"Əgər İslam həmrəyliyi olsaydı..." - MÜNASİBƏT

11-01-2017 19:37 / Bu xəbər 2608 dəfə oxundu

Prezidenti İlham Əliyev 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi ili" elan edib.

Dövlət başçısı bunu yanvarın 10-u Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Qeyd edək ki, ötən il Azərbaycanda "Multikulturalizm ili" elan edilmişdi. 

Maraqlıdır, "Multikulturalizm ili" Azərbaycanda nə ilə yadda qaldı və "İslam həmrəyliyi ili"ndən gözləntilər nədir?  

Altay Göyüşov: ""Multikulturalizm ili" də süni idi, "İslam həmrəyliyi ili" də sünidir”.
Related image
Siyasi şərhçi Altay Göyüşov Toplum TV-yə bildirib ki, "Multikulturalizm ili" kimi "İslam həmrəyliyi ili" də süni olacaq: "Keçən il "Multikulturalizm ili" kimi nəzərdə tutulurdu ki, müxtəlif dinlərarası münasibətlər nöqteyi-nəzərdən Azərbaycan bir nümunə kimi təqdim olundu. Bu il isə "İslam həmrəyliy ili" ilində bilavasitə İslam dini tarixində Azərbaycanda tarixən formalaşmış sünni-şiə münasbətləri nümunə kimi təqdim olunur. Bu, bir az süni məsələdir. Yəni "Multikulturalizm ili" süni olduğu kimi, "İslam həmrəyliyi ili" də sünidir. Çünki Azərbaycan həmişə tolerantlıq nöqteyi-nəzərdən nümunə kimi göstərilə bilər. Amma məsələ burasındadır ki, bizim tolerantlıq, multikulturalizm, həmrəylik anlayışımız müasir dövrdə formalaşmış, müasir dövrdə gəlişmiş, inkişaf etmiş həmin o anlayışlardan çox-çox geridə qalıb. O standartlardan baxanda Azərbaycanda nə multikulturalizm var, nə də tolerantlıq. Məsələn, keçən ilin axırında metroda bir nəfər afrikalıya olan münasibəti, yəqin ki, yadınıza gəlir, futbol meydanlarında tez-tez baş verən hadisələr, elə öz şəxsi həyatımızdan da nümunələr verə bilərik. Azərbaycanda tolerantlıq anlayışı bir az fərqlidir. Mən demirəm ki, Azərbaycanda tolerantlıq yoxdur. Amma məsələ burasındadır ki, maarifçilik baxımından Azərbaycanda tolerantlıq anlayışı çox-çox geridə qalıb. İkinci tərəfdən isə Azərbaycan ümumiliyyətlə muhafizəkar bir cəmiyyətdir. Ona görə də Azərbaycanda çox saylı problemlər var ki, biz inkişaf etmiş ölkələrdən, müasir mədəniyyətin oturuşduğu ölkələrdən geridə qalırıq. Bu məsələrin bu cür təqdim olunması da süni xarakter daşıyır, amma biz buna öyrəşmişik. Bizdə hər şey bir cür təqdim olunur, reallıqda isə vəziyyət köklü sürətdə ondan fərqlənir”.

Zərdüşt Əlizadə: "Cəhənnəmə gedən yol, xoş niyyətlərlə döşənib” 
Politoloq Zərdüşt Əlizadə isə məsələni şərh edərkən bildirib ki, İslam dünyasındakı mövcud durumla İslam həmrəyliyi kimi fikirlər ziddiyyət təşkil edir: "Belə bir məsəl var: "Cəhənnəmə gedən yol, xoş niyyətlərlə döşənib". İnsanlar xoş şey tələb edirlər, amma əməllərində buna riayət etmirlər. Məsələn, Azərbaycan xalqının belə bir bayramı var: 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü. Azərbaycanda isə həmrəylik yoxdur, amma bayramını qeyd edirlər. İndi də 2017-ci ilə elan edilən "İslam həmrəyliyi ili" həmin şeydir. Müsəlman ölkələri bölünürlər, vuruşurlar, boğuşurlar, müharibə aparırlar. Səudiyyə Yəməni bombalayır, Səudiyyə ilə Qətər Suriyanı dağıdan terrorçulara pul verir. Türkiyə qoşunların yeridib Suriyaya, İraqa. İraqda sünnilər şiələrlə vuruşurlar və bütün İslam dünyası rəzalət içindədir. 2017-ci ilin "İslam həmrəyliy ili" elan edilməsi də cəhənnəmə gedən və xoş niyyətlə döşənmiş yoldur”.

