Macar antikommunist inqilabı

Macar antikommunist inqilabı

31-10-2018 12:20 / Bu xəbər 204 dəfə oxundu

Yadigar Sadıqlı

İkinci cahan savaşı zamanı Macarıstan nasist Almaniyasının müttəfiqi idi. Müharibədən sonra isə sovet işğalı altına düşdü. 1945-ci ilin noyabrında keçirilən seçkilərdə sovetlərin dəstəklədiyi Kommunist Partiyası 17 faiz səs toplayaraq yalnız üçüncü yeri tutdu. 57 faiz səs toplayan Xırda Sahibkarlar Partiyası seçkinin qalibi oldu.Sosial-demokratlar isə 17,4 faiz topladılar.

Lakin sovet marşalı Voroşilovun rəhbərlik etdiyi işğal administrasiyası XSP-yə təkbaşına hökumət qurmağa icazə vermədi. Koalision hökumətdə yerlərin yalnız yarısı onlara verildi. Daxili işlər naziri və digər həlledici vəzifələr kommunistlərin əlinə keçdi. Onlar da bundan və sovet ordusunun köməyindən istifadə edərək hakimiyyəti təkbaşına ələ keçirməyə başladılar.

1948-ci ildə kommunistlərin və marksizm-leninizmi qəbul edən Sosial-Demokrat Partiyasının birləşməsi nəticəsində Macarıstan zəhmətkeşlər partiyası (MZP) yaranır. Başqa partiyaların, o cümlədən sosial-demokratların kommunistlərlə birləşmək istəməyən liderləri həmin Daxili İşlər Nazirliyi vasitəsilə həbs edilir.

1949-cu ilin mayında rəqabətsiz, vahid siyahı üzrə parlament seçkiləri keçirilir. Avqust ayında qəbul edilən yeni Konstitusiyaya əsasən dövlətin adı Macarıstan Xalq Respublikası olur. Ölkədə təkpartiyalı sistem qurulur, MZP-dən başqa partiyalar qadağan edilir. MZP-nin ilk rəhbəri və Baş nazir Matyaş Rakoşi Macarıstanın diktatoruna çevrilir.

Ölkənin gizli polisi rolunu Dövlət Təhlükəsizlik İdarəsi (macarca: Államvédelmi Hatóság, AVH) oynayırdı. AVH ölkənin bütün ərazisini və əhalisini nəzarət altında saxlamağa çalışırdı. İdarədə ciddi nəzarətə götürülən 1 milyondan çox insana xüsusi qovluq açılmışdı. Onlardan 650 mini təqibə məruz qalmışdılar ki, bunun da 400 mini həbsdə idi. Nəticədə AVH macar xalqının ən nifrət etdyi quruma çevrildi.

Matyaş Rakoşi hakim partiya daxilində özünə rəqib gördüyü insanlara da divan tuturdu. 1949-cu ildə 200 min kommunist həbs edildi, onların sırasında hakimiyyətin təkbaşına ələ keçirməsində müstəsna xidmətləri olan daxili işlər naziri Laslo Rayk da vardı. Rayk və bir çoxu edam edildilər. Böyük əksəriyyət isə işgəncələrə məruz qalaraq uzunmüddətli həbs cəzaları aldı.

Sosial mənsubiyyətinə görə onminlərlə adam Budapeştdən əyalətlərə köçürüldülər. Onlar kolxozlarda işləməyə məcbur edilirdilər. Təhsil sistemi siyasiləşdirildi, rus dilinin və kommunist ideologiyasının tədrisi bütün təhsil müəssisəlrində məcburi oldu. Din xadimləri də repressiyalardan yayınmadılar. Macarıstan priması kardinal Yojef Mindsenti casusluqda ittiham olunaraq ömürlük həbsə məhkum edildi.

Bu kimi repressiv xüsusiyyətlərinə görə Rakoşinin hakimiyyət illərində Macarıstan Şərqi Avropanın ən sərt diktaturası kimi tanınırdı.

