"Əhmədlinin kanalizasiya sistemi tamamilə yararsız haldadır" - FOTOLAR

20-09-2018 17:08 / Bu xəbər 2305 dəfə oxundu

Jurnalist Sevinc Sadıqova Xətai rayonu kənd Əhmədli adlandırılan ərazisnin kanalizasiya sistemindən yazıb.

O bildirir ki, kanalizasiya sistemi tamamilə yararsız haldadır: "Kənd Əhmədlinin kanalizasiya sistemi tamamilə yararsız haldadır. Nə bələdiyyə, nə də ki, kənd icra nümayəndəsi kəndin problemləri ilə maraqlanır.  Əgər Bələdiyyə və Kənd İcra Nümayəndəliyi heç bir problemi həll etmirsə, kəndin halına yanmirsa, o zaman nə üçün boş-boş fəaliyyət göstərir və büdcədən pul ayrılır? Cənablar, bu cür işləmək olmaz! Axı bu kənddə insanlar yaşayır", - jurnalist yazıb. 

Xətai rayon İcra Hakimiyyətindən bildiriblər ki, problemlə bağlı Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə və bələdiyyəyə müraciət edilməlidir. Adıçəkilən qurumlardan isə mövzu ilə bağlı açıqlama almaq mümkün olmayıb. 

Əhmədli qəsəbəsi (Əhmədli kəndi də adlandırılır) Bakıətrafı 40 kənddən biridir. 1936-cı ildən qəsəbə statusunu alıb.

İndiyə qədər Xətai rayonunun inkişafı üçün dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. 

Rayonun icra başçısı Razim Məmmədovdur. Sözügedən ərazini isə Milli Məclisdə deputat Hüseynbala Mirələmov təmsil edir.