Media 2017-də: əyri düzəlişlər

Media 2017-də: əyri düzəlişlər

02-01-2018 01:47 / Bu xəbər 2141 dəfə oxundu

Ələsgər MƏMMƏDLİ
media hüququ üzrə ekspert

Son 4 ildə Azərbaycanda medianın və jurnalistlərin hüquqlarını qoruyan, onlara qarşı basqıları və ya təhlükələri içtimai rəyə çatdırıb səs salan vətəndaş cəmiyyəti qurumlarının olmaması, bu sahədə ixtisaslaşmış QHT-lərin bağlanması, onların fəal təmsilçilərinin ölkədən çıxarılması və ya çıxmaq məcburiyyətində qalması, bu sahədə geniş təcrübəyə malik beynəlxalq humanitar təşkilatların nümayəndəliklərinin bağlanması, həmçinin ATƏT-in Vyanada yerləşən media ofisinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi ölkə mediasının vəziyyətini istər hüquqi, istərsə də praktik cəhətdən xeyli pisləşdirib.

2014-cü ilin ortalarınadək ölkədə medianın hüquqi vəziyyətinə dair daha peşəkar və institsional fəaliyyət göstərən qurumlar vardı. Media Hüquqları İnstitutu sistemli şəkildə qanunvericiliyi analiz edir, tövsiyələr hazırlayıb ictimai rəyi yönəldir, təhlükələri öncədən göstərməyə çalışırdı. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu daha çox jurnalistlərin təhlükəsizlik problemlərini qabardır, onlara qarşı basqı və təzyiqləri ictimailəşdirirdi. Bir sözlə, bu iki qurum ictimai nəzarət funksiyasını həyata keçirir, jurnalistlərə və mediaya qahmar çıxırdı.

İREX, "İnternyus”, ABA CELLİ, "Cemonix” və başqa beynəlxalq qurumlar daha çox jurnalistlərin maarifləndirilməsinə, jurnalist araşdırmalarının aparılmasına təkan verir, bu sahədə problemlərin aradan qaldırılmasına dəstək olurdular. ATƏT-in media ofisinin Bakıdakı nümayəndəliyi media məsələlərinə müntəzəm diqqət ayırır, hökumətlə vətəndəş cəmiyyəti arasında körpü rolunu oynayır, məsələlərin birgə müzakirəsinə şərait yaradır, zaman-zaman da beynəlxalq öhdəliklərini hökumətin diqqətinə çatdırırdı.

3 ildir bunların heç biri yoxdur. Bu müddətdə ölkədə istər medianın praktik vəziyyəti, istərsə də onun hüquqi tənzimlənməsini müəyyən edən qanunvericilik aktları beynəlxalq standartlardan xeyli uzaqlaşdırılıb.

Eləcə 2017-ci ildə qanunvericiliyə gətirilən dəyişiklik və yeniliklər yetərlidir ki, ölkənin Milli Təhlükəsizlik Konsepsiyasında da yer alan Avropaya inteqrasiya prosesindən və həmin prosesdə mühüm rol oynayan Avropa standartlarından nə qədər uzaqlaşdığımızı görək.

Vəziyyətin ürəkaçan olmadığını, antidemokratik istiqamətdə irəlilədiyini dərk etmək üçün dərin bir araşdırmaya ehtiyac da yoxdur, qısa nəzər yetirəndə hər şey aydın olur.

