KİV qanununa senzura barədə dəyişiklik planlaşdırılır

KİV qanununa senzura barədə dəyişiklik planlaşdırılır

18-04-2018 11:16 / Bu xəbər 1784 dəfə oxundu

Ölkə parlamenti bəzi media qanunlarına dəyişiklik etməyə hazırlaşır. 

Həmin dəyişikliklər paketi bu gün, aprelin 17-də Milli Məclisin Mədəniyyət Komitəsinin iclasında müzakirə edilib.

Bu haqda Milli Məclisin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, "Kütləvi informasiya vasitələri haqqında” qanunun senzuranın yolverilməzliyi ilə bağlı maddəsinə dəyişikliklər təklif olunur.

Mövcud qanunun "Senzuranın yolverilməzliyi” adlanan hazırda qüvvədə olan mətnində kütləvi informasiya vasitələri (KİV) üzərində dövlət senzurası qadağan edilir. Ancaq 2 hal istisna təşkil edir.

Birincisi fövqəladə vəziyyət durumunda məhdudiyyətə icazə verilir. Bundan başqa, hazırkı qanun dini ekstremizm əleyhinə əməliiyyatlar zamanı da informasiyaların verilməsinə məhdudiyyətlərin tətbiq edilə bilməsini mümkün sayır.

Dəyişiklik təklifi bu çərçivəni bir qədər də genişləndirir.

Milli Məclis təklifləri qəbul etsə, hərbi vəziyyət dövründə KİV-in məlumat və materialları hərbi senzuradan keçirilə biləcək. Bundan əlavə, hərbi vəziyyət tətbiq edilən ərazilərdə KİV-ə xüsusi fəaliyyət rejimi tətbiq edilə biləcək.

"Televiziya və radio yayımı haqqında” qanuna da qeyd olunan məzmunda yeni müddəa əlavə olunması təklif edilir.

"İctimai televiziya və radio yayımı haqqında” qanuna da dəyişikliklər təklif edilir. Ancaq verilən məlumata görə, həmin təkliflər senzura ilə yox, reklam şərtləri ilə bağlıdır.

Parlamentin Mədəniyyət Komitəsi dəyişiklik təkliflərini bəyənərək, plenar iclasa göndərib.