"Həbsxanadakı jurnalistlərlə bağlı prezidentə müraciət olunmalıdır" - Əflatun Amaşov

11-03-2018 00:00 / Bu xəbər 2671 dəfə oxundu

Mətbuat Şurası qurultay keçirib

Martın 10-da Mətbuat Şurasının VII qurultayı işə başlayıb.

Qurultayda Mətbuat Şurasına üzv 166 təşkilatdan 241 nümayəndə iştirak edib.

Tədbirdə Mətbuat Şurasının Nizamnaməsində dəyişiklik edilib. İdarə Heyətinin üzvlərinin sayı 17-dən 23-ə çatıb. 

Onlar aşağıdakılardır:

Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev, 7 ictimaiyyət nümayəndəsindən - Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli və 5 internet informasiya resursu təmsilçisindən - Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.

Səsvermə nəticəsində Əflatun Amaşov yenidən Mətbuat Şurasının sədri seçilib.

Ardınca Əli Həsənov prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra şuranın sədri Əflatun Amaşov hesabat çıxışı edib.

MŞ sədri bildirib ki, son 15 ildə quruma edilən şikayətlərin sayı 12 mini ötüb. Şikayətlərin təxminən 70 faizində haqlı tərəf jurnalistlər olub.

"Cəmiyyət və dövlətin Mətbuat Şuralarına etimadı dünyada qəbul edilən formuldur. Məhz buna görə bəziləri bizi tənqid edir. Mətbuat Şurasını tənqid edənlər bizi daha çox dövlət məmurlarını müdafiə etməkdə, jurnalistlərə qarşı cəbhə açmaqda ittiham edirlər. Bu, yalandır”.

O, şura yaranmazdan əvvəl məhkəmələrdə jurnalistlərlə bağlı saysız - hesabsız işlərin olduğunu diqqətə çatdırıb:

"Son 15 ildə bu problemlər həll olundu. Azərbaycan mediasına dövlət qayğısı mövcuddur. Düşünürəm ki, internet mediaya da dövlət dəstəyi göstərilməlidir. Azərbaycan mediası iqtisadi baxımdan xeyli inkişaf yolu keçib, redaksiyaların maddi - texniki bazası möhkəmlənib. Növbəti dövrdə medianın reklam bazarının genişləndirilməsi hədəf olmalıdır. Bundan başqa, idxal olunan qəzet kağızı və hazır çap məhsullarına tətbiq edilən əlavə dəyər vergisi (ƏDV) dövlət büdcəsinə əhəmiyyətli dərəcədə təsir göstərmir. Buna görə də düşünürəm ki, qəzet kağızı və qəzet məhsullarının üzərindən ƏDV götürülməlidir”.

Ə.Amaşov bildirib ki, həbsxanada olan jurnalistlərin cəzalarının çəkilməmiş hissələrindən azad edilməsi üçün ölkə başçısına müraciət olunmalıdır. 
Qurultay davam edir.