Merkel Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

Merkel Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb

26-08-2018 13:35 / Bu xəbər 1682 dəfə oxundu

Turqut Qəmbər: ''Kanslerin Azərbaycandakı problemləri bildiyi göründü''

"Almaniya kimi dövlətin kanslerinin Azərbaycana səfər etməsi və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşü müsbət hadisədir. Bu, özlüyündə hansı məsələlərin müzakirə edilməsindən asılı olmayaraq müsbət sayılmalıdır”.

Bu fikirləri Meydan TV-yə Bakıda səfərdə olan Almaniya kansleri Angela Merkellə görüş iştirakçılarından biri NİDA-çı Turqut Qəmbər deyib.

Görüşdə T.Qəmbər, Xədicə İsmayıl, Əvəz Həsənov, Şəhla İsmayıl, Sevinc Səmədzadə iştirak ediblər.

Turqut Qəmbər deyir ki, xanım Merkellə görüşdə Qarabağ probleminin həlli, insan haqları, korrupsiya və siyasi problemlər müzakirə olunub.

"Ümumi baxımdan yanaşdıqda kanslerin Azərbaycandakı problemləri bildiyi göründü. Problemlərin həll olunacağını demək çətindir. Ancaq məsələlərin diqqətində olduğu sezildi. Məncə, kifayət qədər yaxşı görüş oldu”.

NİDA-çı özünün Angela Merkelə siyasi məhbuslar, insan hüquqları, siyasi fəaliyyətlə məşğul olmağın qeyri-mümkünlüyünə xatırlatdığını bildirib:

"Mən öz profilimə uyğun danışdım. Reaksiyaya gəlincə, bu tipli görüşlərdə dinləyirlər, ümumi cavablarla kifayətlənirlər, dövlət rəhbərləri diplomatik davranmalara üstünlük verirlər. Amma hiss olundu ki, ölkədəki durumdan xəbərdardır və laqeyd deyil”.

Turqut Qəmbər bu tipli görüşləri vacib saysa da, əhəmiyyətini şişirtməyin də tərəfdarı olmadığını hesab edir:

"Çünki ölkənin nicatı Azərbaycan xalqının özündədir. Hər hansı xaricdən daxili problemlərin həllini gözləmək lazım deyil”.

Görüş iştirakçılarından araşdırmaçı jurnalist Xədicə İsmayıl kanslerlə görüşdə medianın durumu, jurnalistlərin ölkədən çıxışına qadağaların qoyulması, vəkillərə təzyiqlər, həbsdəki jurnalistlər, korrupsiya və digər məsələlər haqda müzakirə apardıqlarını söyləyib:

"Kansler dedi ki, prezident Əliyevlə bəzi məsələri müzakirə edib, həmçinin İlkin Rüstəmzadə və Mehman Hüseynovun məsələsini qaldırıb. Merkel reaksiyanın necə olduğunu bilmədiyini desə də, Əliyev ona araşdıracağını söyləyib. Biz ona dedik ki, rəsmi Bakı məsələni belə qoyur ki, əgər Qərb onları dəstəkləməsə, alternativ radikal dindarlardır. Amma əslində vəziyyət fərqlidir, toplaşma azadlığı nisbətən məscidlər olaraq qalır. Hökumət birləşmə azadlıqlarını boğmaqla insanları dinə, yaxud dini təşkilatlara yönəldir”. 

Jurnalist deyir ki, Azərbaycandakı bir qism problemlər bölgədəki digər avtoritar ölkələrdə mövcud olduğundan kansler Merkel məğzi başa düşürdü, bəzi məsələlər haqda isə təfərrüatlı məlumata malik idi:

"O, regionda avtoritar rejimlərin fəaliyyət fəlsəfəsi ilə tanışdır. Mən ona korrupsiya faktlarını xatırlatdanda, bunların qəbuledilməz hallar olduğunu bildirdi. Sonra ona dedim ki, Azərbaycan Rusiyanın dövlət müəssisəsi və əsas silah ixracatçısı olan "Rosoboronexport” şirkəti ilə müqavilə imzalayandan sonra onu hava limanında qarşılayan Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlunun hesabına həmin şirkətdən pullar köçürülüb. Bu, ölkədə korrupsiya və bölgədəki sabitliyə təsir faktı kimi nəzərdən keçirilə bilər. Eyni zamanda, əlavə etdim ki, azad medianın fəaliyyəti bərpa olunmalıdır və əgər meqalayihələrə kretditlər ayrılacaqsa, mətbuatın, vətəndaş cəmiyyətinin bunların xərclənməsinə nəzarət mexanizminə şərait yaradılmalıdır”.

Almaniya Federativ Respublikasının Federal Kansleri Angela Merkel avqustun 25-də Azərbaycana səfərə gəlib. Prezident İlham Əliyevin və Kansler Angela Merkelin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü zamanı A.Merkel Azərbaycan prezidenti ilə müzakirə mövzularından birinin insan haqları olacağını deyib. Sonra dövlət rəhbərləri mətbuat konfransı keçiriblər.

Angela Merkel avqustun 25-də Bakını tərk edib.