2017-ci ilin fevral ayının əvvəlində media mühitinə bomba kimi düşən və cəmiyyəti silkələyən dəyişiklik peyda oldu. İnternet mediasının bloklanması və bağlanmasına hüquqi zəmin yaradıldı. "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna bir fəsil əlavə edildi. Bu əlavələrin demək olar hamısı hüquqi münasibətlərdən kənara çıxan, legitim mənafelərə cavab verməyən, media azadlığının üstünlüyü prinsipini aradan qaldıran müddəalardır. Dəyişiklik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məhkəmə qərarı olmadan medianın internet resursunu bağlamaq hüququ verdi. Dərhal, martın 27-də nazirlik azad və plüralist, habelə tənqidi KİV-lərin internet resurslarına həmləyə keçdi və 5 resursa girişi yasaqladı. Nazirlik bu özbaşına addımı fevralın 1-də qanunvericiliyə gətirilən və mənası qeyri-müəyyən olan "qadağan olunmuş informasiyaların” yayılmasının qarşısını almaq bəhanəsi ilə atdı. Həmn resurslar məhkəməyə müraciət etsələr də, Səbail Rayon Məhkəməsi maddi və prosessual qanunvericiliyin tələblərini pozmaqda davam edərək, bloklanma qərarını qüvvədə saxladı. Beləliklə, nə nazirlik, nə də məhkəmə "qadağan olunmuş informasiyaların” nədən ibarət olduğunu izah etmədi. Əgər həmin qurumlar həqiqətən də qadağan olunmuş informasiyaları yaymışdılarsa, o zaman qanunvericilikdə o məlumatların nə olduğuna görə əlavə hüquq məsuliyyət tətbiq edilməli idi. Yəni əgər bu qadağan olunmuş informasiyalar sirdirsə sirrə görə, böhtan və ya təhqirdirsə bunlara görə hüquqi məsuliyyət müəyyən olunmalı idi.

Beləliklə, fevralda qanunvericiliyə gətirilən bu məhdudlaşdırıcı dəyişiklik ilk olaraq tənqidi mövqeyi ilə seçilən və cəmiyyəti alternativ mənbə kimi məlumatlandıran resurslara – www.azadlıg.org, www.azadlıq.info, www.azerbaycansaatı.com, www.turan.tv və www.meydan.tv saytlarına girişin qadağan olunması ilə nəticələndi. Əlbəttə, bu sadəcə başlanğıc idi. Hazırda məhkəmə qərarı olmadan məhdudlaşdırılan resursların sayı 20-dən çoxdur.

Bir problem də həmin resurslara dair verilən qərarların qısa müddətdə məhkəməyə daşınmamasıdır. Halbuki bloklanan resursun bloklanmasına dair verilən inzibati qərar məhkəməyə çıxarılmalıdır. Lakin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nədənsə özünə bu əziyyəti vermir və resursları ucdantutma bloklamaqla işini bitmiş sayır. Nazirlik ayrıca ona vəzifə kimi tapşırılan bloklanmış resursların reyestrini (siyahısını) yaymaq vəzifəsini də icra etmir və beləliklə, qeyri-şəffaf və səlahiyyətli senzura qurumu kimi fəaliyyətini sürdürür.

2017-ci ildə media sferasının ikinci şoku fevralın 14-də "Hərbi vəziyyət haqqında” qanunun qəbulu ilə yaşandı. 1998-ci ildə rəsmi senzuranın ləğvindən sonra ilk dəfə mətbuata senzuranın tətbiqinə dair müddəalar yenidən qanunvericiliyə qaytarıldı. Halbuki 1995-ci ildə qəbul edilən və 1998-ci ildən qüvvədə olan konstitusiyanın 50-ci maddəsinin 2-ci bəndindəki müddəaya əsasən, "Kütləvi informasiya vasitələrində, o cümlədən mətbuatda dövlət senzurası qadağandır”. Konstitusiya senzuranı açıq şəkildə yasaqlayır. Ona görə senzuranı hətta istisna hal, məhdudlaşdırma sanksiyası kimi də heç bir halda tətbiq etmək olmaz. Hərbi senzura dövlət senzurasıdır. Dövlət senzurasını isə ali hüquqi norma olan konstitusiya qadağan edib. Deməli, "Hərbi vəziyyət haqqında” qanunda senzuranın nəzərdə tutulması konstitusiyanın kobud şəkildə pozulmasıdır. Buna qədər hərbi vəziyyət rejimində KİV azadlığına məhdudiyyətlər tətbiq edilə bilsə də, senzuranın tətbiqi mümkün deyildi. Yeni qəbul olunan "Hərbi vəziyyət haqqında” qanunun 1.0.3-cü maddəsində isə kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, digər dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması tələbi qoyulur. Beləliklə, medianın nəyi yayacağı, nəyi yaymayacağı öncədən dövlət qurumlarının və vəzifəli şəxslərin düşüncələrinə, dünyagörüşünə, hüquq bilgisinə və nəhayət, demokratiya anlayışına bağlı olacaq. Həmin qanunun 10-cu maddəsi isə hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlər içərisində kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi senzuradan keçirilməsini də nəzərdə tutur. Ayrıca, cəbhəboyu zonada kütləvi informasiya vasitələrinin fəaliyyətinin tənzimlənməsinin də bu çərçivədə səlahiyyətlər içərisində olduğunu vurğulayır.

