Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

Mərkəzi Bank uçot dərəcəsini aşağı saldı

30-10-2018 16:33 / Bu xəbər 1819 dəfə oxundu

İlin əvvəlindən Mərkəzi Bankın valyuta ehtiyatları 207 milyon dollar artıb

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti 30 oktyabr tarixində uçot dərəcəsinin 10 faizdən 9,75 faizə endirilməsi haqqında qərar qəbul edib.

Bu barədə İdarə Heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında bildirib.

O qeyd edib ki, faiz dəhlizinin yuxarı və aşağı həddləri isə uçot dərəcəsinə ±2%-lik dəhlizdə (yuxarı hədd 11.75%, aşağı hədd 7.75%) müəyyənləşdirilib.

E.Rüstəmov qeyd edib ki, Mərkəzi Bank 9 aylıq inflyasiyanı 6-8 faiz aralığında proqnozlaşdırsa da, ötən müddət ərzində inflasiya 2,6 faiz olub.

"İnflyasiyanın həm xarici, həm də daxili risk amillərinin yumşalması fonunda Mərkəzi Bank cari ilə inflyasiyanın 3-4 faiz ətrafında olacağını proqnozlaşdırır”.

Baş bankir bildirib ki, uçot dərəcəsinin gələcəkdə dəyişdirilməsi inflyasiyanın səviyyəsindən asılı olacaq.

O, həmçinin bildirib ki, uçot dərəcəsinin aşağı salınması depozit faizlərinə siqnal olacaq.

Uçot dərəcəsinin aşağı salınmasının kredit faizlərinə təsiri barədə danışan E.Rüstəmov deyib ki, bu təkcə uçot dərəcəsindən deyil, müxtəlif digər problemlərdən də asılıdır.

"Kredit faizlərinə təsirin olması üçün islahatlar paketi var ki, burda da əsas hədəf həmin faizlərin aşağı salınmasıdır”, Mərkəzi Bankın rəhbəri deyib.

E.Rüstəmov bildirib ki, 29 oktyabr tarixinə Mərkəzi Bankın valyuta rezervləri 5 milyard 537 milyon dollar təşkil edib ki, bu da ilin əvvəlindən 207 milyon dollar artım deməkdir.

"Bunun 75 milyon dolları valyuta ehtiyatlarının idarəolunmasından əldə edilib”.

Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə 2018-ci ilin dekabr ayının sonunda müzakirə ediləcək.

İqtisadçı Natiq Cəfərli Elman Rüstəmovun bəyanatlarını şərh edərək, bildirib ki, baş bankir manatın və ümumiyyətlə iqtisadi stabilliyin neftin qiymətindən asılı olduğunu etiraf edib.

"Dua edək ki, beynəlxalq konyuktur həmişə belə olsun – həmişə siyasi gərginlik, müharibə təhlükəsi, ticarət savaşları davam etsin ki, bizim müqqədəs məhlulumuzun qiyməti baha olsun, yoxsa batarıq”.///Meydan.Tv