İslam ölkələrinin rəhbərləri Trampın qərarına qarşı

İslam ölkələrinin rəhbərləri Trampın qərarına qarşı

13-12-2017 19:34 / Bu xəbər 1688 dəfə oxundu

İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir

Dekabrın 13-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyə Respublikasının təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısı keçirilib.

Məlumatı "Azərtac” yayıb. 

Dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüdsün (Yerusəlim) İsrailin paytaxtı kimi tanınmağın zamanı gəldiyini bəyan edib. 

O, Dövlət Departamentinə diplomatik missiyanın köçürülməsi üçün hazırlıqların başlamasına göstəriş verdiyini bildirib. 

Eyni zamanda, Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək.

Trampın qərarı İslam ölkələri tərəfindən narazılıqla qarşılanıb.

"Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Tədbir müqəddəs "Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.

İslamın ilk qibləsi və üç müqəddəs məscidindən biri olan Əl-Aqsanın yerləşdiyi Qüds şəhərinin tarixi və hüquqi statusuna edilən təcavüzü müzakirə etmək üçün bir araya gəldiklərini deyən Rəcəb Tayyib Ərdoğan D.Trampın beynəlxalq hüquqa məhəl qoymadığını vurğulayıb. Türkiyə prezidenti deyib ki, BMT Təhlükəsizlik Şurasının vaxtilə qəbul etdiyi qərara əsasən heç bir ölkə Qüdsdə səfirlik aça bilməz.

"Fələstin məsələsi ədalətli şəkildə həll olunmadan beynəlxalq və qlobal sülhdən söhbət gedə bilməz. Əks təqdirdə beynəlxalq hüquqa və BMT-yə etimad sarsılar. "Qüds bizim üçün qırmızı xətdir və "Hərami-Şərif” əbədiyyətə qədər müsəlmanların olacaq”, - deyən Ərdoğan sammit iştirakçılarını Qüdsü Fələstin Dövlətinin işğal altında olan paytaxtı kimi tanımağa dəvət edib və müstəqil Fələstin dövləti ideyasından heç vaxt vaz keçməyəcəklərini bildirib.

Fələstinin prezidenti Mahmud Abbas isə bütün dünya ölkələrinin Donald Trampın qərarına qarşı olduğunu və göstərilən həmrəyliyin bu niyyətin həyata keçməyəcəyinə əminlik yaratdığını vurğulayıb: 

"Bütün ümmət birləşərək Qüdsün işğalına qarşı mübarizə aparmalı, bu şəhərin xarakterinin dəyişdirilməsinə icazə verməməlidir”. 

İordaniya Kralı II Abdullah da hesab edib ki, müsəlmanların qəlbində xüsusi yeri olan Qüdslə bağlı ABŞ-ın qərarı olduqca təhlükəlidir. Bu qərar bölgədə sülhü və sabitliyi təhdid edir: "Biz bütün məsələləri bir kənara qoyub Qüdsü müdafiə etməliyik”.

İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin də ABŞ Prezidentinin qərarını bütün beynəlxalq normalara zidd hesab edib: "Bu qərar ABŞ-ın sülh prosesində iştirakını heçə endirir”.

İran prezidenti Həsən Ruhani bu qərarının arxasında təhlükəli meyillərin dayandığını diqqətə çatdırıb. 

Azərbaycan prezidenti İlham Əliyev də deyib ki, D.Trampın bəyanatı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə qarşıdır: "Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı bizdə böyük narahatlıq yaradır. Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.

Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir”. 

Sonda tədbir iştirakçıları yekun bəyannamə qəbul edib. Sənəddə qeyd edilir ki, İƏT Şərqi Qüdsü Fələstinin paytaxtı elan edir.

Bundan başqa, İƏT üzvləri dünya ölkələrini Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırır.

Bəyannamədə vurğulanır ki, BMT Təhlükəsizlik Şurası Qüdsün statusunu müəyyənləşdirən qərar üzərində işləməlidir.