Ekspert: “Sistem çöküb, altında qalıblar”

Ekspert: “Sistem çöküb, altında qalıblar”

06-09-2018 17:48 / Bu xəbər 6314 dəfə oxundu

Sentyabrın 5-də Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksindəki sosial mənzillərlə bağlı keçirdiyi seçim prosesində yenidən problem yaranıb.
 
Narazı qalan vətəndaşlar  MİDA-nın seçim prosesinin başa çatmasını elan etməsindən sonra agentliyin qarşısına toplaşaraq etirazlarını bildiriblər.

Məsələ ictimai müzakirəyə səbəb olub. İctimai-siyasi fəallar sosial şəbəkələrdə məsələyə münasibət bildiriblər. 

Hüquqşünas Ələsgər Məmmədli yazıb:  

"Yenə sistem çöküb, 25 ildir cəmiyyətə hökm edən hökumət cəmi bir neçə sosial mənzil inşa edib, həmin evlərə çəkdiyi xərcin demək olar ki, yarısı qədər də xərcləyib, elektron satış sistemi qurub. Amma bir ildir bu sistemdə evlər satışa çıxan kimi sistemi çökür.  Mən 500 manata bu satışı tam ədalətli təmin edərdim. Yarım günlük bir idman sarayı kiralayıb, bütün iddiaçıları ora toplayıb, hərəsinə bir nömrə verər, sonra püşkatma ilə çıxan nömrələrə evlərin satısını rəsmiləşdirərdim. Orta da bu elektron sistemə çəkilən 400-500 mənzilin puluna da əlavə mənzillər tikərdim.  Bu baş verənlə Mingəçevirdə baş verən elektrik qəzası arasında heç bir fərq yoxdur. Pirverdiyevlər o sistemi idarə edə bilməyib, çökdürmüşdü, bunlar da bu sistemi idarə edə bilmir, çöküb, özləri də altında qalıb”.

Media eksperti Xalid Ağalıyev: 

"25 ilə 5-6 sosial mənzil tikiblər, 1 ildir elektron sistem qurub sata bilmirlər. Sistem may ayında olduğu kimi yenə çöküb. Hər şeyi bir ələ cəmləyəndə sonu belə olur”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz: 
 
"MİDA dünən keçirilən güzəştli mənzillərin onlayn satışının nəticələri haqqında ətraflı məlumatı indiyədək açıqlamayıb. Kifayət qədər ciddi suallar var. Sualların bir hissəsini biz də təqdim etmişik. Nə üçün vətəndaş seçim edə bilməyib, nə üçün sistemə daxil ola bilməyib, bütün hazırlıq proseslərindən sonra nə üçün yenidən yüklənmələr olub və s . Dünənki onlayn satışın bir neçə dövlət qurumun nümayəndələrinin iştirakı ilə real vaxtda vahid monitordan izləndiyini nəzərə alsaq, mənzillərin qabaqcadan bilərəkdən kiməsə satılması, kimin üçünsə üstün şərait yaradılması ilə bağlı iddialar mənə inandırıcı gəlmir və bunları istisna edirəm. Bununla belə, düşünürəm ki, qeyd olunan suallar cavablandırılmadan, ətraflı, ağlabatan izahatlar olmadan MİDA-nın onlayn satışının ədalətli və şəffaf keçirilməsi sual altında qala bilər. 

Bir daha təklif etmək istərdik ki, MİDA dünənki onlayn satış prosesinin bütün log fayllarını əlaqəli qurumların, müstəqil ekspertlərin və sistemin auditini qabaqcadan testdən keçirən beynəlxalq qurumun da iştirakı ilə analiz etməli və nəticələri mütləq açıqlamalıdır. Güzəştli mənzillərə iddiaçı olan 9 min vətəndaş, elə biz və bütövlükdə cəmiyyət bu sualların cavabını gözləyir. Yeri gəlmişkən, qeyd etmək istərdim ki, bu prosesdə eGov Portalına girişlə bağlı, elektron imzalardan istifadə ilə bağlı hər hansı problem yaranmayıb. Düşünrəm ki, elektron hökumət quruculuğuna cavabdeh qurum olan VXSİ Dövlət Agentliyinin və digər əlaqəli qurumların da öz səlahiyyətləri çərçivəsiində dünənki onlayn satışın yekunları ilə bağlı rəsmi açıqlama verməsi doğru olardı”.

İctimai fəal Bəxtiyar Hacıyev: 
 
"MİDA-3 də çıxdı, gözünüz aydın. Mənzil İnşaatı Dövlət Agentliyi, ASAN Xidmət və Nəqliyyat, Rabitə, Həddindən artıq Yüksək Texnologiyalar Nazirliyinin 760 000 manat sərf edib, qurduqları bir elektron xidmət 3-cü dəfə də işləməyib, vətəndaşlar almaq istədikləri mənzilləri ala bilməyib, sistem "tapılmadı” yazıb. 3 bacı qurumun (sister organization) təcrübəli kadrları bir sistemi normal işə sala bilmədilər. Məncə, bu 3 qurum bu işin başını buraxsın, salamatı könüllüləri yığıb, 5-10 ağac əkin, seminarlar keçin, mənzilləri maklerlərə verin satsınlar, qadağalar qoyun-filan. Çoxsaylı vətəndaşlara innovativ elektron xidmətlər sizlik deyilmiş”.
 
Lalə İsgəndərli
Toplum Tv