İş adamlarından ölkə başçısına müraciət: "Sahibkarlar "cinayətkara" çevrilir"

İş adamlarından ölkə başçısına müraciət:

16-03-2018 00:22 / Bu xəbər 2511 dəfə oxundu

Bir qrup iş adamı - kənd təsərrüfatı məhsulları ixracatçıları gömrükdə, vergidə və banklarda yaranmış problemlərlə bağlı ölkə başçısına müraciət ünvanlayıb. 

Onlar ölkə başçısına ünvanladıqları açıq məktubda monopoliyadan və süni yaradılan süründürməçilikdən əziyyət çəkdiklərini bildiriblər. 

Anaxeber.az-ın yaydığı müraciətdə sahibkarlar üç dövlət qurumu - Vergilər Nazirliyi, Gömrük Komitəsi və Maliyyə Bazarına Nəzarət Palatası tərəfindən qanunsuzluğa və istismara məruz qaldıqlarını deyiblər: 

"Bu çətinlikər aşağıdakılardır:
A) Gömrükdən kənd təsərrüfatı məhsulunu ixrac edərkən məhsula (deyilənə görə Rusiyanın təzyiqi) 5 dəfəyə yaxın ixrac dəyərinin artıq qoyulmasıdır. Misal üçün nar məhsulun biz 50 -70 qəpiyə alsaq da, ixrac zamanı 1 dollar 80 sent (3 manat), Xurma məhsulunu isə 20 -40 qəpiyə alsaqda 80 sent (l manat 40 qəpiyə) qiymət qoyulur.
B) İxrac edilən məhsulun pul vəsaitinin Bank hesabı ilə geri qayıtmasıdır ki, bu zaman ixrac ettiyimiz məhsulun qiyməti ilə geri qaytaracığımız pul vəsaiti arasında 5 dəfə artıq pul vəsaiti yaranmasıdır. Belə ki, bir TIR nəqliyyat vasitəsində 17 ton 500 kq nar olduqda ixrac zamanı onun həqiqi maya dəyəri (50 qəpikdən) 8.750 manat olduğu halda, gömrükdə qiymət dəyəri 3 manatdan artıq qoyularaq 53.670 min manat təşkil edir. Bu zaman biz öz hesabımıza Rusiya bankından 8.750 manat əvəzinə 53.670 min manat pul
vəsaiti gətirməliyik". 

"Bu pul vəsaitinin geri qayıtması isə mümkün deyil. Çünki Rusiya ərazisində müqavilə bağladığımız fırmalar əslində broker vəzifəsin görürlər. Müqavilə bağladığımız fırmaların məhsulun satışından xəbərləri belə olmur, yəni məhsul Rusiya bazarlarında nəğd pula satılır. Həmin pul vəsaitlərini də ölkəyə məhsulları satan vətəndaşlar özləri gətirir. Hazırda araşdırsanız, görərsiniz ki, bəzi MMC-lər guya ixrac olunan məhsulun pul vəsaitini geri qaytarırlar, amma bu mümükün deyil. Broker fırmanın malın harada satılmasından xəbəri olmursa, bəs o zaman gətirdikləri pul vəsaitləri hansı pullardır?  Yəqin ki, mənşəyi bilinməyən pul vəsaitləridir. Bizlər bu cür çirkli pullari ölkəmizə keçirməyi öz vicdanımıza sığışdırmırıq", - müraciət müəllifləri yazırlar. 

"Cənab Prezident, dəfələrlə bu məsələ ilə bağlı Gömrük Komitəsində, Maliyyə Bazarına Nəzarət Palatasında olsaq da, "qanun bizdən nə tələb edirsə, biz onu icra edirik" cavabını almışıq. Sonda isə Maliyyə Nəzarət Palatası tərəfindən gömrüyə ötürülən pul vəsaitlərinin geri qayıtması məlumatı gömrük "kontrabanda" şöbəsində araşdırılaraq prokurorluğa ötürülür. İxracatçı sahibkarlar birmənalı şəkildə, özündən asılı olmayaraq "cinayətkara" çevrilir. 

2-ci çətinliklərdən biridə vergi ilə bağlı məsələdir. Gömrükdən ötürülən ixrac edilmiş məhulların dövriyyəsinə görə KAMERAL vergi deyilən vergi hesablamasıdır ki, bu zaman ixrac edilmiş kənd təsərrüfatı məhsulunun 5 qat artıq dövrüyyəsinə uyğun külli miqdarda vergi meydana çıxır. Beləliklə, kameral vergi nəticəsində bank hesablarımız iflic vəziyyətə düşür, pul vəsaitini geri gətirmək olmur. Misal üçün həqiqi vergiyə uyğun olsa 5-10 min manat arası vergi ödəməli olduğumuz halda 200-300 min vergi hesablanır. Bunun ödənilməsi isə qeyri-mümkündür. Hətta bu vergilər nəticəsində keçmiş vergi naziri Fazil Məmmədovun zamanında həbs edilən sahibkarların sayı onlarladır.

3-cü çətinlik isə ixrac edilmiş kənd təsərrüfatı məhsulunun geri qaytarılan və hesablarımıza ötürülən pul vəsaitini banklarımızdan alarkən ay ərzində 15 mindən artıq pul çıxartdıqda kənd təsərrüfatı məhsulu istehsal edən kəndlilərin, yəni məhsulu aldığım adamların şəxsiyyət vəsiqəsi tələb olunur. Şəxsiyyət vəsiqəsi göstərilərkən istehsalçının adlarına VÖEN olduqda pul vəsaitimizin götürülməsində çətinlik yaşanır. Bank rəhbərləri "VÖEN olarsa, pul vəsaiti verilməsi nizamnaməmizə uyğun deyil" deyə cavab verirlər. Burdan da belə çıxır ki, əgər məhsul istehsal edəndən məhsulu alıb ixrac etsək və onun VÖENİ varsa, geri qaytarılan pul vəsaitlərini bizim banklardan çıxarmaq mümkün deyil", - iş adamları bildirir. 

İş adamarı qeyd edirlər ki, əgər bu halların qarşısı alınmazsa, ölkədə iqtisadi böhran daha da dərinləşəcək, həbsxanalar isə sahibkarlarla dolacaq: "Bu gün bu kənd təərrüfatı ilə bağlı ixrac əməliyyatlarında meydana gələn bu çətinlikləri aradan qaldırmaq sahibkarların imkanları xaricindədir. Sizdən xahiş edirik ki, aidiyyatı orqanlara problemlərin həll ilə bağlı tapşırıq verəsiniz.  Əks təqdirdə bu çətinliklər kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların sonunu həbsxanalara aparıb çıxaracaq".

Müraciəti aşağıdakı sahibkarlar ünvanlayıb: 

1. Hidayətov Tayyar Hidayət oğlu (050-656- 66-69)
2. Talıbov Zabil Ocaqverdi oğlu (050-227- 25-21)
3. Bədəlov Asif Maarif oğlu (051-616- 82-69)
4. Hidayətov Yaqub Raqub oğlu (051-394- 44-47)
5. Həsənov İlham Həsənqulu oğlu (050-375- 44-55)
6. Hidayətov Zöhrab Raqub oğlu (051-379- 89-69)