"Əvvəl yazdılar ki, guya mən polisə kəllə atmışam..." - NİDA-çı gənc

21-01-2017 00:40 / Bu xəbər 1297 dəfə oxundu

"Yanvarın 16-da saat 11:00 radələrində evdən çıxıb çörək almağa gedərkən Nərimanov Rayon Polis İdarəsinin 18-di polis bölməsinin əməkdaşları məni zorla ağ rəngli 90 DN 102 nömrəli avtomobilə basıb bölməyə gətirdilər. Orda məndən tələb etdilər ki, Facebook statuslarımı silim, hesabımı bağlayım”.

NİDA Vətəndaş Hərəkatının 30 sutka inzibati həbs cəzası almış üzvü Rəhim Vəliyevin ictimaiyyətə ünvanladığı məktubda belə yazılır.

Məktubu yanvarın 20-si onunla görüşən vəkili Elçin Sadıqov yayıb.

"Dedilər ki, ailə üzvlərinin alt paltarlarında axtarış aparacağıq”

R.Vəliyev məktubunda yazır ki, polisdə sosial şəbəkədəki hesabını bağlamaqdan imtina edib. Ardınca onu bölmə rəisinin yanına aparıblar. Rəis onu təhdid etməyə başlayıb.

"Ananı işdən çıxaracağıq, evinizə gedib ailə üzvlərinin alt paltarlarında axtarış aparacağıq”, gənc məktubunda ona bunların deyildiyini yazır.

R.Vəliyev qeyd edir ki, Facebook hesabını bağlamamaqda israr etdiyində, onu döyüblər. Gənc polislərin onu yorulanadək döydüklərini yazır.

"Məni döyüb, etirafedici sənədə imza atdırdılar”

Gənc bildirir ki, saat 16:30-da onu Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına, rəisin otağına aparıblar. Məktubda yazılanlara görə, otaqda idarə rəisi, bölmə rəisi və idarə rəisinin müavini olub. Gənc bildirir ki, orada da ondan Facebook hesabını silməyi tələb edilib.

"Onlar məni o qədər döydülər ki, müvazinətimi aparıb yıxıldım. Yıxılanda eynəyim qırıldı. Sonra məni hansısa sənədlərə imza atmağa məcbur etdilər. Əvvəl yazdılar ki, guya mən polis Rəşad İsmayılova kəllə atmışam. Nə qədər döysələr də imza atmadım. Daha sonra yazdılar ki, guya polisin qanuni əmrində tabe olmamışam. Məni döyüb, etirafedici sənədə imza atdırdılar”.

Daha sonra gənci məhkəməyə aparıblar. Gəncin yazmasına görə, orda öz vəkilini tələb etsə də, onun tələbinə əhəmiyyət verən olmayıb. Məhkəmə zamanı işgəncəyə məruz qaldığını bildirib.

"Hakim tələblərimə heç bir əhəmiyyət vermədən, sifətimdə və bədənimdə olan işgəncə izlərini göstərməyimə baxmayaraq mənə 30 sutka inzibati həbs cəzası verdi”, - gənc yazır.

NİDA-çı gənc nəql edir ki, məhkəmə qərar verdikdən sonra onu yenidən 18-ci polis bölməsinə aparıblar.

"Polis bölməsində ayaqyolunu təmizləməyə məcbur etdilər”

"Məni yenidən döyməyə başladılar. Polis bölməsində ayaqyolunu təmizləməyə məcbur etdilər. Onlar məni möhkəm döyür, söyür, telefona çəkir, ələ salıb gülürdülər” - məktubda qeyd edilir.

R.Vəliyev axşam saatlarında inzibati saxlama məntəqəsinə aparıldığını bildirir.

«Məni hədələdilər ki, "ağıllı ol, biz oraya da gələcəyik”», yazan gənc məntəqədə də sorğu sual edildiyini, ona "Sancaq” səhifəsi, bloqqer Mehman Hüseynov barəsində suallar verildiyini nəql edir…

Gəncin vəkili işgəncə, qeyri-insani rəftar və insan ləyaqətini alçaldan rəftara məruz qalmaq iddialarının araşdırılmasından ötrü Baş Prokurorluğa şikayət edəcək.

Nərimanov Rayon Polis İdarəsindən, 18-ci polis bölməsindən və sözü gedən məhkəmədən NİDA-çı gəncin işgəncə iddiaları ilə bağlı şikayətinə, hələlik, münasibət almaq mümkün olmayıb. Daxili İşlər Nazirliyi mətbuat xidməti ilə də, məsələ ilə bağlı danışmaq cəhdləri alınmayıb.

Xatırlatma

R.Vəliyevin yanvarın 16-sı saxlanılmışdı.

O, polis əməkdaşının tələblərinə əməl etməməkdə günahlandırılıb. 

Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov gəncə 30 gün inzibati həbs cəzası verib.

Həmin qərardan apellyasiya şikayəti verilib.

NİDA Vətəndaş Hərəkatı R.Vəliyevin saxlanmasının siyasi motivli olduğunu bəyan edib.///azadliq.org