Əli Həsənovun nəvəsinə hökm oxundu

Əli Həsənovun nəvəsinə hökm oxundu

18-12-2017 12:37 / Bu xəbər 2212 dəfə oxundu

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun həbsdə olan nəvəsi Nail Allahverdiyevə 6 il həbs cəzası kəsildi. 

Dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhməd Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Hökmdən öncə prokuror çıxış edib. Bildirib ki, N.Allahverdiyevin iki nəfərin ölümü, daha üçünün xəsarət almasına səbəb olan qəzanı törətməsi, hadisə yerini tərk etməsi məhkəmə istintaqı zamanı sübuta yetirilib. Prokuror ona 7 il həbs cəzası istəyib.

Hakimlər qısa müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, N.Allahverdiyev ona verilmiş 6 il həbs cəzasını ümumi rejimli müəssisədə çəkməlidir.

N.Allahverdiyevin həbsinə səbəb olmuş qəza avqustun 3-də axşam saat 21:00 radələrində paytaxtın Heydər Əliyev prospektində baş verib. Allahverdiyevin idarə etdiyi «Mercedes-Gelandewagen» yolu keçən piyadalar Vaqif Əsədovu və Tekiş cütlüyünü vurub, ardınca «VAZ 21015» markalı avtomobilə çırpılıb. 

Bundan sonra yolun kənarındakı maneəni aşaraq köməkçi yola keçən «Mercedes-Gelandewagen» yanmağa başlayıb. Qəza nəticəsində piyada V.Əsədov və avtomobildə N.Allahverdiyevin yanında olmuş 31 yaşlı M.Əliyev dünyasını dəyişib.

N.Allahverdiyevin ittiham olunduğu CM-nin 263.3 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.