Macarıstanın iqtisadi vəziyyəti ağır olaraq qalırdı. Rakoşi diktaturası iqtisadi məqsədəuyğunluqdan deyil, ideoloji doqmalardan çıxış edərək sənayeləşməyə və kollektivləşməyə üstünlük verirdi. Nəticədə əhalinin rifahı getdikcə pisləşirdi. Defisit yaranmışdı: ət, çörək, un və qənd kartoçka ilə satılırdı. 1952-ci ildə əhalinin real gəlirləri müharibədən öncəki gəlirlərin 2/3 hissəsini təşkil edirdi. Halbuki 3 il öncə bu rəqəm 90 faizə bərabər idi.

Stalinin 1953-cü ildə ölümündən sonra Matyaş Rakoşinin mövqeləri xeyli zəiflədi. SSRİ-nin yeni rəhbərliyi onun repressiv üsullarından və iqtisadi siyasətindən narazılığını bildirir. Nəticədə Rakoşi partiya rəhbəri postunu saxlasa da, Baş nazir vəzifəsini daha yaxşı iqtisadi bilgilərə malik olan İmre Nada verməli olur.

Nad hökuməti hakim rejimi xeyli yumşaltdı. Amnistiya nəticəsində çoxlu insan azadlığa buraxıldı, sosial mənsubiyyətə görə repressiyalara son verildi. İqtisadiyyatda daha çox yüngül və qida sənayesinin inkişafına diqqət ayrıldı, kənd təsərrüfatına müəyyən müstəqillik verildi, ərzaq qiymətləri və xidmət tarifləri aşağı salındı. Nəticədə İmre Nad əhali arasında xeyli populyarlıq qazandı.

Lakin Matyaş Rakoşi revanş cəhdlərindən əl çəkməmişdi. Onun apardığı intriqalar nəticəsində 1955-ci ilin aprelində Nad vəzifəsini itirdi. Cəmi 33 yaşı olan yeni Baş nazir Andraş Hegedüşün təcrübəsizliyindən istifadə edən Rakoşi və ətrafı yenidən stalinist siyasət yürütməyə başladılar.

Bununla belə, bu, müvəqqəti uğur oldu. 1956-cı ildə Sovet Kommunist Partiyasının XX qurultayında Xruşşov stalinizmi kəskin tənqid edən məruzə ilə çıxış edəndən sonra Rakoşi Moskvanın tələbi ilə partiya rəhbəri postundan istefa veməli oldu, onun yerini Ernö Gerö tutdu. Lakin Gerö öz siyasi baxışlarına görə Rakoşidən fərqlənmirdi, o da qatı stalinist idi.

Bununla belə, Rakoşinin siyasi səhnədən uzaqlaşdırılması təsirsiz ötüşmədi. Macarıstanda tənqidçi meyllər artmağa başlayır, yeni yaranan "Petefi dərnəkləri"ndə ölkənin problemləri açıq-aşkar müzakirə olunurdu. İyun ayında Polşanın Poznan şəhərində fəhlələrin əmək şərtlərinin yaxşılaşdırılması tələbilə keçirdikləri etiraz aksiyası macar gəncliyinə ciddi təsir göstərdi.

Ölümündən sonra bəraət almış Laslo Raykın oktyabrın 6-da yenidən dəfn olunması mərasimi Macarıstan inqilabı ərəfəsində ilk ciddi siyasi hadisə oldu. Rayk özü kommunist olsa da, movcud stalinist hakimiyyətin qurbanı sayılırdı. Buna görə də onun yenidən dəfn mərasiminə əsasən etirazçı gənclərdən ibarət olan 100 minlik kütlə toplaşdı.

Oktyabrın 16-da Seqed Universitetinin tələbələri hakimiyyətin nəzarətində olan "Gənclərin demokratik ittifaqı" (SSRİ-dəki komsomolun analoqu) təşkilatından çıxaraq müstəqil tələbə təşkilatı yaratdılar. Tezliklə başqa universitetlərin tələbələri də onlara qoşuldular. Budapeşt tikinti sənayesi universitetinin (indiki Texniki Universitet) tələbələri müstəqil təşkilatlarını yaradaraq, oktyabrın 22-də hökumətə 16 bənddən ibarət tələblərini təqdim etdilər.

