Elnaz Eyvaz: "Xaraktersiz adamlarla yola gedə bilmirəm..."

Elnaz Eyvaz:

18-05-2018 19:49 / Bu xəbər 8495 dəfə oxundu

Kişilərin qadınlar haqqında saya-hesaba gəlməyəcək qədər çox fikirləri var; Fridrix Nitsşe deyir, qadın tanrının ik xətasıydı, Evripid deyir, qadının pisi qədər pis, yaxşısı qədər yaxşı varlıq yoxdur. Bəs qadınlar kişilər haqqında nə düşünür...

Faktor.az-ın "Qadın sözü” layihəsinin növbəti qonağı tanınmış şair-yazar Elnaz Eyvazdır.

- Kişilər deyir, qadınları anlamaq çətindir. Hətta Ziqmund Freyd qadın psixologiyasını otuz il araşdırmağına baxmayaraq, böyük suala cavab tapa bilməyib: Əslində, qadınlar nə istəyir? Sizlər bu qədər qəliz varlıqlarsınız?

- Anlamağın nə qadını, nə kişisi? Guya elə qadınlar kişiləri gözəl anlayır, qaldı kişilərin qadınları anlaması? Anlayışlı adam hər kəsi anlayır, anlayışı olmayanla nə işimiz... Ümumiyyətlə, insan mürəkkəb varlıqdır. Heç adam özü özündən baş açmır, özü nə istədiyini bilmir, o ki qala başqalarının nə istədiyi olsun. Başqa qadınların nə istədiyini deyə bilmərəm, necə ki onlar mənim nə istədiyimi deyə bilməz. Qadından qadına fərq var da. Mənim üçün sevdiyim insanların varlıqları, qarşılıqlı diqqət, sevgi, anlayış dünya varına dəyər. Heç kəsə möhtac olma, ləyaqətini qoru, vicdanına tabe ol, başqa heç nəyə və heç kəsə... Başa düşürəm, bütün bunları pulla əldə etmək olmaz, odur ki, kimlər üçünsə bu istəklər qəliz, anlaşılmaz, kimlər üçünsə təbiidir.

- Qadının kişinin qabırğasından yaradılması fikri haqqında nə düşünürsünüz?

- O barədə düşünmürəm. Əsas odur ki, qadın və kişi var. Elədirsə də, olsun. Özgənin qabırğasından yaranmamışıq ki. Bəlkə, bu səbəbdəndir ki, kişilərin əksəriyyəti qabırğa kababını çox sevir. (gülür)

- Kişilərdə sizi narahat edən cəhət nədir, xoşbəxt edən cəhət nə?

- Mənə insanlarda olan cəhətlər maraqlıdır. Son vaxtlar vicdan, ləyaqət, şərəf kimi ifadələri tez-tez işlətmək zorunda qalıram, çünki məni adamlarda əsas narahat edən bu sadaladıqlarımın olub-olmamasıdır. Bir adamda – fərq etməz, qadın, ya kişi – bunlar yoxdursa... Həəə... Baxmayın e, müəyyən qədər yaşamışam, hələ də adamların bu çatışmazlıqları ilə barışa bilmirəm, hələ də deyə bilmirəm ki, olsun da, mənə nə. Özümü didib-tökürəm ki, axı, niyə insanlar belə də olur?! Kişilərə isə yalanı, qeyri-ciddiliyi, əlləm-qəlləmliyi heç yaraşdırmıram. Bütün bunlar mükəmməl xarakter üçün çox vacib xüsusiyyətlərdir. Xaraktersiz adamlarla yola gedə bilmirəm, onları yola verə bilmirəm. "Yola vermək” ifadəsi heç mənlik deyil.

- Sizi narahat edən kişilər olub? Arxanızca düşən, bezdirən...

- Olmayıb desəm, inanarsınız? (gülür) Təbii ki, olub da, var da. Ancaq məni sevən, dalımca düşən, ya da siz deyən kimi, bezdirən, əl çəkməyən və sair kişiləri heç kəslə müzakirə etməyi sevmirəm. Hə-hə, yox-yox. Əl çəkməsə, cavab vermirəm, vəssalam. Elə adamlar var ki, dəyərlidir, xətri əzizdir, fəqət bu o demək deyil ki, onun sevgisinə mütləq cavab verməliyəm. Belə deyək də, "yox” deyib üzmək zorunda qalıram. Belə adamlarla gücləri yetəcəyi təqdirdə dost münasibəti saxlayıram, yox, gücü çatmayacaq, hər dəfə eyni söhbətə qayıdacaqısa, onda münasibətə biryolluq son qoyuram.

- Kişilərdə ilk nəyə önəm verirsiniz? Ağıl, pul, yoxsa yaraşıq?

