Ekspert: "Manatın "buxovu" hökumətin əlindədir"

Ekspert:

10-04-2018 15:42 / Bu xəbər 1519 dəfə oxundu

"Nə qədər ki neft indiki səviyyədədir, manatı təhlükə gözləmir".

Bunu iqtisadçı ekspert Samir Əliyev Feysbuk səhifəsində yazıb. 

ABŞ-ın Rusiyaya sanksiyalarına toxunan iqtisadçı bunun Azərbaycan iqtisadiyyatı üçün doğura biləcəyi nəticələrə də toxunub: "ABŞ sanksiyalarının növbəti neqativ təsirləri Rusiya birjalarında müşahidə edilməkdədir. Fond birjalarının qırmızıya "boyanması" ilə yanaşı rubl da digər valyutalara münasibətdə mövqeyini itirməkdə davam edir. Artıq bəzi banklar dolları 65 rubldan da baha satmağa başlayıb. Nisbətən oxşar taleni türk lirəsi də yaşayır.  Məlumdur ki, hər iki ölkə qonşu olmaqla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşları sayılır. Xüsusən də Rusiya qeyri-neft ixracımızda, daha dəqiq desək xammala əsaslanan ixracımızda əsas rolu tutur. Hər iki ölkədə milli valyutaların ucuzlaşması haqlı olaraq cəmiyyətdə manatın da ucuzlaşması ilə bağlı narahatçılıqları artırıb. Hətta rəsmilərin sakitləşdirici çıxışları da fayda vermir. Çünki beyinlərdə acı 2015-ci il təcrübəsi var".

"İndi hamını bir sual düşündürür: manatı nə gözləyir? Əlbəttə, məhdud informasiyalar fonunda, ölkədə bazar münasibətlərin işləmədiyi və qərarların sırf siyasi konteksdə verildiyi bir vaxtda bu suala dəqiq cavab vermək asan məsələ deyil. Ancaq hökumətin davranışları əsasında müəyyən təxminlər etmək olar. Təxmin ondan ibarətdir ki, hökummət 2015-ci il ssenarisini təkarlamaq niyyətində deyil. Devalvasiyanın acı nəticələri hələ də aradan qalxmayıb. Elə buna görə də Mərkəzi Bank üzən məzənnə siyasətini keçidi elan etməsinə rəğmən manatı əvvəlki qaydada tənzimləyir. Manatın qorunması üçün əsas zəmin var: neft 40 dollardan bahadır. Tədiyyə balansının vəziyyəti manatın xeyrinədir", - iqtisadçı bildirib. 

Onun sözlərinə görə, nə qədər ki neft indiki səviyyədədir, manatı təhlükə gözləmir, amma Rusiya ciddi iqtisadi böhranla qarşılaşa bilər: "İndiki şəraitdə manata neftdən savayı ölkədəki siyasi vəziyyətin gərginləşməsi neqativ təsir göstərə bilər. Qısası, hazırda manatın "buxovu" Mərkəzi Bankın timsalında hökumətin əlindədir. Ola bilsin qeyri-neft ixracını stimullaşdırmaq üçün ucuzlaşdıra da bilər, daxildə sabitliyi qorumaq üçün indiki səviyyədə saxlaya da bilər. Hər bir halda yuxarıda göstərdiyim 2 amildən biri baş verməzsə, manatı yaxın dövrə ciddi təhlükə gözləmir. Rusiyada baş verənlər isə bir müddət sonra sabitləşəcək. Ancaq qarşıda şimal qonşumuzu qarşıda çətinliklər gözləyir".

Azərbaycanda ilk devalvasiya 2015-ci ilin fevral ayında baş verib. 

Manatın 1 ABŞ dollarına olan rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb. 

Həmin il dekabrın 21-də isə məzənnə 1 manat 55 qəpiyə qaldırılıb. 

2016-cı ildə Mərkəzi Bank "tam üzən məzənnə"yə keçdiyini elan edib. 

Nəticədə manat dollara nisbətən 2 dəfə dəyər itirib. 

Hazırda bir dollar rəsmən 1 manat 75 qəpiyə yaxınlaşıb.

Ekspertlər manatın məzənnəsinin hələ də idarə olunduğunu deyirlər.

Arqument.Az