Sənəddə MZP-nin növbədənkənar qurultayının çağırılması, İmre Nadın Baş nazir təyin edilməsi, azad seçkilərin keçirilməsi, sovet qoşunlarının ölkədən çıxarılması, Stalinin heykəlinin götürülməsi və digər tələblər əksini tapdı. Tələbələr bu istəklərinin müdafiəsi üçün ertəsi gün Macarıstanın milli qəhrəmanı general Yuzef Bemin abidəsi önündən digər milli qəhrəman, şair və inqilabçı Şandor Petefinin abidəsinə qədər yürüş keçirəcəklərini bildirirdilər.

***
Oktyabrın 23-də saat 15.00-da başlayan nümayişdə əvvəlcə 20 min adam iştirak edirdi, tədricən isə onların sayı 200 minə çatdı. Axşam saatlarında MZP rəhbəri Ernö Gerö radio ilə çıxış edərək, aksiyaya "faşist", "şovinist", "antisemit" kimi yarlıqlar yapışdırdı. Üsyan iştirakçısı, 1990-cı ildə Macarıstanın prezidenti seçiləcək Arpad Qönts sonralar Gerönin bu çıxışını alovun üzərinə tökülən benzinlə müqayisə edirdi.

Macar inqilabı, 1956-cı il

Qəzəblənən kütlə Macarıstan radiosunun binasına qarşı yönəldi. Onlar hesab edirdilər ki, radio vasitəsilə Gerönin böhtanlarına cavab vermək, öz həqiqi tələblərini ictimailəşdirmək hüquqları var. Radionu isə AVH əməkdaşları qoruyurdu. Onların açdığı atəş nəticəsində inqilab ilk qurbanlarını verdi.

Hadisələrin iştirakçısı Mariya Fitner xatırlayır: "Radio binasına dalbadal təcili yardım maşınlarının gəlməsi etirazçılarda şübhə yaratdı. Onlardan biri saxlanıldı və məlum oldu ki, AVH əməkdaşları və silah-sursat daşınır. Həmin silahlar insanların əlinə keçdi. Bununla da radio binasının əsl mühasirəsi başlandı". AVH əməkdaşlarının köməyinə göndərilən hərbçilər isə xalqın tərəfinə keçdilər.

İnqilabçılar tezliklə hərbi hissələrdən də silahlar əldə etdilər. AVH-dən fərqli olaraq hərbçilər etiraza ya bitərəf yanaşır, ya da ona qoşulurdular. Etirazçıların bir hissəsi Stalinin 25 metrlik heykəlinə doğru gedərək, onu uçurdular. Radio binası ətrafında atışma isə bütün gecə davam etdi.

Gecə saatlarında Ernö Gerö və Baş nazir Andran Hegedüş Macarıstan rəhbərliyi adından rəsmən SSRİ-yə müraciət edərən Budapeştə hərbi hissələrin yeridilməsini xahiş etdilər. Eyni zamanda üsyançıları sakitləşdirmək üçün İmre Nadın Baş nazir vəzifəsinə qaytarılması qərara alındı.

SSRİ müdafiə naziri Jukovun əmri ilə sovet qoşunları (6 min hərbçi, 290 tank, 120 zirehli transportyor) Badapeştə daxil oldular. Yeni Baş nazir İmre Nad radio ilə əhaliyə müraciət edərək, sakitliyi qorumalarını istədi. İnsanların bir çox yerdə kommunist simvollarını məhv etmələrinə baxmayaraq, inqilabın ikinci günü nisbətən sakit keçdi.

Oktyabrın 25-də isə sovet qoşunları ilə macar inqilabçıları arasında atışmalar başladı. Ehtimal ki, ilk silahlı insident parlament binası önündə AVH təxribatı nəticəsində yarandı. Tezliklə bütün Budapeşti küçə döyüşləri bürüdü. Qorxuya düşən Ernö Gerö sovet hərbçilərinin köməyilə SSRİ-yə qaçdı. 3 gün sonra Hegedüş də eyni cür davrandı.

Gerönün yerinə MZP-nin rəhbəri Yanoş Kadar seçildi. 1948-1950-ci illərdə daxili işlər naziri olan Kadar da Rakoşi repressiyalarının qurbanı idi. 1951-1954-cü illləri həbsdə keçirmişdi. O cümlədən bir müddət SSRİ-də məşhur "Vladimir sentralı"nda saxlanılmışdı. Kadar dəyişikliklər tərəfdarı kimi tanınır və İmre Nadı dəstəkləyirdi.

