Nobel Sülh Mükafatının qalibləri elan olundular

Nobel Sülh Mükafatının qalibləri elan olundular

05-10-2018 15:38 / Bu xəbər 1936 dəfə oxundu

Mükafat müharibə zonalarında seksual zorakılığa qarşı mübarizə aparanlara veriləcək

2018-ci il üçün Nobel Sülh Mükafatı Konqodan olan həkim-ginekolor Denis Mukveqe və İrakdan olan hüquq müdafiəçisi Nade Murada verilib.

Bu gün bu barərə mükafatın təqdim ediləcəyi Oslo şəhərində elan edilib.

Komitə qaliblərin həyatı haqqında da məlumat verib.

Hər iki laureat mükafata "Müharibə və silahlı münaqişələrdə seksual zorakılığın qarşısının alınması üçün səylərinə” görə layiq görülüblər.

Mukveqe ömrünün çox hissəsini Konqo Demokratik Respublikasında seksual zorakılığın qurbanlarına kömək etməyə həsr edib, Panzi hospitalını təsis edib.

N.Murad özü hərbi cinayətin qurbanı olub. O, milli azlıq olan yezidi kürdlərdəndir.

2014-cü ildə İŞİD İraqda N.Muradın yaşadığı kəndi ələ keçirdikdən sonra, orada olan qadın və qızları girov götürərək, seksual qul kimi saxlayıblar. Üç aydan sonra N.Murad terrorçulardan qaça bilib.

Sülh mükafatına bu il təxminən 311 namizəd var idi. Onların arasında ABŞ prezidenti Donald Tramp, hər iki Koreyanın liderləri Mun Çje İnu və Kim Çen Inu da var idi. Bunlardan başqa namizədlər arasında Roma Papası Fransisk, Səudiyyə Ərəbistanında məhkumluq həyatı yaşayan Raid Bədəvi, BMT Qaçqınların işləri üzrə Ali Komissarlığı qeyd olunmuşdu.

Beş Nobel mükafatə arasında Sülh mükafatı yeganə olaraq Oslo şəhərində təqdim olunur. Digər dörd Nobel mükafatı Stokholmda verilir.

Alfred Nobel özünün sonuncu vəsiyyətnaməsində qeyd edib ki, Sülh Mükafatı insanlığa əmin-amanlıq gətirmək, xalqlar arasında dostluq yaratmaq, sülhü qorumaq üzrə ən çox səy göstərmiş insana verilir.

Bundan ötrü o, özü Oslo şəhərini seçib. Bu da təsadüf deyil, çünki Nobel norveş parlamentarilərinin pasifist hərəkatına verdikləri töhvəni yüksək qiymətləndirib. Nobel komitəsi Norveçin nüfuzlu ictimai və siyasi xadimləri arasında seçilir. Komitə üzvlərinin seçimini Norveş parlamenti edir.///Meydan.Tv