İmza toplanmasına başlanıb

İmza toplanmasına başlanıb

16-02-2018 16:42 / Bu xəbər 1877 dəfə oxundu

Yeni Azərbaycan Partiyası (YAP) prezidentliyə namizədliyini irəli sürdüyü dövlət başçısı İlham Əliyevdən ötrü bu gün, fevralın 16-dan imzatoplama kampaniyasına start verib.

Bu barədə YAP mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Seçki Məcəlləsinin tələbinə uyğun olaraq, namizədin qeydiyyatından ötrü 40 min imza toplanmalıdır. Bu imzalar azı 60 dairəni əhatə etməlidir. Həmin dairələrin hər biri üzrə azı 50 imza toplanmalıdır.

Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, indiyə kimi prezidentlikdən ötrü 10-dan çox şəxs sənədlərini onlara təqdim edib. Onlardan hələlik 5 iddiaçının namizədliyi təsdiq edilib. Bunlar Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev və Liberal Demokratik Partiyasının rəhbəri Fuad Əliyevdir. Namizədliklərini özləri verən Anar Umudov, Tural Abbaslı və deputat Zahid Orucun da namizədliyi təsdiq edilib.

Bundan əvvəl isə namizədliyi təsdiq edilən bu şəxslərdən ötrü də imza toplanmasına başlandığı açıqlanmışdı.

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İlham Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.///azadliq.org