İlqar Məmmədov şərti azadlıq yox, bəraət istəyir

İlqar Məmmədov şərti azadlıq yox, bəraət istəyir

11-12-2017 14:54 / Bu xəbər 1984 dəfə oxundu

Dekabrın 11-də vəkil Fuad Ağayev 2 Saylı Cəzaçəkmə Müəssisəsində REAL Hərəkatının lideri İlqar Məmmədovla görüşüb. 

Vəkilin bildirməsinə görə, görüş zamanı prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun İ.Məmmədovla bağlı səsləndirdiyi fikir və məsələnin həlli yollarının axtarılmasından ötrü konstruktiv danışıqlara dair təklifi müzakirə edilib:

«İlqar Məmmədov bir daha təsdiq etdi ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək. Avropa İnsan Hüquqları Məhkəməsi müəyyən edib ki, onun həbsində siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədi güdülüb. Buna görə də, o, dərhal və qeyd-şərtsiz azad edilməlidir».

Vəkilin deməsinə görə, REAL lideri konstruktiv danışıqlar məsələsinə də münasibət bildirilib.

«Azərbaycanın beynəlxalq-hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verilməli və siyasi fəaliyyətinə əngəllər yaradılmamalıdır. Yəni bu halda Avropa Şurası Nazirlər Komitəsindən Azərbaycana dair Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərilən sorğunun geri çağırılması ilə bağlı vəsatət verməyə hazırdır», - deyə vəkil vurğulayıb.

Azərbaycan prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri N.Məmmədov dekabrın 7-də Avropa Şurası Nazirlər Komitəsinin İ.Məmmədovla bağlı qərarlarını şərh edib. O vurğulayıb ki, İ.Məmmədov cəzasının 2/3-sini çəkdiyinə görə şərti olaraq vaxtından əvvəl azadlığa buraxılma hüququ əldə edib.

«Prezidentin sərəncamı ilə müvafiq qanunvericilik islahatlarının aparılması davam edir. Bu xüsusda, qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, 2017-ci il dekabrın 1-dən etibarən İ.Məmmədov məhkəməyə müraciəti əsasında cəza müddətinin 2/3 hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılma hüququna malik ola bilər. Bununla yanaşı, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara gedə bilər», - prezidentin köməkçisi deyib.

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM artıq onun iki şikayətini təmin edib. Məhkəmə hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Həmin qərardan sonra onun işi Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdi. Ancaq Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb. Bundan sonra verilən kassasiya şikayəti də təmin edilməyib.

Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) oktyabrın 25-də qəbul etdiyi qərarda bildirib ki, Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsi ilə öhdəliyini yerinə yetirib-yetirməməsi məsələsi üzrə dekabrın 5-də AİHM-ə müraciət etmək niyyətindədir. Qərarda həmçinin vurğulanırdı ki, Azərbaycan məsələ ilə bağlı öz mövqeyini noyabrın 29-na kimi bildirə bilər.

Azərbaycan hökuməti isə AŞNK-yə bu günlər göndərdiyi cavabda vurğulayıb ki, AİHM-in İ.Məmmədovla bağlı qərarında onun dərhal azadlığa buraxılması ilə bağlı tələb yoxdur. Buna görə də, hökumət hesab edir ki, sözügedən qərarın icra yollarını seçməyə ixtiyarı var.

Nəhayət, dekabrın 5-də AŞNK AİHM-in REAL Hərəkatının lideri İ.Məmmədovun azad edilməsi qərarını icra etmədiyinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.///azadliq.org