbs olunub. 

Onlar Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovla birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar.

İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, onlar da pulları alıb partiya rəhbərinə çatdırıblar.

AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib və həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Əli Kərimli deyib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar. S.Rüstəmov ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.

Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Pərvanə Qurbanlı
Toplum Tv