Dövlət büdcəsi hesabına tikilən Rusiya sərhədinə qədər yol pullu olacaq

Dövlət büdcəsi hesabına tikilən Rusiya sərhədinə qədər yol pullu olacaq

22-02-2018 16:56 / Bu xəbər 675 dəfə oxundu

Nazim Bəydəmirli: ''Xalqın vergiləri ilə salınan yolları ödənişli etmək ancaq ''islahatçı hökumət''in işi ola bilər''

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunun ödənişli olacağını bildirib.

Saleh Məmmədov bu il qarşıya qoyulan əsas vəzifə həmin avtomobil yolunun tikintisi olduğunu deyib:

Layihə çərçivəsində Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya Federasiyası sərhədinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur.

Saleh Məmmədov

Beləliklə, dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq. 119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir. Yolun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq Gəndob yaşayış məntəqəsinə qədər olan hissəsinin 1-ci texniki dərəcəyə uyğun tikilməsi nəzərdə tutulur.

Yola hər hansı maneənin çıxmasının qarşısını almaq üçün körpü və birləşmələr inşa ediləcək, yol hər iki tərəfdən çəpərlənəcək. Əsas qəsəbə və rayon mərkəzlərindən magistrala giriş-çıxış yolları çəkiləcək. Bu işlər tam başa çatdıqdan sonra yolun ümumi uzunluğunun 157 kilometr təşkil edəcəyi gözlənilir. Layihələndirilən magistral yol əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir.

Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi və səsboğucu qurğuların quraşdırılması nəzərdə tutulur.

APA-nın verdiyi xəbərə əsasən, S.Məmmədov bildirib ki, gələcəkdə bu yoldan istifadə Azərbaycanda ilk dəfə ödənişli yol kimi nəzərdə tutulur. Artıq yolun tikintisinə başlanıldığını bildirib və əlavə edib ki, 2020-ci ilin əvvəlinə tikintisinin başa çatdırılması gözlənilir. 

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə yeni yolun tikintisi üçün 150 milyon manat pul ayırıb. 

İqtisadçı-alim Nazim Bəydəmirli Meydan TV-yə xatırladıb ki, o deputat olan illərdə Milli Məclisdə avtomobil yollarının ödənişli olması barədə müzakirələr keçirilib:

"O zaman fikirlər hələ rüşeym halındaydı, mən də daxil olmaqla iqtisadçı həmkarlarımız bildirdi ki, əgər büdcə hesabına hər hansı layihə gerçəkləşirsə, bunu sonradan ödənişli etmək qanunvericiliyə və məntiqə cavab vermir. Onsuz da illər boyu avtomobil yollarına kifayət qədər dövlət vəsaitləri xərclənib. Xalqın rifahı üçün xərclənəcək vəsait dövlət Neft Fondundan dövlət büdcəsinə transfer edilib və yol infrastruktur layihələrinə yönəlib. Təxminən 20 milyarddan çox vəsaitdir. Bu halda xalqın vergiləri ilə salınan yolları ödənişli etmək ancaq "islahatçı hökumət”in işi ola bilər”.

O hesab edir ki, son illər müxtəlif "yol xəritələri”, yaxud islahatlardan danışanların ödənişli yol müəllifləri dövlət vəsaitləri hesabına şəxsi biznes istəklərini qurmaq niyyətlərini ortaya qoyurlar.

"Şübhəsiz, əgər layihə gerçəkləşərsə, yolların istismarı və cari xərclər adı ilə yenə də "pul silmək” adı ilə məşğul olacaqlar. Deyəcəklər ki, yolların çəkilişinə həm xaricdən kredit resursları cəlb olunmuşdur, halbuki, ödənişlər ciddi şəkildə artır. Eyni zamanda, büdcənin hesabına həmin vəsaitlər "silinmişdi”. Dəfələrlə bu barədə KİV-də və sosial şəbəkələrdə video-foto faktlar paylaşılıb, araşdırmalar dərc olunub. Sübut olunub ki, ayrılan vəsaitin 40 faizi məqsədlər üçün xərclənmir”.

Xarici təcrübəyə gəldikdə, Nazim Bəydəmirli qonşu Türkiyə və İranı xatırladıb:

"Adları çəkilən ölkələrdə belə layihələr özəl şirkətlər tərəfindən həyata keçirilir və onlara müxtəlif güzəştlər tətbiq olunur. Belə layihələr Avropa ölkələrində də gerçəkləşdirilir və bu təcrübə geniş yayıldığından öyrənmək imkanları var”.

Nazim Bəydəmirli

Digər tərəfdən iqtisadçının dediyinə görə, magistral yollar ödənişli olursa, pulsuz alternativ yol da təmin edilir.

"Özüm belə yollardan çox istifadə etdiyimdən araşdırma aparmışam. Tam əminliklə deyirəm, bu, növbəti korrupsiya layihəsidir ki, Avtomobil Yolları Dövlət Agentliyinin "təcrübəsi” ilə həyata keçəcək. Adi bir misal, Gədəbəyin Şınıx bölgəsində çəkilmiş Qaravəllilər yolunun 30 faizi 3-5 ay sonra sıradan çıxdı, indi daha bərbaddır. Azərbaycanda biznes mühiti o qədər əlverişli olmalıdır ki, bu tipli layihələri yerli və xarici şirkətlər məmnuniyyətlə həyata keçirə bilsinlər, hətta bunun üçün bizə bonus da ödəsinlər. Məncə hökumət biznes mühitinin yaxşılaşdırılması və sahibkarlığın inkişafı üçün yeni islahatlar aparmalıdır, nəinki "əcaib” təkliflərə meydan vermək”.