Sovet rəhbərliyi tankların Budapeşt küçələrində görünən kimi asayişin bərpa olunacağına inanırdı. Lakin belə olmadı. Macarlar kütləvi surətdə silahlı müqavimət göstərirdilər. Şəhərin hər rayonunu müdafiə edən müstəqil silahlı dəstələr formalaşırdı. Sovetlərin macar ordusunun köməyinə bəslədikləri ümid isə özünü doğrultmadı.

Üsyançılardan Yojef Dudaşın rəhbərlik etdiyi 400 nəfərlik dəstə AVH əməkdaşlarına qarşı xüsusi amansızlığı ilə seçilirdi. Maraqlıdır ki, Dudaş müharibə illərində və sonrakı ilk dövrdə kommunistlərin tərəfdarı idi. Lakin tezliklə onların siyasətini bəyənməyərək, üz döndərir. İndi AVH əməkdaşları və Kommunist Partiyasının funksionerləri üçün ən pis tale keçmiş məsləkdaşları olan Dudaşa əsir düşmək idi. Belə halda onları xüsusi amansızlıqla edam gözləyirdi. Ümumilikdə hadisələr zamanı 37 AVH əməkdaşının linç edilərək, öldürüldüyü təxmin edilir.

Oktyabrın 27-də Nad sovet nümayəndələri Mikoyan və Suslovla görüşür. Baş nazir etirazçıların bəzi tələblərinin yerinə yetirilmədən vəziyyəti normallaşdırmağın mümkünsüzlüyünü qeyd edir. Bu tələblər sırasında sovet qoşunlarının ölkədən çıxarılması, Macarıstanın Varşava Müqaviləsi Təşkilatını (sosialist ölkələrinin hərbi-siyasi təşkilatı) tərk etməsi də vardı.

Ertəsi gün sovet rəhbəri Xruşşov atəşi dayandırmaq, təxribatlara cavab verməmək və Budapeşti tərk etmək barədə göstəriş verir. Həmin gün İmre Nad yeni radiomüraciətində baş verən hadisələri "inqilab" adlandıraraq bəraət qazandırdı. Hətta sovet hökumətinin oktyabrın 30-da qəbul etdiyi və ertəsi gün mətbuatda yayılan bəyannaməsində Macarıstan hadisələri "zəhmətkeşlərin ədalətli və mütərəqqi hərəkatı" adlandırılır.

Sovet bəyannaməsində sosialist ölkələri ilə qarşılıqlı münasibətlərin əsaslarından danışılırdı. Hətta Varşava müqaviləsi təşkilatı üzvləri olan ölkələrlə onların ərazisindəki sovet qoşunları məsələsini müzakirə etməyə hazır olduğu bildirilirdi. Bu, Kremlin xarici siyasətində inqilabi dəyişiklik idi.

Oktyabrın 29-da İmre Nad hökuməti AVH-ni ləğv etdi, 30-da təkpartiyalı sistemdən imtina etdi, digər partiyaların yaradılmasına icaz verdi. Ertəsi gün MZP buraxıldı, bir gün sonda onun əsasında Macarıstan sosialist fəhlə partiyası (MSFP) yaradıldı, lideri yenə Yanoş Kadar seçildi.

1955-ci ildə Avstriya ilə sülh müqaviləsinin bağlanması, Vyananın "əbədi bitərəflik" elan etməsi Macarıstanda ciddi rezonans doğurmuşdu. Macarlar da bitərəf dövlət olmağa can atırdılar. İmre Nad da ölkənin belə kurs götürəcəyini, Varşava müqaviləsindən çıxacağını bildirirdi.

Sovet hökumətinin heyrətamiz pasifist mövqeyi isə cəmi bir gün sonra dəyişdi. Oktyabrın 31-də Sov.İKP-nin Rəyasət Heyətinin toplantısında Xruşşov qoşunların Macarıstanda qalmasının və "qayda-qanun yaradılmasında təşəbbüsə yiyələnməsinin" zəruri olduğunu söylədi.