2017-ci ilin may ayında Milli Məclis jurnalistlərin əsas hüquqi münasibətlərini tənzimləyən "Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavələr etdi. Yuxarıda bəhs edilən və hüquqi baxımdan legitim sayılmayan dəyişikliklər bu qanuna da salındı. Üstəlik, 3-cü maddədə, anlayışlar qismində internet informasiya resursları da mətbuat halqasına əlavə edildi, sui-istifadə hallarının çevrəsi genişləndirildi. Aydın ifadə edilən və yayılmasına yol verilməyən şəxsi həyat sirləri, qanunla qorunan sirlər hissəsinə qeyri-müəyyən və nə olduğu bilinməyən "yayılması qadağan edilən digər informasiya” da əlavə olundu, bulanıq tənzimləmə gətirildi. Avropa Məhkəməsinin qərarlarında da çox aydın ifadə edilir ki, qanun açıq, aydın, anlaşılan olmalıdır. "Digər informasiya”nın içərisinə hər şeyi əlavə etmək olar. Bu maddə məhz məsuliyyət yaradan halları müəyyən etdiyi üçün jurnalist bilməlidir ki, konkret nə məsuliyyət yaradır. "Qanunla qadağan edilən digər informasiya”nın adı, qoruduğu hüquqi mənafe bəlli deyil. Bu formada məhdudlaşdırma ilə məsuliyyətin yaradılması hüquq nəzəriyyəsini alt-üst edir.

"KİV haqqında” qanuna edilən digər bir dəyişiklik də bu qanunun mahiyyətini geri plana atdı və müasir medianın əslində internetin üzərində olduğunu gözardı edərək, internet informasiya ehtiyatlarının məhdudlaşdırılmasını "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna həvalə etdi. Yəni fevralda gətirilən məhdudlaşdırıcı və qeyri-legitim tənzimləmələrin "KİV haqqında” qanunun üzərində olduğunu göstərmiş oldu. Beləliklə, 1999-cu ildə Azərbaycanın Avropa Şurasına qəbulu ilə bağlı geniş müzakirələrə səbəb olan və hüquqi ekspertizalardan keçirilən, sonda da bir sıra pozitiv dəyişikliklərə məruz qalan "KİV haqqında” qanunun mahiyyəti sürətlə eybəcərləşməyə və jurnalistləri qurumamaqdan çıxıb, təhdid edən forma almağa başladı.

2017-ci ilin sonlarına doğru Milli Məclis "əkdiklərini biçmək” məsədi ilə oktyabr və dekabr aylarında inzibati və cinayət məsuliyyəti yaradan normalara əl gəzdirdi. Cəzaları və cərimələri artırıb, yeni cəza növləri gətirdi. Həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə jurnalistləri və ifadə azadlığından istifadə edən hər kəsi çərçivələyəcək, qurxudacaq, çəkindirəcək müddəalar daxil edildi.

Dekabrın 1-də İnzibati Xətalar Məcəlləsinə məsuliyyət yaradan iki fərqli maddə (388-1 və 370-1-ci maddələr) əlavə olundu. Bunlardan biri yuxarıda qeyd etdiyim internet informasiya ehtiyatında "yayılması qadağan edilən informasiya”nın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına görə məsuliyyəti nəzərdə tutur. Bu maddə ilə internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına görə vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslər 2000-2500 manat manatadək məbləğdə cərimə edilir. Ayrıca həmin maddədə bir qeyd də var: "Bu Məcəllənin 388-1.1.1-ci maddəsi həmin maddədə göstərilən əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir”. Yəni bu əməl cinayət məsuliyyəti də yaradır.

