Müsavatın müşavirəsindən cəmiyyətə önəmli mesajlar – VİDEO

Müsavatın müşavirəsindən cəmiyyətə önəmli mesajlar – VİDEO

14-01-2017 23:47 / Bu xəbər 1628 dəfə oxundu

Yadigar Sadıqov: "2017-ci ildə siyasi dəyişiklik ehtimalı həmişəkindən daha realdır”

Bu gün Müsavat Partiyasının qərargahında respublika müşavirəsi keçirilib. Müşavirədə partiyanın rayon təşkilatlarının rəhbərliyi və fəalları iştirak edib.

İcra Aparatının rəhbəri Gülağa Aslanlının aparıcı olduğu iclasda Müsavat başqanı Arif Hacılı, partiyanın prezidentliyə namizədi İsa Qəmbər, Divan üzvləri Elman Fəttah, Vəfa Cümşüdlü, Yadigar Sadıqov, Səxavət Soltanlı, Məclis üzvləri Xasay Fərzulla, Valeh Hümmətoğlu, Əbülfəz Sadıxbəyli çıxış ediblər.  

Yüzlərlə müsavatçının iştirak etdiyi müşavirənin məqsədi nə idi və hansı mesajlar verildi?

"Basta”nın bu sualını cavablandıran Müsavat başqanının müavini Yadigar Sadıqov müşavirədə partiyanın qarşısında duran vəzifələrin müzakirə olunduğunu bildirdi:

"Müşavirədə Azərbaycandakı ictimai-siyasi, xüsusən də ağır iqtisadi vəziyyət müzakirə olundu. Hakimiyyətin fəaliyyətsizliyi, iqtisadi islahatlar adı altında kosmetik dəyişikliklər siyasəti tənqid edildi. Müşavirədə əsas vurğu ondan ibarət oldu ki, hakimiyyət vəziyyətin tələb etdiyi şəkildə köklü dəyişikliklərə getmək istəyinə və iradəsinə malik deyil. Artıq təkcə siyasi müxalifət və onun tərəfdarları deyil, cəmiyyətin daha geniş təbəqələrində də bu hakimiyyətlə davam etmənin mümkünsüzlüyü fikri hakim olmaqdadır. İqtidar ölkə daxilində bütün sosial dayaqlarını itirmiş və siyasi bankrot olmuşdur. Buna görə də 2017-ci ildə siyasi dəyişiklik ehtimalı həmişəkindən daha realdır”, – Yadigar Sadıqov bildirdi.

Yadigar Sadıqov qeyd etdi ki, müşavirədə çıxış edənlərin vurğuladı əsas məqam da ondan ibarət olub ki,  Azərbaycanda dəyişikliklərə nail olmağın ilk və ən vacib mərhələsi hakimiyyət dəyişikliyindən keçir: "Müsavat Partiyası da 2017-ci ildə fəaliyyətini bu istiqamətdə qurmaqda qərarlıdır. Ölkədə fəaliyyət göstərən demokratik düşərgənin təmsilçiləri ilə birlikdə hakimiyyət dəyişikliyinə nail olmaq üçün bütün qanuni və dinc vasitələrdən istifadə etmək əzmindədir”.

 

 

 

Mustafa Hacıbəyli

Bastainfo.com