Mikayıl Cabbarov: Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb

Mikayıl Cabbarov: Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb

16-05-2018 14:15 / Bu xəbər 2291 dəfə oxundu

Vergilər naziri Qüdsə səfər edib

Qüdsdə mayın 15-də Azərbaycanla İsrail arasında iqtisadi əməkdaşlığın inkişafı üzrə hökumətlərarası komissiyanın ilk iclası keçirilib. Bununla bağlı Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov İsrailə gedib.

Hökumətlərarası iclasda nazir Cabbarov bildirib ki, İsrail və innovasiyalar bu gün sinonimlər olub:

"İnnovasiyalar hazırda təkcə kompüter texnikası sahəsində deyil, demək olar ki, insan fəaliyyətinin bütün sahələrində tətbiq olunur. Ona görə də mən şadam ki, Azərbaycan İsraillə əməkdaşlıqda yeni səhifə açıb və ümid edirəm ki, bizi çoxlu sayda birgə layihələr gözləyir”.

İsrail tərəfdən komissiyanın həmsədri, ətraf mühitin mühafizəsi naziri Zeev Elkin deyib ki, ölkəsinin Baş naziri və Azərbaycan Prezidentinin birgə qərarı ilə yaradılan bu komissiyaya böyük əhəmiyyət verirlər:

"Azərbaycan nümayəndə heyətinin tərkibinə bir çox nazirliklərin nümayəndələrinin daxil olması faktı İsrail ilə münasibətlərin inkişafının Azərbaycan üçün də böyük əhəmiyyətə malik olduğunu göstərir. Komissiyanın yaradılması çoxillik etibarlı əlaqələri ilə seçilən ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxaracaq və əməkdaşlığın yeni sahələrinin açılması üçün platforma olacaq”.

Bundan əlavə tərəflər tibb sahəsində birgə elmi tədqiqatların aparılmasının mümkünlüyünü və İsrailin yüksək texnologiyalar şirkətlərinə Azərbaycan investisiyalarının perspektivlərini müzakirə ediblər.

Məlumatı Trend.az agentliyi və digər saytlar yaysalar da, sonradan xəbəri səhifələrindən siliblər.

Mayın 15-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qəzza bölgəsində baş verənlərlə bağlı İsraili ittiham edib. O qeyd edib ki, başqa bir dövlətin Qüdsə müdaxiləsi ciddi fəlakətə yol açacaq:

"Artıq bu baş verir. 59 müsəlman həlak olub, 2 minə yaxını yaralanıb. 1990-cı ilin yanvarında biz bu təcavüzü yaşamışıq. İndi bu, orda təkrar olunur. Ermənilərin bizə təcavüzü də bunun eynisidir”.