Yeni əlavə edilən 370-1-ci maddə isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sözünə dərhal baxmayan provayder və operatorların cəzalandırılmasını nəzərdə tutur. Burda provayder və operatorların fiziki şəxslərdən daha az pul qazandığını (!) nəzərə alan parlament cərimələrin məbləğini fiziki şəxslərə nisbətdə daha az qoyub. Vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir. Məsələn, "Azercell” qaydanı pozsa 1500 manat, vətəndaş Azər qaydanı pozarsa 2000-2500 manat cərimə olunacaq. Əslində bu fərq də göstrərir ki, əsas hədəf vətəndaşı və informasiya resursları sahiblərini hədəf alıb, qorxutmaqdır.

Haşıyəyə çaxaraq bir məqamı da vurğulamaq istəyirəm. Vətəndaşa və jurnalistə qarşı tətbiq edilən cərimələrin miqdarında parlament çox səxavətlidir və yüksək cərimələri nəzərdə tutur. Lakin nədənsə İnzibati Xətalar Məcəlləsinin 381-ci maddəsində kütləvi informasiya vasitələrinin yayılmasına mane olmaya, yaxud 382-ci maddədə jurnalistlərin hüquqlarının pozulmasına görə tətbiq edilən cərimələrin miqdarı 100-150, 300-500 manat arası dəyişir və 2017-ci ildə bu cərimələrin miqdarı artırılmadı. Halbuki əsas hədəfi jurnalistlər olan Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir) və 148-1-ci (sosial mediada böhtan və təhqir) maddələrində nəzərdə tutulan cərimələrin miqdarı 2017-ci ilin may və oktyabr aylarında 3 dəfədən çox artırılıb və 300-1000 manat arası cərimələr 1000-1500 manat olub. Cinayət Məcəlləsinin 155-ci və 156-cı maddələri də əslində yazışma və özəl həyat sirlərinin yayılmasına görə cəzaları nəzərdə tutduğundan bu maddələr də birbaşa media və jurnalistləri təhdid edən maddələrdir. 2017-ci il həm də bu maddələrdəki sanksiyaların 5-10 dəfə atrırılması ilə yadda qaldı. 100-500 manat arasında olan cərimələrin miqradı 1000-2000 manatadək artırıldı.

Cinayət məsuliyyətindən söz düşmüşkən, 2017-ci il jurnalistlərin diffamasiyaya (böhtan və təhqirə) görə cəlb edildikləri məsuliyyət növlərinə yenisinin əlavə olunması ilə də yadda qaldı. Təəssüf ki, diffamasiyanın dekriminallaşması məsələsi illərdir növbəti – qeyri-müəyyən illərə təxirə salınır. 20 oktyabr 2017-ci ildə Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin sanksiyalarına 3 ilədək azadlığın məhdudlaşdırılması sanksiyası da əlavə edildi. Anoloji dəyişiklik 156.2-ci maddədə də oldu, sanksiyalar arasına 2 il azadlığın məhdudlaşdırılması əlavə edildi. Beləliklə, hər iki sanksiyanın tətbiq dairəsi birbaşa ifadə azadlığı daşıyıcılarıdır. Təsadüfi deyil ki, 2017-ci ildə bloqçu Mehman Hüseynov məhz 147.2-ci maddə ilə 2 il azadlıqdan mərhum edilib.

Yekunda vurğulamaq istərdim ki, məqsədim medianın praktik vəziyyətindəki problemləri saymaq yox, hüquqi mühitdəki yenilik və dəyişiklikləri canlandırmaq idi. 2017-ci ildə medianın hüquqi mühitinin mənzərəsi budur. Və əlbəttə ki, bu, 2018-ci ilə ümid vəd edən bir mənzərə deyil.///novator.az