Müsavata qərargahla bağlı xəbərdarlıq edildi

Müsavata qərargahla bağlı xəbərdarlıq edildi

15-12-2017 01:52 / Bu xəbər 2235 dəfə oxundu

Arif Hacılı: ''Görünür, hakimiyyət bir tərəfdən ReAL-ın qurultayının qarşısını almaq istəyir, digər tərəfdən də Müsavata təzyiq göstərir''

Dekabrın 14-də Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq göndərib. 

Məlumatı "Bastainfo”ya partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı verib.

Onun sözlərinə görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun imzası ilə təqdim olunan xəbərdarlıq məktubu ReAL Hərəkatının qurultayı ilə bağlıdır. 

ReAL dekabrın 17-də Müsavat Partiyasının qərargahında qurultay keçirməyi planlaşdırırdı. Onların bununla bağlı müraciətinə Müsavat Partiyasından müsbət reaksiya verilmişdi. Lakin Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xəbərdarlıq məktubunda deyilir ki, partiya belə bir qərar verə bilməz. 

Söhbət "icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən 2-ci əldən (subicarəyə) və ya hər hansı məqsədlə istifadəyə verilməsindən” gedir və bu halda müqaviləyə xitam veriləcəyi qeyd edilir. 

G.Aslanlı isə deyir ki, "Siyasi partiyalar haqqında” qanuna görə, dövlət siyasi partiyaların fəaliyyəti üçün şərait yaratağa borcludur: 

"Bundan əvvəl Müsavat Partiyasının Sumqayıt, Şəki, Gəncə, Şirvan, Lənkəran şəhərlərində və əksər rayonlarda olan qərargahları qanunsuz olaraq partiyanın əlindən alınıb. Müsavat qərargahın icarə pulunu vaxtlı-vaxtında ödəyir. Məktubu təqdim edən şəxslər də Müsavatın nümunəvi icarədar olduğunu qeyd etdi. Odur ki, müqaviləyə xitam verilməsinə heç bir əsas yoxdur. Biz ReAl Hərəkatına qurultay keçirmək üçün yeri icarə əsasında verməmişik ki, burada "subicarə” anlayışından istifadə edilsin. Bundan əvvəl İctimai Palatanın, Milli Şuranın, müxtəlif dövrlərdə AXCP-nin, Nida-nın, ictimai təşkilatların iclasları bu qərargahda keçirilib. Bu qərargah hazırda bütün müxalifətin istifadə edə bildiyi tək-tük məkanlardan biridir. Əslində hakimiyyət bu qərargahı əlimizdən alacaqsa, bütövlükdə müxalifətin qərargahını əlindən almış olacaq”.

Partiyanın başqanı Arif Hacılı Meydan TV-yə deyib ki, əslində, baş verənlər Müsavata təzyiq göstərmək üçün atılan addımlardır: "ReAL qurultay keçirmək niyyətindədir, müxtəlif rəsmi qurumlara müraciət etsələr də, müsbət cavab almayıblar. Nəhayət, bizim partiyaya da müraciət etdilər və biz razılıq verdik. Görünür, hakimiyyət bir tərəfdən ReAL-ın qurultayının qarşısını almaq istəyir, digər tərəfdən də Müsavata təzyiq göstərir, həm də iki təşkilatın münasibətlərinin yaxşılaşmasının qarşısını almaq üçün təzyiq edir. Bizim qərar isə qüvvədədir, dekabrın 15-də mənim "Bandotdel”ə çağrılmağım da bununla bağlı ola bilər”.     

Arif Hacılı deyib ki, başqa təşkilatlar qərargahda toplantı keçirərkən icarə haqqı ödəmirlər: "Əgər binadan hansısa otağı, zalı başqa təşkilata icarəyə versəydik, komitənin narahatlığını izah etmək olardı. Bu baxımdan komitənin irəli sürdüyü iddia qanuna əsaslanmır”.

ReAL oktyabrın 29-da qurultay keçirilməsi üçün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət etmişdi. Təşəbbüs Qrupu "Təbriz” və "Bakı” kinoteatrlarında və ya Bəhlulzadə adına Mədəniyyət Sarayında qurultay keçirilməsini istəmişdi.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi müraciəti rədd edərək bildirmişdi ki, təsis qurultayından ötrü istənilən məkanlardan "Təbriz” və "Bakı” kinoteatrları baş idarənin balansında deyil. Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi olacaq.

ReAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ ki, azadlığa buraxılmayıb. Amma 27 noyabrda göndərdiyimiz müraciətə cavab verilmədiyindən məhkəməyə şikayət göndərməyi müzakirə edirik”.