Tarixçilər və siyasətçilər belə kəskin dəyişikliyin səbəbləri haqqında indiyə qədər mübahisə edirlər. Bir çox hadisənin, əsasən də Süveyş böhranı çərçivəsində İngiltərə və Fransanın Misirə qarşı təcavüzünün səbəb olduğu zənn edilir. Digər tərəfdən, Moskva anlayırdı ki, çoxpartiyalı sistemdə kommunistlər hakimiyyəti saxlaya bilməyəcəklər və Macarıstan sosialist düşərgəsndən uzaqlaşacaq.

Üsyançıların radikallaşması səbəbindən proseslərin nəzarətdən çıxdığını düşünən Nad hökumətində də parçalanma yaranır. Əvvəl dəyişiklik tərəfdarı olan bəzi siyasətçilər indi Moskvanın hadisələrə müdaxiləsini istəyirlər. Ciddi götür-qoydan sonra Kreml özünün yaradacağı marionet hökumətə Yanoş Kadarın rəhbərlik etməsi barədə qərar verir. Beləcə, formal cəhətdən müstəqil olan ölkənin hökumətini onun əhalisi deyil, başqa ölkənin rəhbərliyi seçirdi.

İmre Nad isə bu zaman sovet qoşunlarının Macarıstandan çıxmasını gözləyirdi. Əvəzində noyabrın 1-də ölkəyə yeni-yeni sovet hərbi hissələrinin daxil olması xəbərini alır. Baş nazir sovet səfiri Yuri Andropovdan izahat tələb etsə də, qaneedici cavab ala bilmir.

Noyabrın 3-də sovet KQB-nin sədri İvan Serov macar hökumətinin müdafiə naziri Pal Meleteri Budapeşt yaxınlığındakı Tököl şəhərciyində danışıqlara dəvət edir. Görünür, Meleter Serovun tərcümeyi-halına bələd deyildi. O, İkinci cahan savaşı illərində Polşanın nasist, sonra da sovet işğalına qarşı mübarizə aparan Armiya Krayovanın rəhbərliyinin də təhlükəsizliyinə təminat verərək görüşə çağırmış, sonra da hamısını həbs etmişdi.

Pal Meleter və onu müşayiət edən adamlar eyni aqibətlə üzləşdilər. Danışıqlar gedən zaldaca həbs olundular. Bununla da macar müqaviməti başsız qaldı.

***

"Burulğan" adı verilən sovet təcavüzündə15 diviziya olmaqla 60 min hərbçi, 3 mindən artıq tank iştirak edirdi. Onların yarısı Macarıstanın digər ərazilərini nəzarətə götürməli, yarısı isə Budapeştə müdaxilə etməli idi.

Kadar hökumətinin yardım müraciəti hərbi əməliyyatın başlanması üçün bəhanə oldu (oyuncaq hökumət yaradıb onun müraciəti əsasında təcavüz etmək Moskvanın sevimli fəndidir). Paytaxta qarşı əməliyyat SSRİ müdafiə naziri Jukovun şəxsi rəhbərliyi altında noyabrın 4-də səhər tezdən başladı.

Təxminən 5 gün ərzində macar vətənpərvərləri sovet qoşunlarına ciddi müqavimət göstərdilər. Xüsusən "Korvin passajı" deyilən ərazidə şiddətli döyüşlər getdi. Lakin qüvvələr qeyri-bərabər idi. Noyabrın 10-dan etibarən yalnız ayrı-ayrı sahələrdə müqavimət ocaqları vardı ki, iki gün ərzində onlar da susduruldular.

Macar inqilabı, 1956-cı il

Müdaxilə sovet qoşunlarına ucuz başa gəlmədi, 669 hərbçi öldürüldü, 51 nəfər itkin düşdü, 1251 nəfər isə yaralandı. Macarıstan tərəfdən isə 2652 üsyançı, 348 dinc sakin öldürüldü, 19 226 nəfər isə yaralandı. 200 min insan qonşu kapitalist ölkələrinə qaçdı.

