Ekspert: “Media qəddarlığı təşviq etməməlidir”

Ekspert: “Media qəddarlığı təşviq etməməlidir”

22-10-2018 12:23 / Bu xəbər 1342 dəfə oxundu

Bir müddətdir ki, medianın gündəmində jurnalist Camal Qaşıqçının ölüm hadisəsi geniş müzakirə olunur.

Jurnalistin Səudiyyə Ərəbistanının Türkiyədəki konsulluğunda öldürüldüyü bildirilir.  

Ehtimal olunur ki, o, baş konsulun kabinetində qətlə yetirilib və onun cəsədi doğranıb.  

Bəzi türk və yerli mediada qətlin detalları ilə bağlı xəbərlər yayıldı. 

Doğranılmış cəsəd şəkilləri paylaşıldıqdan sonra, Türkiyənin aidiyyatı qurumları şəkillərin saxta olduğunu bildirib. 

"Dezinformasiya və fake qurbanı olmamaq üçün bir qədər səbirli olmaq lazımdır"

Jurnalist Şahin Rzayev Toplum.tv-yə açıqlamasında bildirib ki, bu, çox məsuliyyətsiz bir addım idi: "Bəzi media orqanları və sosial şəbəkə istifadəçiləri "click" və "like" ardınca qaçıb etikanı unutdular. Tutaq ki, lap fake deyildi, yenə də bu dəhşətli şəkilləri açıq paylaşmaq olmaz. Üstəlik, belə incə məsələlərdə dezinformasiya və fake qurbanı olmamaq üçün bir qədər səbirli olmaq lazımdır mütləq.  

Yadıma Füzulinin Alxanlı kəndində həlak olan 2 yaşlı körpə Zəhranın şəkilləri düşür. O zaman da bu şəkilləri paylaşmazdan əvvəl mütləq xəbərdarlıq edilməli idi ki, bu linkdə qan və ölüm var, ehtiyatlı olun".

Media hüququ üzrə ekspert Xalid Ağəliyev deyib ki, qəddarlığı, şiddəti ifadə edən video, foto görüntülərin yayılmasını həm media hüququ, həm də etik qaydalar nəzərdə tutmur: "Belə məzmun toplumda qəddarlığı təşviq etmiş olur. Bu səbəbdən media ilə bağlı həm yerli, həm də beynəlxalq sənədlər belə məzmunun yayılmasını əngəlləyir.

Teleradio yayımı haqqında qanunda birbaşa göstərilib ki, mediada qəddarlıq təbliğ olunmamalıdır. Qanun həmçinin tənzimləyici orqanın üzərinə vəzifə qoyub ki, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən, qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar müəyyənləşdirsin. Milli Televiziya və Radio Şurasının müvafiq qaydaları da var. Bu qaydalar qəddarlığı bilavasitə və ya dolayısı ilə təşviq edən məzmunun yayımlanmasını əngəlləyir. 

Təkcə teleradio mediası yox, bütün medialar qəddarlığı təşviq edən materiallara bu prizmadan yanaşmalıdır. Həm də əlaqəli qurumlar qəddarlığı təşviq edən materialların yayılmasına görə adekvat davranmalıdır ki, media daha ölçü-biçili olsun".

Türkan Bəşir