Hər qeyri-iş gününə 70 milyon itiririk: Bizə bu qədər istirahət lazımdırmı?

Hər qeyri-iş gününə 70 milyon itiririk: Bizə bu qədər istirahət lazımdırmı?

16-12-2016 14:36 / Bu xəbər 2269 dəfə oxundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2016-cı il tarixli 10 nömrəli qərarı ilə 2017-ci ilin İş vaxtı norması və İstehsalat təqvimi təsdiq edilib.

Təsdiqdən bəlli olur ki, 2017-ci ildə 20 gün bayram keçirəcəyik və təbii ki, həmin günlər qeyri-iş günü hesab olunacaq. İlin 104 gününü isə şənbə-bazar olması səbəbindən istirahət edəcəyik. Beləliklə, məzuniyyətləri saymasaq 365 günün ən azı 124 gününü dincələ biləcəyik.  

Bəs görəsən iqtisadiyyatı ağır olan ölkə üçün bu qədər qeyri-iş günün olması nə dərəcədə uyğundur?

Məsələ ilə bağlı Qaynarinfo.Az-a danışan iqtisadçı-ekspert Samir Əliyev bildirib ki,Azərbaycanda qeyri iş günlərinin sayı bir çox ölkələrlə müqayisədə həddindən artıq çoxdur: 


"Bizdə bayramların həm sayı, həm də günləri çoxdur. Yeni ildə, novruz bayramında birdən-birə 6-7 gün qeyri-iş günü olur. Bu arzu olunan deyil. İqtisadiyyatın indiki dövründə qeyri-iş günlərinin sayının çox olması xeyli itkidir. Müxtəlif hesablamalar var. Başqa ölkələrdə hesablıyırlar ki qeyri iş günündə ölkə iqtisadiyyatı nə qədər itirir. Böyük dövlətlərdə bu milyardlarla ölçülür".

Ekspertin sözlərinə görə, 2 il bundan öncə aparıldıqları araşdırmalar nəticəsində məlum olub ki, ölkə iqtisadiyyatı hər qeyri iş günündə təxminən 70 milyon manat itirir: 

"Bu baxımdan Azərbaycanda qeyri-iş günlərinin sayı azaldılmalıdır. Lazımsız bayramlar və istirahət günlərinin müddəti qısa olmalıdır. İstirahət ildə 1 dəfə olsa kifayət edər".

Məlumat üçün qeyd edək ki, dünyada ən çox qeyri-iş olan bayram günləri Şri-Lankadadır. Bu ölkə vətəndaşlarının məzuniyyətdən savayı ildə 24 gün istirahət etmək şansı olur. İran, Maldiv adaları və Braziliyada belə günlərin sayı 21-dir. Hindistanda 18, Cənubi Koreyada 17, Yaponiyada 15 bayram günləri müəyyənləşdirib. Avstraliya və İsveçrədə 11, Sinqapur, İrlandiya və Niderlandda 10, Britaniyada 9, Kubada 8 qeyri-iş günü var.

YUNESKO-nun qiymətləndirmələrinə görə, dünya üzrə qeyri-iş günlərinin orta statistik rəqəmi 12,2 gündür. Almaniya vətəndaşları 13, İtaliya 12, ABŞ isə 11 gün evində bayram edir.

MDB ölkələrində Belorusda 13, Rusiyada 11, Ukraynada 10 gün qeyri-iş günü var.

Arqument.Az