Nazirlik ''Stalinin ölümü'' komediyasını Azərbaycanda qadağan edib

Nazirlik ''Stalinin ölümü'' komediyasını Azərbaycanda qadağan edib

16-02-2018 16:45 / Bu xəbər 4302 dəfə oxundu

"Filmi təhqir sayıb, nümayişinə icazə vermədilər''

Rusiyada son bir ayda Böyük Britaniyanın istehsalı olan "Stalinin ölümü” kinokomediyasına qoyulan qadağa müzakirə mövzusuna çevrilib. Sənət adamları qadağanı senzura sayaraq bunun yolverilməz olduğunu bilsirsələr də, hökumət deyilənləri rədd edərək, filmin ölkə tarixinə təhqir sayıblar.

Film Rusiyanın müttəfiqləri Belarusda, Ermənistanda və Qazaxıstanda qadağan olunmasa da, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi filmin yayımını məqsədəuyğun hesab etmir. Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Aynur Nalbənd kult.az-a bildirib ki, "Stalinin ölümü” filmi ilə bağlı nazirliyə müraciət olunmayıb:

"Distribütorlar özləri də bilirlər ki, bu filmlə bağlı müəyyən problemlər var. Əvvəlcə "Stalinin ölümü”nün bir sıra xarici ölkələrdə yayımlanmasına icazə verilsə də, sonradan filmin ərizə forması geri çağırıldı və bununla bağlı cinayət işi açıldı. Belə qənaətə gəldilər ki, ekspertlər o filmə baxmalı və yenidən rəy verməlidirlər. Bunu bildikləri üçün bizə həmin filmlə bağlı heç bir sənəd təqdim etməyiblər. Yəni film Azərbaycanda qeydiyyatdan keçməyib. Bu da o deməkdir ki, "Stalinin ölümü” filminin ölkəmizdə nümayişinə razılıq verilməyib”.

"CinemaPlus”un direktoru Cəfər Axundzadə Meydan TV-yə deyib ki, onlar filmin Azərbaycanda nümayişi üçün bütün qanuni imkanlardan istifadə ediblər. Filmin Azərbaycanda nümayişi üçün müqaviləsi var, bütün sənədlər toplanıb yayım icazəsi alınması üçün nazirliyə təqdim edilib. Amma icazə verilmədi:

"Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinə icazənin verilməməsinin səbəbini soruşdum. Mənə dedilər ki, filmdə Böyük Vətən Müharibəsinin iştirakçıları, marşal Jukov bir az ələ salınıb, hər nə olsa da bu, bizim tariximizdir. Çünki 300 min azərbaycanlı həlak olub. Ona görə film onların ruhuna və ailələrinə təhqirdir. Bax, bunun üçün icazə verilmədi. Halbuki, film absurd komediyadır. Nədənsə, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsi bunu çox ciddiyə aldı. Digər tərəfdən Jukov və Stalin barədə tənqidi filmlər çəkilib, bunlar məlumdur. Düzdür, bütün dünyada yayım vəsiqəsini müvafiq nazirlik verir və bu, olmalıdır. Yəqin ki, bəzi qaydaları gözləmək lazımdır”. 

O qeyd edib ki, "CinemaPlus”a film seçəndə öz meyarlarını əsas götürür.

Cəfər Axundzadə

"Birinci sual film baxılacaqmı, ikinci, millətə təhqirlər varmı, yaxud prodüsserlərin kimliyi. Amma Mədəniyyət və Turizm Nazirliyinin meyarları var ki, "Stalinin ölümü” onlara cavab vermədi. Bəli, mən anlayıram. İmperiya dağılıb və Azərbaycanın sovet tarixini də müsbət hesab etmirəm. Çünki Azərbaycanı işğal ediblər”.

Cəfər Axundov bildirib ki, şirkət kimi ziyana da düşüblər:

"Çünki qanun çərçivəsində subtitorları, reklamları sifariş etdik. Buna görə maksimum səy göstərsəm də, filmin yayımına icazə ala bilmədim. Bilirsiniz, filmə baxmadığım üçün, nazirliyin təhqir olması barədə dediyinə şərh verə bilmərəm”.