''Narkodispanserdə siqaret çəkənləri cəzalandırır, hətta döyürdülər''

''Narkodispanserdə siqaret çəkənləri cəzalandırır, hətta döyürdülər''

19-09-2018 00:28 / Bu xəbər 1777 dəfə oxundu

Şahid: "Oranı Mamed yandırsaydı, onunla eyni palatada olan sabirabadlı oğlan oyanardı”

Respublika Narkoloji Mərkəzində 25 nəfərin öldüyü yanğına görə cinayət məsuliyyətinə cəlb olunan dörd nəfərin - Mərkəzin direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev, hadisə vaxtı orada müalicədə olmuş, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi sentyabrın 18-də davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə zərərçəkmişlər ifadə veriblər.

Hadisə zamanı həlak olmuş Kərim Sərkərovun atası Əlövsət Sərkərov deyib ki, oğlu hərbçi idi, içki asılılığına görə orada müalicə olunurdu: "Hadisə günü eşitdik ki, yanğın var. Getdik, ordan məlumat ala bilmədik, sonra öyrəndik ki, morqdadı".

Zərərçəkmiş Araz Məmmədov isə hadisə vaxtı Mərkəzdə müalicə olunurmuş: "Mən Mamedin (təqsirləndirilən Məhəmməd Məmmədovu Mərkəzdə "Mamed" dayı çağırıblar) otağında yanğın görməmişəm. Narkotikə görə 6 aylıq məcburi müalicəyə göndərilmişdim, 3 ay idi ordaydım. 9-cu otaqdaydım, Mamedin qaldığı otaq isə üzbəüzdəki 14-cü palata idi. Səhər saat 5-ə qalmış oyandım, 6-ya işləmiş üzümü yuyub qayıtdım. Bu vaxt xəstələrdən biri otağa girib dedi ki, yanğın var. Çölə çıxıb gördük 15-ci otaqdan tüstü çıxır, qapısı da biraz açıq idi".

Zərərçəkmiş bildirib ki, hadisə vaxtı saçları yanıb. Yanğın olan korpusdan qaçıb çıxanda təqsirləndirilən M.Məmmədov da onunla eyni vaxtda çıxıb: "Bir az sonra baxdım ki, Mamed yoxdu, çıxıb getmişdi. Bizi başqa korpusa aparmışdılar. Onun təqsiri onda oldu ki, qaçıb getdi. Bəlkə mən də qaçsaydım, indi Mamedin yanında oturmuşdum. Mamed sakit adam idi, kasıb biri kimi hamı ona hörmət edirdi. Oranı Mamed yandırsaydı, onunla eyni palatada olan sabirabadlı oğlan oyanardı. Onun ağrısı yox idi, səsə mütləq oyanardı".

A.Məmmədov əlavə edib ki, Mərkəzdə xüsusi yerlərdən kənarda, palatada siqaret çəkənlər cəzalandırılır, bəzən hətta döyülürdü.

Məhkəmə prosesi sentyabrın 21-də davam edəcək.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.

A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, ürəyindən əməliyyat olunub.///Meydan.tv