İmre Nad və digər hökumət üzvləri ikinci sövet təcavüzü başlayan kimi Yuqoslaviya səfirliyində gizləndilər. Noyabrın 22-də Yanoş Kadarın ölkədən çıxmaq azadlığı barədə yazılı təminatına inanaraq səfirliyi tərk edərkən həbs edildi. O, 1958-ci ilə keçirilən qapalı məhkəmədə ölüm hökmünə məhkum edildi və iyunun 16-da keçmiş müdafiə naziri Pal Meleterlə birlikdə asılaraq edam edildi.

Ümumilikdə 26 min insan həbs olundu, onlardan 22 mini müxtəlif həbs cəzalarına məhkum edildilər. Edam olunanlar barədə müxtəlif rəqəmlərə rast gəlmək olar. Ən çox rast gəlinən rəqəm 229-dur. Lakin 1990-1994-cü illərdə Macarıstanın xarici işlər naziri olmuş Geza Yesenski 350 nəfərin edam olunduğunu iddia edir.

Budapeştin müxtəlif ərazilərinin müdafiəsini həyata keçirən dəstələrin komandirləri Yojef Dudaş, Yanoş Sabo, Laslo İvan Kovaç, Robert Ban, türk kökənli Kamal Əkrəm və digərləri edam olundular. Ən ağır cəza alanlar arasında hətta 6 qadın da vardı. Qəbul edilən xüsusi qanuna görə edam hökmü 16 yaşdan yuxarı hər kəsə şamil oluna bilərdi. 18 yaşı tamam olmadan törətdiyi əməllərə görə edam olunan ən azı bir nəfər məlumdur: Peter Mansfeld.

Noyabrın 4-də əhaliyə müraciət edən Yanoş Kadar sovet təcavüzünü "fəhlə və kəndlilərin maraqlarını qorumaq" zərurətindən doğduğunu əsaslandırırdı.

Lakin sovet ordusuna ən ciddi müqavimət göstərən elə fəhlələr idi. Həlak olanların sosial tərkibinə görə onlar ilk yeri tuturdular - 46,4 faiz.

***

1956-cı il yay Olimpiadası təşkilatçı ölkənin (Avstraliya) ekvatordan aşağıda yerləşməsi səbəbindən yayda deyil, noyabrın 22-də başladı. İspaniya, İsveçrə və Niderland Macarıstanın SSRİ tərəfindən işğalına etiraz olaraq oyunlarda iştirak etmədilər.

Dekabrın 6-da Olimpiadanın su polosu turnirinin yarımfinalında SSRİ və Macarıstan komandaları qarşılaşdılar. Bir ay öncə baş verən hadisələr oyuna ciddi təsir etdi. İdmançılar bir-birlərinə qarşı tez-tez kobudluq edirdilər. Oynun son dəqiqələrində, hesab 4:0 macarların xeyrinə olarkən sovet idmançısı Prokopov macar Ervin Zadorun sifətinə zərbə endirdi.

Qaşı partlayan Zador hovuzda arxasınca qan izi buraxaraq, oyuna davam etdi. Baş verənlər tamaşaçıların sərt reaksiyasına səbəb oldu. Onların hamısı macarlara azarkeşlik edir, antisovet şüarlar səsləndirirdilər. Matçın son dəqiqəsində yeni dava-dalaşın düşməsi səbəbindən oyun dayandırıldı və hesabda öndə olduqlarına görə qələbə macarlara verildi.

Macarıstan vaterpolçuları finalda Yuqoslaviyaya 2:1 hesabı ilə qalib gələrək, qızıl medal qazandılar. Komandanın yarısı, Ervin Zador da daxil olmaqla, vətənə qayıtmaqdan imtina edərək Qərbdə siyasi sığınacaq aldı. Ümumilikdə Melburn olimpiadasında iştirak edən Macarıstan nümayəndə heyətinin 100 üzvü ölkəsinə qayıtmadı.

ABŞ-da çıxan həftəlik TİME jurnalı ənənəvi "İlin adamı" kateqoriyasında 1956-cı ilin laureatı olaraq anonim "Macar azadlıq mübarizi"ni seçdi.

***

Macarıstan antikommunist inqilabının məğlubiyyətinin səbəbi ilk növbədə beynəlxalq vəziyyətlə bağlı idi. Dünya Avropada qüvvələr balansının dəyişməsinə, sosialist düşərgəsindən qopmalara hazır deyildi. Təsadüfi deyil ki, Qərb nə inqilaba ciddi dəstək verdi, nə də sovet təcavüzünü ciddi pislədi.

