Həbsdə olan blogerin anası reanimasiyaya yerləşdirilib

Həbsdə olan blogerin anası reanimasiyaya yerləşdirilib

20-07-2018 09:07 / Bu xəbər 1706 dəfə oxundu

Həbsdə olan bloger Mehman Hüseynovun anası xəstəxanaya yerləşdirilib.
 
Bu barədə iyulun 19-da Toplum Tv-yə blogerin atası Rafiq Hüseynov məlumat verib.

Onun sözlərinə görə, həyat yoldaşı Firəngiz Hüseynova 4 gün əvvəl əməliyyat olunub və reanimasiyaya yerləşdirilib.
 
"İndi vəziyyəti ağırdır. Həkimlər deyirlər ki, ürəyində problem var. Son dövrlər o qədər stress keçirib ki, ürək ağrısı onun yanında heç nədir. Mehmana görə də yaman narahatdır”, - deyə blogerin atası bildirib.

Rafiq Hüseynov deyib ki, Mehman bugünlərdə anasının yanında olması üçün qanunla azadlığa buraxılmalıdır: "Mən yaşlı adamam, xəstəyə necə baxım? Mehmanın azadlığa buraxılması üçün xəstəxana bizdən onun şəhadətnaməsini tələb edir. Mən evdə bu sənədi tapa bilmədim. Yerini yoldaşım bilir, onun da vəziyyəti ağırdır”. 

Penitensiar Xidmətdən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib.

Mehman Hüseynov həbsinin onun fəaliyyəti ilə bağlı olduğunu deyib.

Nigar Mübariz