Mustafa Hacıbəyli: "Bakı hava limanından geri qaytarıldım"

Mustafa Hacıbəyli:

01-11-2018 14:34 / Bu xəbər 1453 dəfə oxundu

Bastainfo.com saytının redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirir ki, oktyabrın 31-də ölkədən çıxışına icazə verilməyib.

Bu haqda AzadlıqRadiosuna danışan Mustafa Hacıbəyli vurğulayıb ki, onu Bakı hava limanından geri qaytarıblar. 

Redaktorun sözlərinə görə, ona deyiblər ki, baş prokurorluq ölkədən çıxışına qadağan qoyub.

Mustafa Hacıbəyli vurğulayıb ki, bir beynəlxalq konfransda iştirak etmək məqsədilə iki gunluk Gürcüstan paytaxtı Tbilisiyə getmək istəyib: "Gəncədə baş verən məlum olaylardan sonra, iyulun 7-də bəzi saytların girişinə blok qoyuldu. Bəzi yazılara görə də, fakt üzrə cinayət işi qaldırılmışdı. Həmin saytlardan biri də bastainfo.com idi. Həmin cinayət işi əsassız qaldırılıb. Məni şahid qismində istintaqa cəlb ediblər. Ölkədən çıxışıma qadağan qoyulduğu mənə bildirilməyib”.

Onun bu açıqlamasına hələ ki Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

Oktyabrın 31-də eyni zamanda Bakı Apellyasiya Məhkəməsi müxalifətyönlü bastainfo.com saytına ölkə içindən girişin məhdudlaşdırılması ilə bağlı aşağı məhkəmənin qərarını da qüvvədə saxlayıb.

İyulun 7-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Orada bildirilib ki, bu il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərovun Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı ilə əlaqədar bəzi media orqanlarının vəzifəli şəxsləri, ayrı-ayrı şəxslər internet vasitəsilə həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddələri ilə cinayət işi başlandığı bildirilib.

Prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az internet saytlarına girişin məhdudlaşdırılmasından ötrü Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət də edib.

Saytlar ittihamları qəbul etmirlər. Terrorda ittiham edilən Yunis Səfərovdan isə bu açıqlamaya münasibət almaq mümkün olmayıb.