- Ağlı olmayan adamın pulu və ya yaraşığı nəyimə lazımdır? Bayaq dediyim kimi, mənə görə, bir kişidə ən üstün cəhət onun özünəməxsuz xarakterinin olmasıdır, əsl kişi xarakteri: sözübütöv, ağzıbütöv, dürüst, əməli ilə dedikləri üs-üstə düşən, mərd, zəhmətkeş, heç kəsin qabağında boyun əyməyən və əliaçıq. Sevmirəm simic adamları. Sözsüz ki, bu xüsusiyyətlərə malik adam ağıllı adamdır. Onun pulu, yaraşığı, varı-dövləti mənim üçün maraqlı deyil. Bu xüsusiyyətlərə malik adam dünyanın ən zəngin adamıdır nəzərimdə.

- Kişilərin təklifinə ilk reaksiyanız necə olur? "Hə”, yoxsa "hə” demək istəyib süründürmək üçün "yox” deyirsiniz?

- Hər zaman prinsipim bu olub: heç kəsə yalandan ümid verib "süründürmək” olmaz. Kim olur-olsun, hərə özünə görə, bir kişinin oğludur, bəyənmirsən, ya da sevmirsən, sözünü qəti de. Mənə deyirlər ki, sən həmişə baltanı kökündən vurursan. Adamın ümidini biryolluq kəsirsən, qəddarsan. Bu, qəddarlıq deyil. Qəddarlıq odur ki, adama ümid ver, zamanını al, sonra ümidini öldür. Ümid öldürən adam qatildir. Bu məsələləri ağlım kəsəndən belə düşünürəm. Heç kəs mənim üçün əyləncə, ya da təsəlli yeri olmayıb. Tutar qatıq, tutmaz ayran? Elə şey olarmı? Olmaz...

Bir tanışım vardı, nişanlısı ola-ola başqasına da ümid verirdi. Deyirdim, niyə belə edirsən, axı onalrın ikisinə də yazıqdır. Deyirdi, birdən nişanım pozuldu, aramız dəydi, onda o biri olsun da.

İnsanın ürəyilə oynamaq olmaz e, vallah olmaz.

- Uşaq vaxtı sevdiyiniz, kumiriniz olan kişi olub?

- Kiməsə möhkəm düşkün olmamışam, ancaq "Uzaq sahillərdə” Mixayloya simpatiyam vardı, hesab edirdim ki, mənim sevib-seçəcəyim oğlan belə olmalıdır. Gözü qanlı, qorxmaz, sevdiklərinə sadiq, Vətənə, görəvinə düşkün. Amma mənim saydığım fələyin saydığı ilə uyğun gəlmədi...

- Heç kişilərin yerində olmaq və gözəl bir qadına kompliment demək istəmisiniz?

- Kişi olmaq, yoxsa elə yaxşı ki qadınam kimi düşüncələri ciddiyə almıram, nə olubsa-olub artıq. Çünki istər qadın, istər kişi ol, fərq etməz, ADAM olasan gərək. Vacib olan budur. Ailədə, cəmiyyətdə, kollektivdə çəkin olsun, hörmətin olsun, seviləsən, insanlara, cəmiyyətə yararlı olasan, xeyrin dəysin. Məhz qadınlara kompliment deməkdən ötrü isə heç. Mən kişi olsaydım, qadınları kompliment deməklə yox, bir qadını sevməklə, ona sadiq olmaqla onu xoşbəxt edərdim, amma olmadı, çünki mən qadın oldum. (gülür) Hərçənd, qadın kimi bu cəmiyyətdə salamat baş saxlamaq da elə kişi olmağa bərabərdir.

- Xəyanətə uğrasanız, nə edərdiniz? Xəyanətə uğradığınız, aldadıldığınız olub? Və bu baş verəndə reaksiyanız necə olub? Ümumiyyətlə, "kişilər xəyanətkardır” fikrinə münasibətiniz necədir?