"İslam həmrəyliyi olsaydı, İran Ermənistana yardım etməzdi"

Deputat Elman Məmmədov isə ümumilikdə İslam dünyasının səhvlərinə toxunub: "İslam həmrəyliyi məsələsi bizim çox arzu etdiyimiz bir problemdir. Ancaq bu arzular, istəklər sözdə qalmamalıdır. Kaş sözün həqiqi mənasında dünyada İslam həmrəyliyi baş tutaydı. Onda dünya İslamın humanistliyinin, tərəqqipərvərliyinin, mütərəqqiliyin üzünü görəydi. Ancaq bu gün biz İslam dünyasında nə görürük? Bu gün İslam dünyasında həmrəyliydən başqa hər şey görürük. Bütün İslam ölkələri, bir-birinə qonşu olan müsəlman dövlətləri arasında olan münasibətlərə, müharibələrə, münaqişələrə, toqquşmalara, ziddiyyətlərə diqqət edin. Allah qismət etsin, biz bunun əksini, yəni həqiqi İslam həmrəyliyini görək. Bir misal deyim: əgər sözün həqiqi mənasında İslam həmrəyliyi olsa idi, müqəddəs kitabımızın, bizi yaradanın, peyğəmbərimizin dediyinə əməl etsəydik, cənub qonşumuz İran İslam Respublikası Ermənistana yardım etməzdi. Baxın, hələ bu dövlətin adında "İslam" sözü də var. Burada yaşayan insanların, istər biz azərbaycanlılar, istər türklər, istər farslar, İslam dinindən olan müsəlman ümmətini kim qırıb? Təbii ki, ermənilər. Bizə qarşı soyqırımı törədiblər. Amma bu gün ermənilərin ən yaxın dostu, ən yaxın sirdaşı, ən yaxın qardaşı, erməniləri yaşadan, onlara kömək edən 2 dövlət varsa, onlardan biri İrandır. İslam həmrəyliyindən danışırıqsa, İraqdakı, Suriyadakı, Yəməndəki hadisələrə baxaq. Görün nəyin üstündə biz bir-birimizi qırırıq: təriqətlər üstündə, məzhəb üstündə, sünnilik, şiəlik üstündə. Müsəlman dünyasının 3-4 ən böyük ölkəsindən ikisi İran və Türkiyədir. Təriqətlərlə bağlı, məzhəblərlə bağlı görün nə qədər uzun illərdir ki, bu iki ölkə arasında sözün həqiqi mənasında, bir həmrəylik, dostluq yarana bilmir". 
Image result for Elman Məmmədov
"İndi cənab prezidentimiz bu ili "İslam həmrəyliyi ili" elan etdi. Allah qismət etsin, arzumuz çin olsun. Doğrudan həmrəylik olsun. Ölkəmizdə "İslam həmrəylik oyunları" da keçiriləcək. Çox arzu edərdim ki, İslam həmrəyliyi baş tutsun, müsəlman dünyasının birliyi olsun, gücümüz olsun. Müsəlman dünyası olaraq İslam dini dünyaya gələndən bizə düşmən kəsilən xristian dünyasının qarşısında güc olduğumuzu göstərə, "biz də varıq" deyə bilək. Onlara deyə bilə ki, bəsdirin bizi qırdınız, dağıtdınız, məhv elədiniz, başımıza müsibətlər açdınız. Ancaq çox təəssüf ki, bu günə qədər bunları görə bilməmişik. İnşallah Allah qismət etsin görək”, - deputat bildirib. 

Qeyd edək ki,  bu il Azərbaycan IV İslam Həmrəyliyi Oyunları - Bakı 2017-yə ev sahibliyi edəcək. Belə ki, 2013-cü il iyulun 23-24-də Səudiyyə Ərəbistanının Ciddi şəhərində İHİF-in 8-ci Baş Assambleyasında 4-cü İslam Həmrəyliyi Oyunlarının ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi barədə qərar qəbul edilib. 

2013-cü il sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyanın Palembanq şəhərində keçirilən III İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi zamanı İHİF-in bayrağı Azərbaycana verilib.

Əli Zeynal