Əksinə, bəzi məlumatlara görə, ABŞ Macarıstandakı hadisələrə bitərəf qalacağını Moskvadakı səfirliyi vasitəsilə sovet rəhbərliyinin nəzərinə çatdırmışdı. İngiltərə və Fransanın başı isə Süveyş kanalından ötrü Misiri cəzalandırmağa qarışmışdı.

Məhz İngiltərə və Fransanın Misirə təcavüzü SSRİ-ni Macarıstan hadisələrini zor gücünə yatırmağa sövq etdi. Əgər onlar müstəqil dövlətə qarşı, özü də tamamilə ədalətsizcəsinə təcavüzə başlaya bilirdilərsə, Moskva eyni şeyi niyə özünə rəva görməməli idi?

Ümumiyyətlə, Qərb, o cümlədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Macarıstanda nə baş verdiyi barədə tam məlumata malik deyildi. Məsələn, MKİ hesab edirdi ki, sovet ordusunun oktyabrın 24-dəki ilk müdaxiləsi İmre Nadın dəvətilə baş tutub. Buna görə də Azad Avropa radiosunda onun əleyhinə təbliğat aparılır, "vətən xaini" adlandırılırdı.

Nəticədə Macarıstan beynəlxalq dəstəkdən mərhum halda nəhəng hərb maşını ilə üz-üzə qaldı. Sosialist düşərgəsinin mövcud olduğu 45 il ərzində ən böyük antikommunist inqilab macar xalqının bütün fədakarlığına baxmayaraq məğlub oldu.

Görkəmli nasir və filosof Alber Kamyu Qərbin Macarıstan hadisələrinə biganəliyini İspaniyadakı vətəndaş müharibəsi zamanı elan edilən bitərəfliklə müqayisə edirdi: "Həqiqət ondan ibarətdir ki ... beynəlxalq aləm Macarıstanın gülləbaranına icazə verdi. Hələ 20 il öncə biz xarici diktatura ordularına ispan inqilabını tapdamağa imkan verdik. Bizim bu əcaib səyimiz mükafat olaraq İkinci dünya müharibəsi şəklində qarşımıza çıxdı".

Macar inqilabı Qərbi Avropanın kommunist partiyalarında və ona rəğbət bəsləyən ziyalılar arasında ciddi fikir ayrılığı yaratdı. Jan Pol Sartr, Emmanuel Le Rua Ladüri kimi intellektuallar Fransa Kommunist Partiyasını tərk etdilər, SSRİ-nin tənqidçisinə çevrildilər.

Ən böyük sarsıntılar isə İtaliya Kommunist Partiyasında baş verdi. Palmiro Tolyatti, Corco Napolitano kimi rəhbərlər sovet aksiyasını dəstəkləsələr də, 101 üzv "Manifest 101" adını alan sənədlə etiraz etdilər. Partiyanın nüfuzlu üzvlərindən Ümumitalyan Əmək Konfederasiyası adlı həmkarlar ittifaqının sədri Cüzeppe di Vittorio, Antonio Colitti, Loris Fortuna və digərləri macar inqilabının yatırılmasını pislədilər.

Bununla belə, qeyd etmək lazımdır ki, macar xalqına qarşı törədilən bu ağır cinayət ümumən dünyada sakit qarşılandı. 12 il sonra oxşar səbəblərdən Çexoslovakiyaya daha qansız müdaxilə xeyli kəskin rezonans doğuracaq.

2005-ci ildə yazdığı tərcümeyi-halda Corco Napolitano əvvəlki mövqeyinin yanlış olduğunu etiraf etdi. Bununla belə, onun bir il sonra İtaliyanın prezidenti kimi macar inqilabının 50 illiyinə həsr edilən tədbirlərə dəvət olunması inqilabın sağ qalan iştirakçılarının kəskin etirazına səbəb oldu.

1989-cu ildə kommunist hakimiyyətindən qurtulan Macarıstan inqilabın başladığı 23 oktyabr gününü milli bayram - Respublika Günü elan etdi.

Meydan.Tv