- Düzünü, deyim, düşünmədən cavab verəcəyim sualdır bu: mən xəyanətə uğramamışam. Kimsə mənimlə yox, mənim yanımda yox, başqası ilədirsə, demək, o, artıq mənim üçün yoxmuş, mənim yanımda, ürəyimdə yeri yoxmuş ki, başqasının yanındadır. Bu da xəyanət sayılmır, adam həyatını yaşamalıdır da. O ki qaldı kişilərin xəyanətkar olmasına, belə düşünmürəm. Xəyanətkarlıq insana məxsus haldır, cinsin nə fərqi var? Bir də hər mövzuda düşüncələr fərqlidir. Məsələn, iki şəxs bir-birini sevir deyə bir yerdədirlərsə, demək, heç kəsə xəyanət edilməyib. Mənim aləmimdə əsl xəyanət odur ki, qəlbində başqası, yanında başqası olsun. Başqa dəyərləri üstün tutub sevgindən vaz keçmək həm özünə, həm də sevdiyinə xəyanətdir. Vacib deyil ki, xəyanəti bədəninlə edəsən. O ki qaldı, xəyanətə uğrasam, nə edərəm? Əvvəla, qarşılıqlı sevgi yoxsa, niyə bir yerdəyik? Yox, varsa, niyə xəyanət etsin ki? İnsandır da, çiy süd əmib. Birdən olsa da, xoşluqla qapını açıb yola salaram. Qadınlar var, görürəm, eşidirəm, əri bunu sevmir, özü də bilir, amma nə olur-olsun kişini yanında saxlamağa çalışır, hətta, daha bir uşaq doğur ki, kişi getməsin. Anlamır ki, əsas ürəkdir, o da gedib eee, haçaaandır... Nəyinə lazımdır bədəni? Burax getsin də.

- Atanızı bir kişi kimi necə xarakterizə edərdiniz?

- Atam ömrünü ailəsi, övladları üçün yaşamış, qadınına sədaqətli adamdır. Dürüst, halal, azdanışan, bir az qaraqabaq, eyni zamanda, çox mülayim, həm də çox kövrək. Qarabağ müharibəsinin ağır vaxtlarında ölkəni saran kasıblıq, aclıq vaxtlarında belə bizi hansısa əyri yolla xilas etməyi düşünmədi. Dedi, hamı necə, biz də elə. Hansı ki, ölkədə bir xaos vardı, kim harda işləyirdi, ordan əlinə keçəni dartıb dağıtdı ki, balaları acından ölməsin. Guya bizi sevmirdimi o? Yoox, bir ata öz övladlarını nə qədər sevə bilərsə, o qədər sevir məni də, qardaşımı da. Qardaşımın ailəsi, uşaqları var, yekə kişidi daha, o evə dönməyincə atam yatmır. Ancaq atam halallığı, doğru yolu bizdən də üstün tutdu.

İlk maaşımı alanda gətirib verdim atama, dedim, xeyir-dua ver, zülümlə oxutmusan məni. Alnımdan öpdü, pulu götürüb baxdı, saymadı. Dedi, qızım, ruzi-bərəkətin başından aşsın həmişə, ancaq heç vaxt haram yemə. Mən sizə haram yedirtməmişəm, sizi saxlamaqdan ötrü heç kimin qabağında yaltaqlanmamışam, alnım açıqdır, sən də heç kəsin əlinə göz dikmə. Mən də atama söz verdim və ölüncə də sözümü tutacam.

Bir dəfə dedim ki, ay papa, haçansa darda olanda peşman olmusanmı bu qədər dəqiq, dürüst, halal olduğuna? Dedi, həmin adamam da, niyə peşman olum, nə dəyişib ki?

Ömrümün axırınacan atama minnətdaram, bizim üçün etmək istəyib edə bilmədiyi gözəl nə varsa, qurban olsun halallıqla etdiklərinə. Etmədiklərini də etmiş kimi var...

Xarakterimdə atama çəkən cəhətlərim çoxdur, sadəcə, o, daha sakit yanaşır həyata, mən çox emosionalam. Məsələn, mən yalan danışan adama görə dəli oluram, o deyir, yalana nə qulaq as, nə də dəli ol.

Atamla gözəl anlaşırıq. Bir dəfə dedim, papa, bu boyda nəsil-şəcərədə məni anlayan adam sənsən, sən də ancaq dinləyib susursan, bağrım çatlayır. Güldü, zarafatla dedi, istəmirsən, heç dinləməyim.

Hisslərini dilə gətirməz, sevgisini ancaq əməlində göstərər həm bizə, həm başqalarına... Bircə dəfə bir yerdə məqamı düşüb, deyib ki, Elnazı on oğlana dəyişmərəm. O mənim gedib-gələn nəfəsimdir. Mat qaldım, yəni belə olduğunu bilirdim zatən, ancaq bunu səsləndirdiyinə mat qaldım...

Deyirlər, mən tərs adamam, bu cəhətim də ona bənzəyib. Atam da adamları yada- doğmaya bölməz, sevdiyi adam kim olur-olsun ağzının tikəsini yedirdər, amma üzü döndüsə, özü də dönüb gedər və geri qayıtmaz. Mən də eləyəm, sadəcə atam bunu çox sakit edir, əsbiləşmir, özünü didib-tökmür.

Belə... atamdır da, canımdır, ciyərimdir, ancaq özünə deyə bilmirəm... elə özü kimi...

Söhbətləşdi: Hikmət Orhun